Avropanın başına düşən nar

Avropanın başına düşən nar
  29 İyun 2015    Oxunub:5145
Nicat Dağlar

Elə bilirsiniz, Bakıda Yay Olimpiya Oyunları keçirilsəydi onun əleyhinə yazılar sıralanmayacaqdı? Sıralanacaqdı. Elə bilirsiniz, sabah Azərbaycanda futbol üzrə Dünya Çempionatı keçirilərsə, onun əleyhinə çıxış edənlər tapılmayacaq? Tapılacaq! Elə bilirsiniz, Baron Pyer de Kuberten əntiq dövrün qalıqlarından ruhlanıb, müasir dövrün Olimpiya Hərəkatının əsasını qoyarkən daş-qalaq olunmayıb? Olunub!


Elə bilirsiniz, onun bu təşəbbüsü 1894-cü ildə Sarbonda keçirilmiş Konqresdə rəsmən dəstəklənəndən sonra hamı Olimpiya sevdalısına çevrilib? Çevrilməyib! Elə bilirsiniz, 1896-cı ildə Afinada keçirilmiş ilk müasir Olimpiya Oyunlarından sonra bu idman yarışlarına ev sahibliyi etmək üçün ölkələr növbəyə düzülüb? Düzülməyib! Elə bilirsiniz.. Elə bilirsiniz...

Xeyr, bu hərəkatı ölkələrin qəbul etməsi asan başa gəlməyib. İndi bütün dünyanı öz bayrağı altında birləşdirən Olimpiya Hərəkatının ayaqda durması və təşəkkül tapması olduqca mürəkkəb tarixi prosesin nəticəsidir. Hətta 1900-cü ildə Parisdə, 1904-cü ildə Sent-Luisdə təşkil olunmuş Olimpiya Oyunlarına marağın katastrofik dərəcədə az olması bu oyunların gələcək taleyini sual altına qoydu. Yalnız 1912-ci ildə Stokholmda keçirilmiş Olimpiya Oyunlarına incəsənət nümunələrinin sərgisini əlavə etməklə yarışlara dünyanın diqqətini cəlb etmək mümkün oldu...

* * *

Ümumiyyətlə, bütün dövrlərdə və bütün cəmiyyətlərdə ilk nümunələr bədxahların “süngüsü” ilə qarşılaşıb. İstər idmanda olsun, istərsə də digər sahələrdə, ilklərə heç vax kütləvi şəkildə qucaq açılmayıb. İnsanlar ilk nümunələri yaradanları dar ağacına qədər aparıb, ağlasığmaz işgənclərə əl atıb, ən yaxşı halda isə təhqir edib, onları cəmiyyətdən təcrid ediblər.

İndi adamlar xaç çevirir, ata, oğul və müqəddəs ruhun adına dualar oxuyurlar, amma tarixin dərinliklərində İsa Məsihi məsxərəyə qoyub gülüblər, “başdanxarab” adlandırıb, özlərinə yaxın buraxmayıblar... İndi adamlar namaz qılır, oruc tutur, yeri-göyü xəlq edən Alaha ibadət edirlər, amma tarixin dərinlikərində Məhəmməd Peyğəmbərə(c), onun təbliğ etdiyi sonuncu kitaba - Qurana qarşı müharibə elan edib, qətliamlar törədiblər. İndi dahi Üzeyir bəy Hacəbəyov Azərbaycan klassik musiqisinin banisi hesab olunur, amma o, şərqin ilk operasını – “Leylı Məcnun”u yazanda yaramaz və başıboş adamların qınağına tuş gəlirdi, haqqında təhqir dolu məqalələr dərc etdirir, üstünə ağlı topuğunda olan qoçuları göndərirdilər. Amma baxın, “Leyli və Məcnun” bu gün də səhnənədir və hər bir tamaşası anşlaqla keçir.

Beləcə çox misallar göstərə bilərik ki, ilklərin, ilk təşəbbüslərin cəmiyyət tərəfindən əvvəlcə sərt reaksiyalarla qarşılaşdığını xatırlatmış olaq. Təəssüf doğuran hal odur ki, məsələn, Cordano Brunonu "tərs və dəyişməz kafir" kimi yandırmış ibtidai təfəkkürün daşıyıcıları günümzdə də var və onlar hələ də ilk nümunələrə belə primitiv tərzdə yanaşırlar. Bu adamları dəyişmək mümkün deyil. Zevs də Olimp dağlarından aşağı düşsə, yenə heç bir dəyişiklik baş verməyəcək...

* * *

`Bakı 2015` - İlk Avropa Oyunlarına qarşı bəzilərinin apardığı kampaniyada da əslində təəcüblü heç nə yoxdur. Dilletantların “Nəyə lazım idi?” kimi sualları həmişə olub və bu suallar məsələnin mahiyyətinə varmaq istəməyənlərin ilk təşəbbüslərə müəlliflik edənlərə münasibətdən – qərəzdən və paxıllıq elementlərinin doğurduğu hikkədən irəli gəlib. Əslində “Niyə məhz o?”, “Niyə məhz onlar?” demək istəyirlər...

“Olimpiya Oyunları varkən, Avropa Oyunlarına ehtiyac yoxdur”. Bu tezis Avropa Oyunlarına qarşı yönəlmiş yazılarda ana xətt kimi keçir. Bu məntiqlə gərək bu gün idmanın ayrı-ayrı növləri üzrə dünya çempionatları keçirilməyəydi. Lütfən, I Avropa Oyunlarının qəsdinə duranlardan kimsə qabağa durub cavab versin: Olimpiya Oyunları varkən dünya çempionatlarının keçirlməsi hansı zərurətdən irəli gılib? Dünya çemionatları varkən Dünya kuboku yarışlarına nə ehtiyac var? Dünya çempionatları varkən Avropa çempionatları keçirməyin mənası nədir? Avropa Çempionatı varkən müxtəlif beynəlxalq turnirlər niyə keçirilir? Yaxud futbol üzrə bir vaxtlar Kuboklar Kuboku yarışları keçirildiyi halda, klubları UEFA Kuboku uğrunda yarışlara niyə cəlb edirdilər? Götürək bizim hamımızın maraqla izlədiyi Çempionlar Liqasını. Bu varkən Avroliqa artıq görünürmü?..

Bax, dünya çempionatları varkən Avropa çempionatlarının keçirilməsi hansı zərurətdən irəli gəlibsə, Olimpiya Oyunları varkən Avropa Oyunlarının keçirilməsi də məhz həmin zərurətdən doğub. Vaxt gələcək bu oyunlar Avropa qitəsinin Olimpiya oyunları kimi möhkəmlənəcək və bu yarışlara ev sahibliyi etmək üçün ölkələr bir-birilə mübarizəyə qalxacaqlar. Bakı bunun üçün çox yaxşı ənənələr yaratdı, bütün ölkələrin yararlanacağı nümunələr ortaya qoyub, ən yüksək Olimpiya standartları tətbiq etdi. Azərbaycan bununla sübut etdi ki, Olimpiya Oyunlarını da eyni uğurla keçirə bilər.

* * *

I Avropa Oyunları bizə heç vaxt yaşamadığımız hissləri yaşatdı. Sevinirəm ki, övladlarımın ilk dəfə azarkeş kimi iştirak etdiyi böyük idman yarışı məhz I Avropa Oyunları oldu. `Bakı-2015` onların yaddaşından heç vaxt silinməyəcək. Çünki ilk dəfə məhz bu yarışlarda “Azərbaycan! Azərbaycan!” deyib idmançılarımızı qələbəyə səslədilər. İlk dəfə məhz bu yarışlarda onlarda vətən sevgisini duydum. Bu sevgi idmançılarımızın uğursuz çıxışı zamanı onların gözündən gilə-gilə süzülürdü... Onlar bayrağımıza bürünüb Himni oxuduqları zaman bu sevginin səsini eşidirdim...

Bu sevgi onları qələbə arzusu ilə hər gün evdən çıxarıb idman arenalarına aparırdı. Bu sevgiylə onlar hər gecə medallarımızı saydılar və “Ata, Almaniya bizə çatır...”, “Ata, ingilislər bizə yaxınlaşır..” kimi həyacan dolu xəbərlərə üstümə qaçdılar... İnanıram ki, Azərbaycan adına sevinən bütün ailələrdə eyni ab-hava hökm sürüb. Bu sevinci, bu qürur hissini bizə bəxş etmiş insanların hər birinə sonsuz təşəkkürlər!

P.S. Bakı Avropanın başına NAR atdı və bu nar dünyaya yeniliklər bəxş etmiş alma kimi tarixə düşəcək. Bu nar Avropanın idman tarixinin yeni mərhələsini açacaq...


Teqlər:  





Xəbər lenti