Seçicilərin sayı açıqlandı

Seçicilərin sayı açıqlandı
  27 May 2015    Oxunub:1414
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib.
Azərbaycan üzrə seçicilərin daimi siyahısının tərtibinə dair keçirilən iclasında çıxış edən MSK sədri Məzahir Pənahov bildirib ki, Azərbaycanda 5 milyon 93 min 289 nəfər seçici var. Seçicilərin 51, 7 faizi qadın, 48,3 faizi isə kişidir. Ölkə üzrə yenidən tərtib olunmuş vahid seçicilər siyahısı MSK-nın rəsmi internet səhifəsində yerləşdirilərək ictimailəşdiriləcək.

MSK Katibliyi İnformasiya Mərkəzinin müdiri Rüfət Gülməmmədov isə deyib ki, seçicilərin daimi siyahısı yanvar ayından başlayaraq məntəqə seçki komissiyaları tərəfindən müvafiq seçki məntəqələri üzrə yenidən tərtib edilərək fevralın 5-dək dairə seçki komissiyalarına verilib.

O bildirib ki, 125 seçki dairəsinin komissiyalarını birləşdirən yeni yaradılmış lokal şəbəkənin yaratdığı sürətli və təhlükəsiz informasiya mübadiləsi seçici siyahılarının ümumiləşdirilməsi prosesi intensivləşdirilib və seçici məlumatlarının keyfiyyətli təhlili təmin edilib: “Lokal şəbəkə üzərindən qurulmuş videokonfrans sistemi vasitəsilə dəqiqləşmə prosesi zamanı ortaya çıxan suallar online rejimdə operativ şəkildə dairə seçki komissiyaları ilə müzakirə edilib və müvafiq addımlar atılıb”.

Bununla da MSK-nın ilin birinci yarısında əsas fəaliyyəti başa çatıb.

Qeyd edək ki, Azərbaycan üzrə vahid seçicilər siyahısının tərtib olunması prosesinə yanvar ayının əvvəllərindən başlanıb. Seçki qanunvericiliyinə görə, vahid seçicilər siyahısının tərtib edilməsi ilkin olaraq, məntəqə seçki komissiyaları tərəfindən aparılır. Bu proses məntəqə seçki komissiyaları tərəfindən qanunla nəzərdə tutulmuş müddətdə seçki məntəqələrinin hüdudlarında həyata keçirilir.

AzVision.az


Teqlər:





Xəbər lenti