DİN-dən yanğınla bağlı açıqlama

DİN-dən yanğınla bağlı açıqlama
  22 May 2015    Oxunub:1978
Mayın 19-u Bakı şəhərinin Binəqədi rayonunda yerləşən 16 mərtəbəli yaşayış binasında baş vermiş yanğında xilasetmə işlərində digər aidiyyəti qurumlarla yanaşı, Daxili İşlər Nazirliyinin Daxili Qoşunları da xüsusi fəallıq göstərib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, zərərçəkmiş şəxslərin xilas edilməsində helikopter eskadrilyasının ekipajı və "N" saylı hərbi hissənin xüsusi təyinatlı dəstəsinin 9 hərbi qulluqçusu cəlb olunub, bina sakinlərinin təxliyə edilməsi üçün xilasetmə əməliyyatı keçirilib. Ekipaj üzvləri eskadrilyanın komandiri polkovnik-leytenant Mirzə Fərəcov, pilot-şturman mayor Rüfət Bağırov, bort-texnik kapitan Sabir Səfiyev tərəfindən hadisə yeri öyrənilib, qiymətləndirilərək helikopter 30 metrə yaxın hündürlükdə, 16 mərtəbəli binanın damına yaxınlaşdırılıb.

Bundan sonra xüsusi təyinatlı dəstənin 3 hərbi qulluqçusu – qrup komandiri leytenant Anar Mahmudov, yarımqrup komandiri gizir Eldar Məmmədov, çavuş Şamil Kərimov alpinist ipləri və kanatlar vasitəsilə binanın üstünə enərək xilasetmə işlərini həyata keçiriblər.

Qeyd etmək lazımdır ki, xilasetmə işlərində yüksək mərtəbəli binanın damına helikopter vasitəsilə yaxınlaşaraq vətəndaşların təxliyəsi üzrə xilasetmə işləri ilk dəfə aparılıb və Daxili Qoşunların hərbi qulluqçuları buna müvəffəq olublar.

Hərbi anda sadiq qalaraq, xidməti vəzifə borclarını layiqincə yerinə yetirərək, vətəndaşların həyatını xilas etmiş bütün hərbi qulluqçular daxili işlər naziri tərəfindən mükafatlandırılıb. Mükafatların təqdim olunma mərasimində daxili işlər nazirinin müavini - Daxili Qoşunların komandanı daxili işlər nazirinin xilasedicilərə təşəkkürünü çatdıraraq, onların şücaətinin bir çox hərbi qulluqçulara nümunə olmasını qeyd edib. Daha sonra komandan əminliklə bildirib ki, Daxili Qoşunlar bundan sonra da qarşıya qoyulan istənilən tapşırığın yerinə yetirilməsinə həmişə hazır olacaq.

AzVision.az


Teqlər:  





Xəbər lenti