100 illik yalanın sonu: Nə Obama, nə də Putin…

100 illik yalanın sonu: Nə Obama, nə də Putin…
  25 Aprel 2015    Oxunub:29553
Ermənistan bir əsrlik “soyqırım” yalanını dünyaya sırımaq üçün əlindən gələni etdi, amma…

Bu gün Ermənistanda qondarma “erməni soyqırımı”nın 100 illiyi ilə bağlı tədbirlər keçirildi. İrəvanda keçirilən tədbirə başda ABŞ prezidenti Barak Obama olmaqla dünyanın bir çox ölkə rəhbərləri, rəsmiləri dəvət olunmuşdu. Hələ aylar öncə “soyqırım”ın 100 illik “yubiley”inin möhtəşəm şəkildə keçirəcəklərini deyən ermənilər bu dəfə də arzularına çata bilmədilər.

Onlarla dəvətli arasından yalnız Rusiya prezidenti Vladimir Putin və ermənilərin tək ümid yeri olan Fransanın rəhbəri Fransua Olland İrəvana gəlmişdi. Hətta Ermənistanın üzv olduğu Avrasiya İqtisad İttifaqı üzrə tərəfdaşları olan Qazaxıstan, Belarus prezidentləri Nursultan Nazarbayev və Aleksandr Lukaşenko da Sarkisyanın dəvətini rədd edib, Yerevana gəlmədi.

Lukaşenko “soyqırım” günü nəyin ki, İrəvana getmədi, hətta erməniləri saymayaraq Gürcüstana, Tbilisiyə yollandı. Halbuki, Tbilisi ilə İrəvanı cəmi bir neçə saatlıq maşın yolu ayırırdı...

Bu, Sarkisyanın, onun timsalında Ermənistanın Avrasiya İqtisadi İttifaqına üzv ölkələr və onların rəhbərləri tərəfindən heçə sayılmasının ilk nümunəsi deyildi.

Ermənilər “soyqırım”ın 100 illik yubileyinə 60-dan çox ölkənin prezidentini dəvət etsələr də, bu tədbirlərə cəmi 4 ölkənin prezidenti - Rusiya prezidenti Vladimir Putin, Fransa prezidenti Fransua Olland, Kiprin yunan hissəsinin lideri Nikos Anastasiadis və Serbiya prezidenti Tomislav Nikoliç qatıldı. Lakin onlarda ermənilərin arzularını çin edə bilmədilər.

Bu azmış kimi Rusiya prezidenti Vladimir Putinin çıxışı Ermənistanda şok effekti yaratdı. Belə ki, 1915-ci il hadisələrinin 100-cü ildönümündə iştirak etmək üçün İrəvana gedən Rusiya prezidenti çıxışında bir dəfə də olsa “soyqırım” sözündən istifadə etmədi.

Putin kütləvi qırğınların bir səbəbi olmadığını və ola bilməyəcəyini deməklə kifayətləndi “Beynəlxalq cəmiyyət keçmişdə baş verən faciəvi hadisələrin bir daha təkrarlanmaması, bütün xalqların sülh və barışıq içində yaşaması üçün hər cür səy göstərməlidir. Rusiyanın insanlıq tarixinin ən qorxulu faciələrindən birini yaşayan Ermənistan xalqının ağrısını paylaşır. 1915-ci il hadisələri bütün dünyanı sarsıtdı”-deyə Putin qeyd edib.

Putinin 100 illiyi qeyd olunan mərasimdə “soyqırım” ifadəsini işlətməməsi sıravi ermənilərlə yanaşı, Sarkisyan iqtidarını da kökündən sarsıtdı. Rus liderin İrəvanda verdiyi mesaj bir əsrlik yalanın iflasından xəbər verirdi.

Ermənistan bəlkə də ağız dolusu dünyaya car çəkdiyi “soyqırım şou”sundan peşman olmuşdu. Çünki Qərbin dəstəyini gözlədiyi halda İrəvana ən ağır zərbə okeanın o tayından – Amerika Birləşmiş Ştatlarından gəldi.

ABŞ prezidenti Barak Obama ermənilərin yubileyini sözün əsl mənasından burnundan gətirdi. O, 24 apreldə verdiyi ənənəvi açıqlamasında yenə də “soyqırım” ifadəsini işlətmədi.

“Mən dəfələrlə 1915-ci ildə baş verənlərə öz münasibətimi ifadə etmişəm və bu mövqe dəyişilməz qalır. Faktların tam etiraf edilməsi bizim hamımızın maraqlarına cavab verir”,-deyə Obama bildirib.

Ağ ev rəhbərinin 24 aprel çıxışı İrəvanda “soyuq duş effekti” yaratdı. Amerikadakı erməni diasporası Obamadan yediyi zərbəni xəyanət damğası ilə pərdələməyə çalışdı. Belə ki, Amerika Erməniləri Milli Komitəsi (ANCA) Obamanı xəyanət və saymazlıqda ittiham edib:“Barak Obama prezident seçiləndən bəri, artıq 7-ci dəfədir 1,5 milyon insanın öldürülməsini Türkiyənin təhdidlərinə görə soyqırım kimi qiymətləndirmir”.

Ərdoğanı İrəvandan baş əyməyə çağıran Sarkisyan və Ermənistanın xaricdəki erməni lobbi və diasporası külli miqdarda vəsait, resurs xərcləsə də qondarma “erməni soyqırım”nın 100 illiyi ilə bağlı arzularını reallaşdıra bilmədi. Bir əsirlik şou İrəvanda iflasa uğradı, erməniləri bu rəzalətdən nə Roma Papası Fransisk, nə də Avropa Parlamentinin bəyanatı xilas edə bildi.

İrəvanla paralel Çanaqqalada keçirilən bayram şöləni 100 il əvvəl olduğu kimi bu ildə tarixə ermənilər üzərində böyük qələbə kimi düşdü.

Türkiyənin zəfərini qeyd etmək üçün Çanaqqalaya başda Azərbaycan prezidenti İlham Əliyev olmaqla 17 ölkə başçısı, 3 prezident köməkçisi, 5 nazir, 1 sabiq prezident, 28 nazir, 6 beynəlxalq təşkilatın baş katibi və 90-a yaxın ölkədən yüksək vəzifəli şəxs təşrif buyurdu. Bu isə gerçək qələbənin türkün tərəfində olduğunu dünyaya açıq mesaj idi. 100 illik səbrin nəticəsidir ki, bu gün Ərdoğan yox, Sarkisyan türkün qarşısında baş əydi.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti