Prezidentin qaldırdığı məsələ: Bələdiyyələr niyə işləyə bilmir?

Prezidentin qaldırdığı məsələ: Bələdiyyələr niyə işləyə bilmir?
  22 May 2015    Oxunub:3710
“Bələdiyyələr faktiki olaraq icra hakimiyyətlərinin bir şöbəsinə çevrilib. Heç bir məsələni həll edə bilmirlər”.

Bunu AzVision.az-a açıqlamasında millət vəkili Vahid Əhmədov deyib.

Prezidentin bələdiyyələrlə bağlı çıxışına toxunan deputat hesab edir ki, bələdiyyələrin fəaliyyət istiqamətləri müəyyən edilməlidir.

“Bələdiyyələrin öz işlərini yaxşı bilməsi üçün onlar müəyyən təcrübələr keçməlidir. Milli Məclisdə təklif etmişəm ki, bu məsələdə Türkiyə təcrübəsindən yararlanmaq lazımdır. Türkiyədə bütün şəhərlərdə söz sahibi bələdiyyələrdir. Amma bizdə əksinədir. Belə ki, bələdiyyələr faktiki olaraq heç bir məsələni həll edə bilmirlər. Nə bir yol, nə də su çəkirlər. Hansısa bələdiyyə bir-iki iş görə bilər. Ümumi götürəndə ölkə üzrə 90 faizi heç bir işlə məşğul olmur. Ona görə də bələdiyyələrin səlahiyyətləri bilinməlidir”.

V.Əhmədovun fikrincə, icra hakimiyyətləri ilə bələdiyyələr arasındakı səlahiyyətlərə məhdudiyyətlər qoyulmalıdır ki, kimin hansı işlə məşğul olması bilinsin.
“Bələdiyyələrin fəaliyyəti məniqane etmir. Ölkə başçısının dediyi fikirlərlə tamamilə razıyam”.

Bələdiyyələrin gələcəkdə ləğv olunması məsələsinə gəlincə, millət vəkili qeyd edib ki, bələdiyyələrin ləğv olunmasından söhbət belə gedə bilməz: “Əksinə bələdiyyələrin funksiyalarını, səlahiyyətlərini genişləndirmək, onları maliyyə vəsaitləri ilə təmin etmək, vergi yığımında və digər məsələlərdə onlara kömək etmək lazımdır ki, bələdiyyə institutu Azərbaycanda da inkişaf etmiş ölkələr səviyyəsinə gəlib çatsın. Bələdiyyələrin buna imkanı var və onlar üçün şərait yaratmaq lazımdır. Düşünürəm ki, dövlət başçısının bu çıxışından sonra müəyyən addımlar atılacaq”.

Qeyd edək ki, Prezident İlham Əliyev iki gün öncə keçirdiyi iclasda bələdiyyələrin fəaliyyətindən də söz açıb. Ölkə başçısı bildirib ki, bələdiyyələr bir növ icra hakimiyyətlərinin filialına çevrilib.

“Bələdiyyənin öz səlahiyyəti var. Mən o fəaliyyəti görmürəm. Dövlət başçsı qeyd edib ki, bütün bölgələrdə, kəndlərdə, şəhərlərdə aparılan işlər dövlət büdcəsi hesabına görülür: "Bələdiyyə bir kənd yolunu tikib? Halbuki bu onun bilavasitə işidir. Bütün kənd yollarını dövlət büdcəsi hesabına, ya da Prezidentin Ehtiyat Fondunun hesabına biz tikirik. Bələdiyyə sadəcə olaraq, bir muzey idarəsidir. Buna son qoyulmalıdır”-deyə ölkə başçısı vurğulayıb.

Anar Kəlbiyev


Teqlər:  





Xəbər lenti