Bakını üzləyən şirkət avropalıları da aldadıb

Bakını üzləyən şirkət avropalıları da aldadıb
  23 May 2015    Oxunub:2972
Bakının Binəqədi rayonunda 16 mərtəbəli binanın yanmasına və 15 nəfərin həlak olmasına səbəb olmuş üzlükləri istehsal edən “Global Stone” MMC şirkətinin təhlükəli üzlüklərə sertifikatları necə alması istintaq və media tərəfindən araşdırılır.
Virtualaz.org saytı xəbər vermişdi ki, şirkət istehsal etdiyi poliuretan məmulatlarının təhlükəsizliyinə zəmanət verən sertifikatlardan birini Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən 2012-ci ildə alıb. 2013-cü ildə həmin sertifikatın müddəti başa çatıb. Komitənin yenisini verdiyi barədə məlumat yoxdur.

Eləcə də “Global Stone” MMC tikinti materiallarının təhlükəsizliyinə zəmanət verən və FHN-in nəzdində fəaliyyət göstərən İnstitutdan poliuretan üzlüklərin təhlükəsiz olduğuna dair zəmanət alıb.

Həmçinin məlum olub ki, şirkətin yalançı sertifikatları bununla bitmir. “Global Stone” 2012-ci ildə Avstriyanın “TÜV Austria” şirkətindən istehsal etdiyi poliuretan məmulatlarına CE sertifikatı alıb.

Bu sertifikatı Bakıda “TÜV Austira” ofisinin departament müdiri Stefan Vallner və həmin şirkətin Türkiyə təmsilçiliyinin baş direktoru Cihan Önder təqdim ediblər.

Onlar “Global Stone” şirkətinin istehsal sahələri ilə tanış olduqdan sonra üzlüklərin Avropa standartlarına cavab verdiyini göstərən sertifikatı veriblər.

CE sertifikatı bu xüsusi işarənin vurulduğu mal və məhsulların Avropa İttifaqının (Aİ) əsas direktivlərinə uyğun gəldiyini, məhsulun insan sağlamlığına və istehlakçıların təhlükəsizliyinə ziyan törətmədiyini təsdiqləyir. CE Avropa ölkələrində məhsulun insan sağlamlığına, təhlükəsizliyə, ətraf mühitə təhdid yaratmadığını təsdiq edən yeganə nişandır.

Lakin son vaxtlar Avropa ölkələrində CE nişanı daşıyan məhsullar arasında saxtalarının artması Aİ-ni xüsusi direktivlə çıxış etməyə və üzv ölkələri belə nişan daşıyan məhsulları yoxlamadan keçirməyə çağırmağa məcbur edib.

Belə görünür ki, “Global Stone” yanar üzlüklərə CE standartı alarkən ya “TÜV Austria” şirkəti ilə cinayətkar sövdələşməyə girib, ya da sertifikat almaq üçün normalara cavab verən məhsul nümunəsi təqdim edərək istehsalı öz bildiyi kimi aparıb.


Teqlər:





Xəbər lenti