Ermənilərin öldürdüyü futbolçu ilə bağlı ilginc faktlar: “Heç kim ona iş vermirdi…”

Ermənilərin öldürdüyü futbolçu ilə bağlı ilginc faktlar: “Heç kim ona iş vermirdi…”
  11 May 2015    Oxunub:16671
“Emil yaxşı futbolçu idi, Azərbaycanda onun qədrini bilmədilər”

Rusiyada qətlə yetirilən 27 yaşlı azərbaycanlı futbolçu Emil Hüseynov bir müddət öncə ölümü ilə gündəmə gəlmişdi. Yekaterinburq şəhərində ermənilər tərəfindən amansızlıqla öldürülən Emilin qazanc dalınca Rusiyaya getməzdən öncə yolu futboldan keçmişdi. Onun gənc yaşında futbolu tərk etməsi və bunun səbəbləri bir çox suallar doğurur.

Emil futbolu niyə tərk etmişdi?

Bu suala mərhumun keçmiş komanda yoldaşı, “Qaradağ Lökbatan” klubunun futbolçusu Elxan Cəbrayılov aydınlıq gətirib.

E.Cəbrayılovun sözlərinə görə, E. Hüseynov Rusiyaya getməzdən öncə Azərbaycanın ən məşhur klublarının şərəfini qoruyub: “Emil Hüseynovla bir yerdə futbol oynamışıq, dost olmuşuq. Allah ona rəhmət etsin. Emilin ölümü bizi çox sarsıtdı. Heç bir xəstəliyi olmadan bu dünyadan köçüb getdi. Emil çox təmiz, sakit, dostluğu bacaran və tərbiyəli bir oğlan idi”.

Futbolçu daha sonra Emil Hüseynovla bağlı xatirələrini bölüşüb: “Emil 5 yaşından futbol oynamağa başlayıb. İkimiz də “Neftçi”nin yetirməsi olmuşuq. Emil komandanın əsas heyətində də çıxış edib. O, çox talantlı bir oyunçu idi. Emil həqiqətən də yüksək texnikaya malik oyunçulardan idi. Topla çox yaxşı rəftar edirdi.

Ağasəlim Mircavadovun vaxtında o, “Neftçi” klubunda oynayıb. Həmin vaxt “Neftçi”nin heyətində Azərbaycanın karifey oyunçuları təmsil olunurdular. Onlarla bir yerdə oynamaq çox çətin idi. Amma Emil bunu çox gözəl bacarırdı. O, Azərbaycanın 19 yaşlılardan ibarət futbol yığmasının da şərəfini qoruyub. Daha sonra 21 yaşlılardan ibarət millli komandamızın heyətində uğurla çıxış edib”.

Komanda yoldaşının sözlərinə görə, Emil futbol kariyerasını “Abşeron” klubunda bitirib. Bununla da Emil futbola “əlvida” deyərək Rusiyaya gedib.

“Bir ilə yaxın Emil orada oynadı. Çempion oldular. Daha sonra həmin klub bağlandı. Emil işsiz qalmışdı. Bəzi klublara iş üçün müraciət etdi, amma alınmadı.

Emil sanki “qara zolağ”a düşmüşdü. İdmançılar var ki, “qara zolağ”a düşəndə gedib başqa işlərlə məşğul olurlar. Bu yolla onlar depresiyyadan çıxırlar. Emil də başqa işlə məşul olmağa məcbur oldu”.

E. Cəbrayılov E. Hüseynovun nə üçün Rusiyaya getdiyini açıqlayıb: “Hər idman növündə pik hədd olur. Həmin həddə çatdıqdan sonra onu qoruyub saxlamaq çox çətindir. Emilin həyatında da çox ciddi məqamlar baş verirdi. Onu çempionat zamanı klubdan uzaqlaşdırmışdılar. Nəticədə bir müddət futboldan kənarda qalmalı idi. Bu, hər bir idmançının başına gələ bilər.

Bundan sonra Emil qohumları ilə Rusiyanın Yekaterinburq vilayətinə getdi. Qardaşımız pul qazanıb, ailəsini saxlamaq üçün ora getmişdi”.

Futbolçu yoldaşının dediyinə görə, Emil imkanlı ailənin övladı olmayıb.

“Maddi cəhətdən onların problemləri var idi. Emilin yeganə çıxış yolu qalmışdı, Rusiyaya getməli idi. Belə də etdi. Çünki o, işsiz idi. İndi isə əbədi olaraq aramızdan getdi. İndi mətbuatda ona Emil Hüseynov deyirlər. Amma biz ona “gəncəli” deyirdik”.

Qeyd edək ki, E.Hüseynov ötən ay Rusiyanın Yekaterinburq şəhərində ermənilər tərəfindən qətlə yetirilib. Araşdırmalar zamanı məlum olub ki, həmyerlimizi bıçaqlayan milliyyətcə erməni Tiqran və Andranik Çiçakyan qardaşlarıdır. Hüquq-mühafizə orqanları ilkin olaraq qətldə iştirak edən 5 nəfəri saxlayıb.

Hazırda hadisə ilə bağlı istintaq araşdırmaları davam edir.

Hafiz Əhmədov

Qalereya




Teqlər:  





Xəbər lenti