Əliyev Ollandla Qarabağı müzakirə etdi - FOTOLAR

Əliyev Ollandla Qarabağı müzakirə etdi - FOTOLAR
  25 Aprel 2015    Oxunub:2933
Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və ölkəmizdə işgüzar səfərdə olan Fransa Respublikasının Prezidenti Fransua Ollandın görüşü olub.

Azərbaycan Prezidenti İlham Əliyev Fransa Prezidenti Fransua Ollandı qarşıladı. Dövlət başçıları birgə foto çəkdirdilər. Görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin hazırkı səviyyəsindən məmnunluq ifadə olundu. Əlaqələrimizin dinamik inkişaf etdiyi bildirildi. Son illərdə dövlət başçılarının qarşılıqlı səfərlərinin ikitərəfli münasibətlərin daha da inkişafına təkan verdiyi vurğulandı. Tərəflərin əlaqələrin daha da genişlənməsində maraqlı olduğu bildirildi və bunun üçün böyük imkanların mövcudluğu qeyd edildi.

Söhbət zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində danışıqların son vəziyyəti ilə bağlı geniş fikir mübadiləsi aparıldı. Azərbaycan Prezidenti İlham Əliyev Fransa Prezidenti Fransua Ollandın münaqişənin həlli istiqamətində göstərdiyi fəallıqdan məmnunluğunu ifadə etdi. Görüşdə regional, beynəlxalq və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olundu.

Daha sonra Prezident İlham Əliyevin və Prezident Fransua Ollandın iştirakı ilə “Azərbaycan Respublikasının təhsil naziri ilə Fransa Respublikasının milli təhsil, ali təhsil və tədqiqat naziri arasında Azərbaycan-Fransız Universitetinə dair Niyyət Məktubu” imzalanıb.

Sənədi Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov və Fransanın ölkəmizdəki səfiri Paskal Mönye imzaladılar.

AzVision.az

Qalereya




Teqlər:  





Xəbər lenti