`Azərbaycanlıların adını daşıyan gəmiləri satmıram` - Mənsimov

`Azərbaycanlıların adını daşıyan gəmiləri satmıram` - Mənsimov
  17 Aprel 2015    Oxunub:3765
“Palmali” şirkətlər qrupunun prezidenti Mübariz Mənsimov “Şövkət Ələkbərova” adlı gəmisini satmağı ilə bağlı iddialara aydınlıq gətirib.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, jurnalistlərə açıqlamasında bu iddianın yalan olduğunu deyib:

“Şövkət Ələkbərova” gəmisi bizim ən yeni gəmilərimizdəndir və Beşiktaş tərsanəsində hazırlanıb. İnternetdə axtarsalar gəmininin bizim mülkiyyətimiz olduğunu və hazırda harada, nəyi daşıdığını asanlıqla görə bilərlər. O gəmini satmamışam, heç vaxt da satmayacam. Hətta köhnəlmiş gəmiləri də özümüzə rəqib yaratmamaq üçün metal emalına veririk. Niyə satım ki?”.

Şirkət rəhbəri vurğulayıb ki, belə yanlış iddialarla onu siyasi oyunlara cəlb etməyə çalışırlar, amma o, heç bir siyasi oyunda yer almayacaq:

“Məncə bunlar boşboğazlıqdır. “Palmali” şirkətlər qrupunu yaxından tanıyan şirkət həmin gəminin kimə məxsus olduğunu və hazırda nə iş gördüyünü yaxşı bilir. Biz bu yanlış iddialara qanuni yolla münasibət bildərəcəyik. Onlarla çirkin polemika yaratmaq istəmirəm”.

M.Mənsimov qeyd edib ki, həmin gəmilərə Azərbaycanın sevimli sənətkarlarının, qəhrəmanlarının adı verilib, onlar haqda qərar vermək o qədər də asan deyil:
“Mənim özümdən soruşsaydılar cavab verərdim. Bu gəmilərə Azərbaycanın görkəmli sənətkarlarının, qəhrəmanlarının adı verilib. Onların adını belə ucuz oyunlarda hallandırmaq olmaz.

Qeyd edək ki, bir neçə gün əvvəl mətbuatda “Palmali” şirkətlər qrupuna məxsus “Şövkət Ələkbərova” gəmisinin başqa bir şirkətə 18 milyon dollara satıldığı barədə məlumat yer almışdı.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti