İlham Əliyev və xanımı istirahət mərkəzində - Fotolar

İlham Əliyev və xanımı istirahət mərkəzində - Fotolar
  26 May 2015    Oxunub:5574
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva mayın 26-da “Dalğa Beach-Aqua Park” ailəvi istirahət mərkəzinin açılışında iştirak ediblər.

Ailəvi istirahət parkında yaradılan şəraitlə bağlı dövlətimizin başçısına məlumat verildi.

Qeyd edildi ki, “Dalğa Beach-Aqua Park” ailəvi istirahət mərkəzinin ümumi sahəsi 68 min kvadratmetrdir. Ərazisinə görə bu, Azərbaycanda ən böyük Aqua Parkdır. Xəzər dənizinin sahilində yerləşən istirahət mərkəzi nəfis tərtibatda, özünəməxsus üslubda inşa olunub. İstirahət kompleksində ümumi sahəsi 12 min kvadratmetr olan 7 hovuz yaradılıb. Bu hovuzlarda süni dalğalar vasitəsilə qonaqlar sörfinqlə məşğul ola biləcəklər.

Dövlətimizin başçısı və xanımı dənizin içində inşa edilmiş “Mayak” restoranında da oldular. Bu iaşə obyekti xidmətin orijinal təşkili ilə yanaşı, Bakının köhnə mayaklarının arxitektura üslubunda tikilməsi ilə də diqqəti cəlb edir. Buradan Xəzərə açılan mənzərə istirahətə gələnlərdə xoş ovqat yaradacaq.

İstirahət mərkəzində 26 min kvadratmetr sahəsi olan çimərlik zonası da yaradılıb.

“Dalğa Beach-Aqua Park” ailəvi kompleksdə VIP-house da inşa olunub. Burada müştərilərin rahatlığını tam təmin etmək məqsədi ilə hərtərəfli şərait yaradılıb. VIP-house-un pəncərələrindən Xəzər dənizinə və istirahət mərkəzinə gözəl mənzərə açılır.

Təmiz hava və füsunkar dəniz mənzərəsinə malik “Dalğa Beach-Aqua Park” ailəvi istirahət mərkəzi yerli və xarici turistlərin sevimli əyləncə və istirahət məkanına çevriləcək. Bu obyektin istifadəyə verilməsi Bakının turizm potensialını artırmaq və şəhərimizə gələn qonaqların istirahətini mənalı təşkil etmək baxımından da mühüm əhəmiyyət daşıyır. Belə müasir infrastrukturla təchiz edilən ailəvi istirahət məkanının “Bakı-2015” İlk Avropa Oyunları ərəfəsində açılması bu yarışlarla bağlı paytaxtımıza gələn turistlərdə ölkəmiz haqqında yaranacaq təəssüratları daha da zənginləşdirəcək.

AzVision.az

Qalereya




Teqlər:  





Xəbər lenti