`Azərbaycan beynəlxalq səhnədə öz yerini tuta bilib` - Prezident

`Azərbaycan beynəlxalq səhnədə öz yerini tuta bilib` - Prezident
  28 Aprel 2015    Oxunub:1270
“Dağlıq Qarabağ münaqişəsi iqtisadiyyatın inkişafına mane olsa da, Azərbaycan müstəqillik illərində iqtisadiyyatını inkişaf etdirib”.
AzVision.az APA-ya istinadən xəbər verir ki, bu sözləri Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə Bakıda keçirilən III Qlobal Açıq Cəmiyyətlər Forumunun açılışında çıxış edən Azərbaycan prezidenti İlham Əliyev deyib.

Dövlət başçısı bildirib ki, Azərbaycan iqtisadiyyatı neftdən 30 faiz asılıdır: “Azərbaycan sərmayələrə açıq dövlətdir. Son illər ölkəyə 70 milyard dollara qədər vəsait yatırılıb. Biz rəqabətə davamlılıq baxımından dünyada 30-cu yerdəyik. Biz demək olar ki, işsizliyi aradan qaldıra bilmişik, işsizlik 5 faizə enib. Yoxsulluq da 49 faizdən 5 faizə enib. Enerji resurslarından əldə edilən gəlirlərdə, dövlət vəsaitlərinin xərclənməsində şəffaflıq öz rolunu oynayır. Hökumətimiz texnologiyalar, kənd təsərrüfatını inkişaf etdirir. Azərbaycanın iki peyki var, kosmik sənaye inkişaf edir”.

Prezident bəyan edib ki, islahatlar heç vaxt dayandırılmayacaq: “Əlimizdən gələni etməliyik ki, dövlətçiliyimizi gücləndirək. Dövlət iqtisadi baxımdan zəifdirsə, təsir altına düşürsünüz. Azərbaycan xarici təsirlərdən özünü müdafiə edir. Bu gün biz müstəqilik və müstəqilliyimizi müdafiə etməliyik. Bizim seçimimiz demokratiya, sülh, multikulturalizm, əməkdaşlıqdır”.

Daha sonra ölkə başçısı qeyd edib ki, Azərbaycan beynəlxalq səhnədə öz yerini tuta bilib. Azərbaycan nadir ölkələrdəndir ki, həm Avropa Şurasının, həm İslam Əməkdaşlıq Təşkilatının, həm də Qoşulmama Hərəkatının üzvüdür.

Dövlət başçısı bildirib ki, BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzvlüklə bağlı seçkilərdə Azərbaycan 155 ölkə tərəfindən dəstəklənib: “Bu göstərir ki, Azərbaycan dünyada dəstəklənir. Təəssüf ki, beynəlxalq hüquq zəif ölkələrin maraqlarına xidmət etmir. Bəzi hallarda BMT Təhlükəsizlik Şurasının qətnaməsi dərhal icra olunur, bəzi qətnamələrin icrası isə illərlə çəkir. Yəni bəzi dairələrin öz maraqları var. Beləliklə, ikili standartlar qaydaya çevrilir”.


Teqlər:  





Xəbər lenti