Xəbərdarlıq: Bəzi özəl klinikalar bağlanacaq

Xəbərdarlıq: Bəzi özəl klinikalar bağlanacaq
  20 Aprel 2015    Oxunub:4744
Son günlər Səhiyyə Nazirliyi tərəfindən həyata keçirilən yoxlamalar nəticəsində 4 özəl tibb müəssisəsinin fəaliyyəti dayandırılıb, bir neçə klinika isə cəzalandırılıb. Nazirlik nədənsə fəaliyyəti dayandırılan klinikaların adlarını ictimaiyyətə açıqlamayıb.

Keçirilmiş yoxlamalar zamanı bəzi özəl tibb müəssisələrində ciddi qanun pozuntuları aşkar edilib və bir sıra sahibkarlıq subyektləri barəsində inzibati-məcburedici tədbirlər görülüb. 10 tibb müəssisəsində əhaliyə tibbi xidmətinin göstərilməsi zamanı nöqsanlara yol verildiyi və mövcud normativlərin tələblərinə riayət edilmədiyi məlum olub.

Onlardan 4 tibb müəssisəsinə nöqsanların aradan qaldırılması barədə xəbərdarlıq edilib. 4 tibb müəssisəsinin lisenziyasının fəaliyyəti yoxlamalar zamanı aşkar olunmuş nöqsanlar aradan qaldırılanadək dayandırılıb. 1 müəssisənin stasionar tibbi xidmət üzrə bir sıra işləri, digərinin isə tam olaraq stasionar xidməti ləğv edilib.

Bununla belə bir çox özəl xəstəxanalarda qiymətlərin yüksək olması insanları narahat edən əsas məsələlərdəndir. Millət vəkilləri də bu problemi dəfələrlə parlamentdə qaldırıb, öz narazılıqlarını dilə gətiriblər.

Deputat Çingiz Qənizadə bu məsələ ilə bağlı saytımıza bildirib ki, özəl klinikalarda bəzən yüksək olmayan xidmətlər göstərirlər. Qeyri-peşəkar şəxsləri hansısa əməliyyatlara cəlb edirlər. İnsanları aldadırlar ki, yaxşı əməliyyat olacaq, amma sonra belə olmur. Son vaxtlar özəl klinikalarda ölüm hallarının da sayı artıb.

“Özəl klinikalarda qiymətlər kəllə-çarxa çıxıb. Belə hesab edirəm ki, bu əhalinin böyük hissəsini narahat edən məsələlərdən biridir. Düşünürəm ki, bu sahədə də nəzarət həyata keçirilməlidir ki, qiymətlər özəl klinikalarda tənzimlənməlidir. Ən aşağı və ən yüksək məbləğ müəyyən olunmalıdır”.

Son vaxtlar özəl klinikalarda ölüm hallarının da sayında artım müşahidə olunur.
Klinikalarla bağlı şikayətlər bununla bitmir. İddialara görə, Bakıda fəaliyyət göstərən bəzi kiçik klinikalar bağlanacaq.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli AzVision.az-a açıqlamasında bildirib ki, nazirlik özəl xəstəxanalarda ciddi şəkildə yoxlamalar aparır, bu reydlər mütəmadi olaraq həyata keçiriləcək.

“Təbii ki, özəl tibb müəssisələrindən daxil olan şikayətlər araşdırılır. Şikayətə baxılır, nöqsanlar aşkar edilərsə, həmin müəssisələr qanun çərçivəsində cəzalandırılır. Bu Səhiyyə Nazirliyinin funksional işlərindən biridir. Özəl xəstəxanalarda yoxlamalar hər zaman aparılır”.

Bəz klinikaların bağlanmasına gəlincə, nazirlik rəsmisi qeyd edib, fəaliyyəti qanuna zidd olan müəssisələrin bağlanması hər zaman gündəmdədir.

Anar Kəlbiyev


Teqlər:  





Xəbər lenti