Tovuzu dəhşətə gətirən müəmmalı qətl
Mərhumun ailə üzvləri də Tovuzu dəhşətə gətirən qətlin səbəbini bilmir.
M.Hüseynovun qohumları AzVision.az-a bildirib ki, mərhumun rayonda heç kimlə düşmənçiliyi olmayıb: `Müşfiqi ov silahından güllələyiblər. Onun bədənində 3 güllə zərbəsi var idi. O, gecə saat 11 radələrində ailəsini maşınla evinə gətirib. Daha sonra tez gələciyini deyərək evdən çıxıb. Səhərisi gün isə Müşfiq maşınında öldürülümüş vəziyyətdə tapılıb`.
Yaxınlarının sözlərinə görə, fermer başqa yerdə öldürülərək qəbristanlığa gətirilib.
`Müşfiqin cənazəsi dünən dəfn olunub. Onun bir oğlu və bir qızı var. Uşaqları çox balacadırlar. Qızının 13, oğlunun isə 10 yaşı var. Müşfiqi niyə öldürüblər, heç kimi bunu bilmir. O elə insan deyildi. Heç kimlə düşmənçiliyi də yox idi. Sakit başını aşağı salıb işini görürdü`.
Qohumlarının dediyinə görə, mərhum sahibkarlıqla məşğul olub: `Onun 100 başa yaxın qoyunu və mal-qarası var. Öz gücünə ailəsini saxlayırdı. Borcu da yox idi. İmkanı da normal idi. Hadisənin araşdırıldığını deyirlər. Biz də bilmək istəyirik, onu kim, hansı səbəbə öldürüb`.
Qeyd edək ki, Tovuzun Əlimərdanlı kənd sakini, 2 uşaq atası Müşfiq Hüseynov baş nahiyəsindən güllələnərək qətlə yetirilib. Qətlin kim yaxud kimlər tərəfindən və hansı səbəblərdən törədildiyi araşdırılır.
Hafiz Əhmədov