`Bu ölkədən qaçmaq lazımdır` deyənlərə…

`Bu ölkədən qaçmaq lazımdır` deyənlərə…
  21 Aprel 2015    Oxunub:5223
Hacıbəy Heydərli

Bir qrup müxaliftəçi gənc sosial şəbəkələrdə #buölkədən haştağı ilə kampaniyaya başlayıb. Əslində, bu adamların etdiyinə “kampaniya” adı vermək də düzgün deyil, çünki kampaniya sözünün kökündə bir qrup insanın birləşərək nəsə etməsi durur. Bu adamlar isə “facebook”da yaratdıqları “feyk” profilləri vasitəsilə öz mənasız “ideya”larını yaymağa çalışırlar.


Kampaniyaya start verən gənc daha sonra belə bir paylaşım edib: “20 il sonra Xoşqədəm Hidayətqızının verilişinə çıxmaq üçün gedəsən ‪#‎buölkədən”.

Əslində, elə bu cümlə Azərbaycan müxalifətinin və ölkədən qaçmaq istəyənlərin əsl mahiyyətini ortaya qoyur. Avropaya inteqrasiyanı, Qərbə doğru addımlamağı yalnız “azad seks”də, qrup şəklində atdanıb-düşməkdə görənlərin əsl mahiyyətini ortaya qoyur bu cümlə.

Ölkədən 10 kilometr kənara çıxan kimi “bizdə belə şeylər yoxdur”, “bizim hələ bunlara çatmağımıza əsrlər var”, “bizim oğlanlar elədi, bizim qızlar belədi” deyənlərdən artıq nəsə gözləməyə də dəyməz. İnsan gərək ilk növbədə öz keçmişini və kökünü danmasın, təbii ki, Avropaya inteqrasiya etmək, onlardan nəsə öyrənmək, ölkəndə tətbiq etmək normal şeydir, amma bu sənə əsla haqq vermir ki, öz millətini, öz dövlətini hər küçədən keçənin, uşaq-muşağın yanında aşağılayasan. Çünki səni sən edən elə bəyənmədiyin, bütün günü tənqid etdiyin bu ölkə olub. Və bu ölkədən qaçıb, öz millətini, dövlətini aşağılayanlara hər yerdə “kloun”, satqın kimi baxırlar. Bu yerdə kiçik bir haşiyəyə çıxım.

Döyüşlər zamanı bir qrup insan böyük sərkərdə Makedoniyalı İskəndərlə döyüşür və qısa bir müddət sonra İskəndərin ordusunda vuruşmaq üçün onun tərəfinə keçir, İskəndər də onların gücündən istifadə edib düşməni məhv edir. Qalibiyyətdən sonra imperator bütün ordunu yığır və satqınlıq edən əsgərləri meydan çağırır və hamının qarşısında edam etdirir: “Bunu mən ona görə etdim ki, bu gün rəqibi satan, sabah da məni satacaq. Qoy hər birinizə görk olsun ki, satqınlıq etmək olmaz, satqınlıq edənə heç bir halda təşəkkür etmək olmaz. İnsan gərə pisiylə, yaxşısıyla öz ordusuna sahib çıxsın, son damla qanına qədər döyüşsün. Sabah siz də məni satmayasız deyə bunları edam etdirirəm”.

Bu gün ölkədən qaçıb, xarici qüvvələrin təsiri ilə dövlətimizə qarşı kampaniya aparanlar da bilməlidirlər ki, sabah onlara ehtiyac qalmayacaq və istifadə müddətləri bitəcək. Necə ki, xarici ölkələrdən sığınacaq alanların çoxu ora gedəndən 2-3 ay sonra ölkəyə dönmək üçün məktublar yazırlar, xahişlər edirlər. Dönməyənlər isə Azərbaycan mətbuatı ilə əməkdaşlıq etməyə başlayır, həmin ölkələrdən reportajlar, köşələr, fotosessiyalar edib, pullarını yenə də ölkəmizdən qazanırlar.

Mən heç də xarici ölkəyə getməyin, orada yaşamağın əleyhinə deyiləm. Bu gün mən də daxil olmaqla minlərlə gəncimiz var ki, xaricdə təhsil alırlar, özlərini inkişaf etdirmək üçün çalışırlar, orada öyrəndiklərini gələcəkdə ölkəmizdə tətbiq etmək üçün qürbətdədirlər. Bundan başqa yüzlərlə ziyalımız qardaş Türkiyədə, Avropa ölkələrində, ABŞ-da Azərbaycan adını uca tuturlar. Bu adamların heç biri ölkədən qaçmayıblar, sadəcə seçimlərini ediblər və xaricdə diaspora fəaliyyətiylə məşğuldurlar, Azərbaycanın simasına, təbliğat maşınına çevriliblər.

Ancaq bu ölkədən qaçmaq lazımdır deyib, xaricdə Azərbaycan əleyhinə kampaniya aparanlara demə lazımdır ki. heç bir qaçış qurtuluş ola bilməz. Öz ölkəsinin və dövlətinin qədrini bilməyənlər xaricdə də heç kimə lazım deyil. Sosial şəbəkələrdə azadlığın olması ağzınıza və ağlınıza gələn hər şeyi yazmaq demək deyil. Klaviatura qarşısında şirə dönməkdənsə, öz üzərinizdə işləyib özünüzə ehtiyac duydurun. Unutmayın ki, sizi siz edən elə məhz bu ölkə olub. Bu ölkədən hara getsəz də, sizə qalan bəyənmədiyiniz bu ölkə olacaq….


Teqlər:  





Xəbər lenti