Bizə qəhrəmanlar yox, peşəkarlar lazımdır – Aqşin Yenisey yazır

Bizə qəhrəmanlar yox, peşəkarlar lazımdır – Aqşin Yenisey yazır
  21 May 2015    Oxunub:14580
Aqşin Yenisey

Faşizmin qəhrəmanlıq qaragüruhundan qaçıb Braziliyada arvadı ilə bir yerdə intihar edən Ştefan Svayq peşəkarlıq anlayışını bu sözlərlə xarakterizə edirdi: “Peşəkarlığın birinci şərti əldə edə bilməyəcəklərindən qabaqcadan imtina etmək bacarığıdır”. İlk baxışda zəiflik təsiri bağışlayan bu uzaqgörənlik qəhrəmanlığa və həvəskarlığa yad bir duyğudur.


Svayqın fikir yumağının ucundan tutub, məşhur nağıl qəhrəmanı kimi miflər, əcinnələr, qəhrəmanlar dünyasına enək. Miflərəqədərki dünya hegemonları insanın metafizik yaddaşında ayaqlarının əvəzinə gövdəsində nəhəng ilanlar qıvrılan divlər, yüzəlli bədheybətlər, birgözlü Kikloplar, yerin, göyün nəhəng dəcəl uşaqları olan Titanlar kimi qalıblar. Onlar canlı aləmin ilk kortəbii yaradılışları hesab olunurdular ki, bu da onların mövcudluqlarının heç bir zaman-məkan qanunlarına sığmadıqlarından irəli gəlirdi. Onlar idarəolunmaz kortəbii gücün nəhəng başdanxarabları idilər.

Bu kortəbii gücün dağıdıcı xaosunun qarşısını mifik qəhrəmanlıq aldı; ildırımları əlində təsbeh kimi oynadan Zevs adlı mifik yunan “qoçusu” öz qəhrəmanlıqları ilə bu təkgözlü, yüzəlli heyvərələrin əlini-ayağını bir yerə yığıb ilk mistik-qlobal anarxiyaya son qoydu və Zevsin timsalında dünya hegemonluğu kortəbii güclərdən azad edilib, allahların ixtiyarına keçdi.

Daha sonra Zevsin, türklər demiş, adi həyat qadınından doğulan oğlu, allahla insanın, aliylə adinin təsadüfi günahından peydahlanan övladı Heraklın “on iki qəhrəmanlığı” sayəsində qəhrəmanlıq keyfiyyəti allahların əlindən alınıb, insanlara ötürüldü və əsatirdən, nağıldan başlayan ömrünü dastanda başa vurdu.

Qəhrəmanlığın sonuncu nümayəndəsi Koroğlu tüfəngə təslim olaraq rəsmi şəkildə qəhrəmanlıq epoxasının bitdiyini elan etdi. Qəhrəmanlıq peşəkarlığa yenildi.

Qəhrəmanlıqda əsas məsələ fiziki gücün emosiyalarla idarə olunması idisə, peşəkarlıqda söhbət ağlın məqsədə yönəldilməsindən gedirdi və hissi-emosional azğınlıq qəhrəmanın nə qədər xeyrinə idisə, peşəkarın bir o qədər ziyanına idi. Döyüş zamanı qəhrəmanın əlinin, sifətinin əsəbdən əsməsi mübarizəyə nə qədər əfsanə ruhu gətirirdisə, belə “vibrasiya” peşəkarda olsa-olsa, xəstəlik əlaməti sayılırdı.

Qəhrəmanlıqda məqsəd çox zaman qələbə çalmaq yox, sadəcə, xilas olmaqdır, yəni sən öldür ki, səni öldürməsinlər. Ona görə də, qəhrəmanlığın fəlsəfi təlimi “sonunu düşünəndən qəhrəman olmaz” deyimi ilə məhdudlaşır. Əgər bu düşünülməmiş son uğurla nəticələnəcəksə, qəhrəmanlığa çeviriləcək, yox, uğursuzluğa düçar olacaqsa, qəhrəmanlıq etmək istəyənin günahlandırılmasına, hətta edam edilməsinə gətirib çıxaracaq. Əgər dəliqanlı təsadüfən ölməyib, sağ qalıbsa. Peşəkar isə mütləq sonu düşünməlidir, yəni qəhrəmanın tam əksinə, sonunu düşünməyəndən peşəkar olmaz.

Qəhrəmanlıq fitri istedaddır və mənşəcə mövhumidir, onun cəlbediciliyi də bu xassəsidir. Qəhrəmanı qələbəyə aparan yol fanatizmdən keçir, burda söhbət yalnız cəngavərlikdən getmir. Müasir dünyada yalnız istedada güvənmək, göydən para zənbillə gələcək qəhrəmanın yolunu gözləmək, sadəcə, yaradıcı avamlıqdır.

Məsələn, götürək Azərbaycan ədəbiyyatının dünyanın diqqətini cəlb etməməsinin səbəbini. Hamı birmənalı olaraq bu fikri tutuquşu kimi təkrarlayır ki, bizim ədəbiyyatın heç vaxt istedad korluğu olmayıb. Doğru. Bəs nəticə? Niyə xirtdəyəcən istedad içində itib-batan bu ədəbiyyat, nəinki dünyada, heç öz aramızda düz-əməlli qiymətləndirilmir? Çünki bu ədəbiyyat hələ də səsi olub not tanımayan xanəndənin günündədir, yəni insanın yox, təbiətin zəhmətinin yetirməsidir. O, hələ də mövhumi avamlıq dövrünü yaşayır. Bu ədəbiyyatın şairi hələ də poetik tapıntıların münəccimliyi ilə məşğuldur, yazıçısı peşəkar sənət məktəblərindən deyil, külfət faciələrindən gəlir.

Əgər döyüşlərdəki iştirakın sayına görə fransız ordusu qiymətləndirmə aparsaydı, onda Napoleonun atı bütün zabitlərdən daha yüksək qiymətləndirilməli idi. Biz peşəkar dünya ədəbiyyatıya üz-üzə gələndə xırda ədəbi istisnalarımızla özümüzü imperatorun atı kimi aparırıq, hətta Morenqo bizim dünya oxucusu davası edən yazıçılarımıza nisbətən öz sahəsində daha peşəkar idi. Ədəbiyyat sahəsindəki bu aydın mənzərəni Azərbaycanda istənilən sahədə görmək olar, sadəcə, hərdən eynəyin üstündən də baxmaq lazımdı.

Qəhrəmanlıq istisna haldır, o, baş tutmaya da bilər. Peşəkarlıq isə istisnaları özü yaradır, onun təsadüfi zühuruna güvənmir. Peşəkarlıqda təsadüfülük mütləq uğursuzluqla nəticələnməlidir. Qəhrəmanlığın uğuru isə bəlkə də, yüzdəyüz təsadüfülüyün effektivliyindən asılıdır.

Adətən, öz hiss və həyəcanlarını həyatda təsdiq edə bilməyən, guya, rasional təfəkkürlü uğursuz impotent “zəka sahiblərimiz” şairanə pafosla iddia edirlər ki, məsələn, şeir geridəqalmış xalqların və adamların yaradıcılığıdır. Guya, Azərbaycanın elmdə geri qalmasının səbəbi xalq şüurunun poetik mənşəyə malik olmasıdır. Elmə həvəskar yanaşmanın uğursuzluğuna bəraət qazandıran nə gözəl bəhanə: mən Rezerford olacaqdım, Füzulinin qəzəlləri qoymadı. Adama deyərlər ki, ey “Mütləq zəka”nın bəndəsi, sənin “rasional təfəkkürün” bu lirik-romantik radiasiyanın qarşısında duruş gətirə bilmirsə, xalq neynəsin?!

Əlbəttə ki, həvəskarlıq və qəhrəmanlıq psixoloji-emosional kortəbiilikdən yaranır. Hadisələrin gedişinə həvəskar və qəhrəmancasına yanaşan xalqlarda fanatizim və reallıq hissini itirmə keyliyi başlıca şərtdir. Qəhrəmanlığın və həvəskarlığın daha geniş meydanı olan hərb sənətinin inkişafına baxaq. Bu gün dünyanın ən güclü ordularından olan ABŞ ordusunda bircə dənə də qəhrəman yoxdur. Qəhrəmanlıq hərbi nizam-intizam qanunları ilə qadağandır. Niyə? Çünki bu ordu başdan-ayağa peşəkarlardan ibarətdir. Peşəkar olan yerdə qəhrəmana ehtiyac olmur. ABŞ-da qəhrəmanlıq anlayışı Pentaqonun yox, Hollivudun işinə yarayır.

Bu gün Azərbaycanda insanlar yox, anlayışlar üz-üzədir. Cəmiyyətdə bir-biriylə döyüşənlər hər yerdə peşəkarlıqla qəhrəmanlıqdır. Ailədə ayrılanlar ər və arvad deyil, hakimiyyətə can atan feminizm və məğlub olmağı bacarmayan patriarxalizmdır. Sənətdə bir-birini inkar edənlər yaradıcı zəruri ideyalar, izmlər deyil, təsadüfü cırtqozlardır.

Belə dünyada peşəkarlıq qəhrəmanlıq səviyyəsinə enməməlidir.


Teqlər:  





Xəbər lenti