Kirayə qalanlara da pul veriləcək, amma...

Kirayə qalanlara da pul veriləcək, amma...
  22 May 2015    Oxunub:3792
"Hazırda yanmış binada olan sakinlər, həm də kirayədə yaşamış insanlar hüquq-mühafizə orqanlarında onlara dəymiş ziyanla bağlı ifadə verirlər”.

Bunu AzVision.az-a açıqlamasında Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov deyib. İcra başçısı bildirib ki, hüquq-mühafizə orqanlarının bununla bağlı verdikləri arayışları məhkəmə də təsdiqləməlidir:

“Buna müvafiq olaraq dəymiş ziyan ödəniləcək. Kirayədə yaşamış və yanğın zamanı xəsarət almış şəxslərə də Nazirlər Kabinetinin sərəncamında nəzərdə tutulan kompensasiya veriləcək. Bunun üçün kirayədə yaşamış insanlarla mənzilin sahibi arasında kirayə ilə bağlı müqavilə bağlanmalı, bu müqavilə notariusda təsdiqlənməli, yaxud qonşular həmin şəxsin o binada kirayədə yaşadığını notarius yolu ilə təsdiqləməlidirlər. Bu halda kirayədə yaşayan və xəsarət alan şəxsə müvafiq kompensasiya veriləcək.

Kirayədə yaşayanların mülkiyyətinə dəyən ziyana gəlincə, bununla bağlı ev sahibləri ilə kirayədə yaşayanlar arasında razılaşma əsasında müqavilə imzalanmalıdır. Belə müqavilə imzalanıb notariusda təsdiqlənəcəyi halda Nazirlər Kabinetinin sərəncamında nəzərdə tutulan 20 min manat məbləğində birdəfəlik yardım ev sahibi və kirayədə yaşayana aralarındakı razılaşmaya uyğun olaraq veriləcək. Əsas odur ki, ev sahibi ilə kirayədə yaşayan arasında razılaşdırılan müqavilə notariusda təsdiqlənsin”.

Anar Kəlbiyev


Teqlər:  





Xəbər lenti