Oyunlar başa çatdı, oyunlar davam edəcək...

Oyunlar başa çatdı, oyunlar davam edəcək...
  29 İyun 2015    Oxunub:3638
Birinci Avropa Oyunları başa çatdı. Möhtəşəm açılış, eyni səviyyədə də bağlanış. Yadda qalan çox şey oldu. İlk dəfə bu cür məsuliyyətli bir yarışa ev sahibliyi edən Azərbaycan heç kəsin tarixdən silə bilməyəcəyi bir ilkə imza atdı.

Maraqlıdır, bu yarışlar görəsən kimin yadında necə qalacaq? Yəqin ki, hamı üçün ən mühüm olanı Azərbaycanın 56 medal qazanmaqla 50 ölkənin arasında ikinci sırada yer tutması oldu. Avropanın güclü idmançılarının 2016-cı ilin Olimpiya oyunları qarşısında verdiyi hesabatda ölkəmizin 2-ci yer tutması, sözsüz ki, rəqibləri narahat etdi. Çünki artıq Avropada Rusiyadan sonra ikinci güclü bir idman dövləti yaranıb. Bunu `Bakı-2015` Avropa Oyunlarının naticəsi olaraq deyirəm. Fakt göz qabağındadır.

Kimin üçünsə bu yarışlar Azərbaycan qonaqpərvərliyi, mətbəxi, tarixi, memarlıq abidələrilə yadda qaldı. Çünki bu yarışlarla bağlı ölkəmizə minlərlə turist gəlmişdi. Nə məqsədlə gəldiyindən asılı olmayaraq, hamısı da sonda Azərbaycana və azərbaycanlılara vurğunluğunu gizlədə bilmədilər. Təbii ki, su bulandıranlar, özünü əcnəbilərin yerinə qoyub, öz millətimizə xəyanət edənlər də tapıldı. Amma bu, dənizdə damla idi. Çünki tədbirə dövlət səviyyəsində o qədər məsuliyyətlə hazırlıq görülmüşdü ki, bəzi vətəndaşlar belə, bunu gözləmirdilər.

Yarışın kimin üçünsə yadda qalan epizodlarından biri zədəli idmançımızı çiyninə alıb, tibbi yardım üçün həkimə aparan belorusiyalı cüdoçunun centlmenliyi də ola bilər. Təsiredici məqam idi.

Əslində rəsmi Bakı Avropa Oyunlarını məhz bu amala - ədalətə, insanpərvərliyə, dostluğa, bir-birinə çətin məqamda yardım etmə kimi humanist hisslərin tərbiyəsinə kökləmişdi. Məqsəd bu idi. Buna isə nail olundu.

Bir neçə metr hündürlükdən yıxılan gimnastı göydə tutan azərbaycanlı könüllü bu addımı atanda fədəkarlıq edəcəyini fikirləşmirdi. O, sadəcə bir gənci, idmançını, bu gün dövlətləri, siyasətçiləri səviyyəsində heç də bizə qarşı birmənalı münasibət göstərməyən avropalını xilas etməyi qarşısına məqsəd qoymuşdu. Axı biz azərbaycanılar üçün qonaq Tanrının göndərdiyi ən dəyərli, “göydəndüşmə” varlıqdır.

Bu milli dəyəri maksimim dərəcədə hamılıqla sərgiləyə bildik. Amma təəssüf ki, biz Avropa Oyunlarında öz sağlam rəqabətli idman prinsipimizi, qonaqpərvər ev sahibliyimizi və fiziki hazırlığımızı nümayış etdirəndə Avropanın bəzi dövlətləri və siyasətçiləri Azərbaycana qarşı öz “oyunlarını” sərgiləyirdilər. Qarayaxma, ara qarışdan qadınlar kimi ikiüzlülük, qısqanclıq, burada etik cəhətdən yazmaq istəmədiyim daha nələr, hansı hərəkətlər gördük bu ərəfədə avropalı siyasətçılərdən.

Bir məsələ adama qəribə gəlir: yəni bu qədər nəhəng, vaxtilə dünyanı bölüşdürən Avropa dövlətləri, Avropa Birliyi Azərbaycandan ehtiyat edirmi? Niyə edir? Əgər gücündən - iqtisadi inkişafından çəkinirsə, biz bu gücü Avropa Oyunlarında sərgilədik - yəni göstərdik ki, biz öz pullarımızı məmnuniyyətlə dostluq və birlik üçün xərcləyirik. Yoxsa avropalı , daha dəqiqi, almanlar sayaq kimisə qonaq çağırıb, sonra da pulun yarısını qonağımıza “yükləmirik”. Bir sözlə, dünyaya “nemeçski şot” kimi bir ifadəni gətirməmişik.

Avropanın Azərbaycana qarşı qısğanclığının səbəbi konkret faktlara söykənmir. Dərsini bilməyən uşaq kimi, elə bəhanələr gətirilir ki, bişmiş toyuğun da gülməyi gəlir. Gah insan haqlarının pozulmasını, gah özlərinə işləyən yerli xəyanətkarların ifşasını siyasiləşdirməyi, söz azadlığının pozulmasını, nə bilim nəyi-nəyi bəhanə gətirilər. Birinci Avropa Oyunlarını ciddi-cəhdlə baykot eləməyə çalışmaq isə Qərbin –Avropanın doğurdan da qocaldığını, deyingən, paxıl bir qarıya döndüyünü göstərdi.

Azərbaycada keçirilən Avropa Oyunları başa çatdı. Amma Avropanın bizə qarşı oyunları başa çatmayacaq. Bunu əminliklə deyirəm. Çünki `Bakı-2015`i baykot cəhdi uğursuzluğa və fiaskoya düçar oldu. Amma qarşıda Azərbaycanda Parlament şeçkiləri gəlir. Sözsüz ki, növbəti hədəf bu seçkilər olacaq. Lap indidən proqnoz vermək olar: Bu seçki ərəfəsində Avropanın siyasətçiləri, dövlət xadimləri, QHT rəhbərləri, nə bilim kimləri mütləq özlərini Avropa Oyunlarındakı kimi aparacaqlar. Çünki onlar üçün Şərqdə yaranan Azərbaycan kimi demokratik, tolerant, zəngin, yeni sürətli inkişaf modeli yaradan müasir dövlət , imperialist düşüncəli Avropaya sərf eləmir.

Səməd Canbaxşıyev
AzVision.az üçün



Teqlər:  





Xəbər lenti