Dezertir Vətənpərvərlər

Dezertir Vətənpərvərlər
  29 İyun 2015    Oxunub:20720
Aytək Məmmədli
Gazi Üniversiteti, Yüksek Texnologiyalar -Nanotexnologiya mühəndisliyi fakültəsini magistrantı,Türkiyə- Azərbaycan Qardaşlıq Topluluğunun sədri

Açığını deyim, facebookda təsadüfən rastıma çıxan bir polemika yazımın istiqamətini dəyişdi. Xaricdə təhsil alan azərbaycanlıların yaşam tərzindən, özlərini aparmalarından, təhsilə münasibətdən, digər xalqların nümayəndələrilə fərqimizdən yazacaqdım. Dedim, dezertir vətənpərvərlərdən yazım.

Açığı, burada hansı sözdə dırnaq işarəsinin qoyulmasını ayır edə bilmədim. Bunu buraxaq, biz- əlinə yeni qələm alanların əziyyətini çəkən redaktora (yazıq redaktorlar), keçək mətləbə.

Son günlərdə Azərbaycanda olduğu kimi, Türkiyədə də təhsil alan azərbaycanlıların diqqətini cəlb edən, dildən düşməyən mövzu Türkiyə universitetlərində təhsil alan üç azərbaycanlı tələbənin PKK sıralarına qoşulması ilə bağlı video-çarxın nümayişi oldu. Hərçənd orada olanlardan yalnız biri azərbaycanlı olduğunu etiraf edir. Lap olsun, bir azərbaycanlı, bu da çoxdur. Azərbaycan digər ölkələrdə təhsil alan tələbələrin hansısa terror təşkilatına qoşulmaması, ölkəmizin mənafeyinə zidd olan hansısa addım atmaması üçün onları davamlı olaraq nəzarətdə saxlamaq mümkün deyil.

“Belə bir nəzarət mexanizminin tətbiqi mümkündürmü?” sualına isə rəsmilər cavab verərlər, hər halda. Mənim söhbətim isə başqadır. Diqqətinizi çəkən “dezertir vətənpərvərlər” oldusa buna aydınlıq gətirməyə çalışaq. Azərbaycan dilinin qramamtikasında əks mənalı sözlərin birləşməsinə oksyumoron deyilir. Misal üçün, Qoqolun “Ölü canlar”, “Canlı meyit”, “gənc qocalıq” və s . birləşmələr kimi.

Nədənsə, dezertir deyən ki, yadıma məşhur Azərbaycan filmi “Bizim Cəbiş müəllim”dəki “dezertir” düşür. Müharibəyə yarasız olsa da vicdan əzabından qovrulan Cəbiş müəllim. Bir də atasının müharibəyə getmədiyindən xəcalət çəkən oğul. “Yeməyimiz var, dolanışığınmız yetərlidir, ata-ana sağ, yaşayırıq da özümüzü üçün”- deyib yaşaya bilərdi. Amma hər gün bir qonşuya “qara kağız” gəldiyi halda atanın sap-sağlam evə olması oğulu mənən məhv edir. “Hamının atası döyüşür, bəs sən niyə döyüşmürsən?” sualı tərs şillə idi cəmiyyət üçün, özünü bu müqəddəs savaşda kənarda saxlayan üçün, nə bilim hamı üçün. İctimai qınaq, kütlənin təzyiqi var idi. İndi zəmanə dəyişib, dəyərlər başqadır.

“Sən hərbi xidmətdə olmamısan, səninlə ailə qura bilmərəm” deyən qızı yəqin ki, ilk olaraq pisixi durumunu yoxlamaq üçün xəstəxanaya apararlar, sonrasını da ki, Allah bilir. Məncə, biz vətənpərvərlik məvhumunu da çox dartıb, deformasiyaya uğratmışıq. Himn çalınır- gözlər yaşarırsa, mütləq vətənprəvərsən! Facebookda bayraqla foton varsa, sənə həsəd aparmaq olar, Uilyam Vallassan ki, durmusan. Vətən haqda pafos, bəlağətli çıxış edə bilirsənsə, qeybət ortaqların olan xanımları kövrəltdinsə, vəssallam, Çanakkale döyüşündə iştirakına şübhə yoxdur. Minimumu etməmiş, maksimumdan danışanlarıq. Bünövrəsiz ev kimi. Natamamlıq kompleksi var.

Gözəl bir atalar deyimimiz var : “Qazan deyir dibim qızıldı, çömçə deyir gəzib gəlmişəm”. Xaricdə təhsil adı ilə gəlib, dörd illik balakavrı 6-7 ilə qədər uzadanlar sanki biz deyilik? Uzadan və uzanan gəncliyimizdir. Və düşünün, onlar Allah etməmiş sabah Azərbaycanın gələcəyi olacaqlar. Təsəvvür edin, sabah bunlar özlərindən kiçiklərə öyüd-nəsihət verəcəklər, oxumağı tövsiyə edəcəklər, ağıllı olmaqlarını, Vətəni sevməyi bacarmağı tapşıracaqlar, daha nələri-nələri göz yaşı içində deyəcəklər.

Qəhrəmanlıq obrazı əllə düzəldikdə (kustar üsulla) eybəcər görünür. İnsanın dediyi sözlə əməli üst-üstə düşmürsə onun dediyi heç vaxt hədəfə çatmaz. Belələri qrup halındadılar. Başqalarına yuxarıdan aşağı baxarlar. Öz arallarında danışarkən ana dilindən istifadə etməzlər. Əcnəbi tələbənin Azərbaycan tarixindən verdiyi sual qarşısında gözünü döyən, “nəyimə lazımdır” deyib yaxasını yana çəkənlər, di gəl ki, 20 yanvar, Xocalı tədbirlərində bir göz yaşı töksünlər, bir sifət alsınlar, gəl görəsən. Elə gözəl, elə diplomatik danışarlar ki, Erikson hipnozu heç nə olar yanında. Tədbir gedə-gedə sosial şəbəkələrdə şüarlar parta-part, fotolar sel kimi axır, alqışların isə ardı-arası kəsilmir. Oğuldur, etdi! Gördünüz? Bax, adama təsir edən də budur.

Milli Məclsiin spikerinin xaricdə təhsil alanlarla bağlı məşhur çıxışını dinlədim və əks tərəfin sosial şəbəkələrdə əbəs yerdən başlatdıqları səs-küyü, ajiotajı, stəkəndakı fırtınanı görüb əvvəl məəttəl qaldım, sonra özüm üçün ayırd etdim, daha sonra qərara gəldim. Bu insanlar dezertir vətənpərvərlərdilər. Urapatriotçular. Xaricdə təhsilin zəif nöqtələrini özündə hiss edən bir tələbə kimi deyirəm ki, bu sahədə nizamlama mütləq lazımdır. Belə olarsa azərbcaynalı tələbə silahlı qruplaşmalarda adımızı batıracaq işlə məşğul olmaz.

Belələri dövlət tərəfindən xaricdə təhsil üçün təqaüd alan gəncə rahatlıqla “yaltaq” deyə bilirlər. Dözürük. Belələri bacarıqsızlıqlarını aşırı üstünlük kimi cəmiyyətə sırıyırlar, dözürük. Amma bizim dövlətə qarşı çıxan xarici donorlarla əməkdaşlığa belə gedirlər, buna dözə bilmərik. Savadı heç ibtidai sinif şagirdi səviyyəsində olan birisi təqaüd ayrılmadığı üçün dövlətini söyür, buna isə dözmürük, dözə bilmərik. Biz bu dövlətimizin əsgərləriyik, dezertirlər deyil. Fərqimiz zatən göz önündədir.


Teqlər:  





Xəbər lenti