Yediyi qaba tüpürən Xoşqədəm

Yediyi qaba tüpürən Xoşqədəm
  15 Aprel 2015    Oxunub:15917
İltifat Hacıxanoğlu

Xoşqədəm Hidayətqızı dünən ATV-dən getməsilə bağlı mətbuat konfransı keçirib və sözügedən telekanalın tədbirdə iştirak edən işçilərini ordan qovub. Bu xəbəri sosial mediyada oxuyanda beynimə ilk gələn bu cümlə oldu: «Haram olsun ona yediyi çörək».


Bəli, «Böyük dayaq» filmində Rüstəm kişinin dediyi bu cümlə film ekranlara çıxandan bəri atalar sözü kimi işlədilir. Başa düşürəm, bəlkə də etik çərçivələrə sığmayan bir ifadədir. Amma 5 il çalışdığı bir kollektivin nümayəndəsini tədbirdən qovan bir «jurnalist»ə bundan yumşaq söz demək olmur.

Xoşqədəm Hidayətqızı ATV telekanalında çalışdığı 5 il ərzində çox şey əldə edib. Ən azından özü yaylığını qarşısına qoyub, fikirləşsin ki, 5 il əvvəl kim idi, onu kim tanıyırdı? Əslində biz həmkarları onu tanıyırdıq, amma…

Eli içində bir deyim var: «Adam yediyi qaba tüpürməz». Xalqımız həmişə belə şeylərə xüsusi əhəmiyyət verib. Belə insanlara heç vaxt hörmət olunmayıb. X.Hidayətqızı mətbuat konfransı keçirib, ATV kanalının prezidenti Vüqar Qaradağlını onun haqqını tapdalamaqda günahlandırıb. Amma mən də vaxtilə «Üç nöqtə» qəzetində çalışan biri olaraq deyə bilrəm ki, Xoşqədəm işə götürərkən söz verdiyi məbləğin yarısını kəsirdi. Bəs onda halallığı nə tez yaddan çıxardı?!

Mən Xoşqədəmin mətbuat konfransından uzaqlaşdırdığı jurnalist Vüqar Vüqarlını çox yaxşı tanıyıram. Həqiqətən, bu gün sayılıb-seçilən jurnalistlərdəndir. Vüqar jurnalistdir və mətbuat konfransından onu heç kim çıxara bilməz, o cümlədən də, Xoşqədəm. Necə olur ki, tanınmış jurnalist kimi verilişində yuxarı başda əyləşdirirdi…

Xoşqədəm halallıqdan, müqəddəslikdən dəm vurur. O, son 5 ildə «Səni axtarıram» verilişinin sayəsində çox şey əldə edib. Bu gün Xoşqədəm Hidayətqızı tanınmış brendlərin reklamında çəkilir. Bütün bunları ona ATV telekanalı verib. Halallıqdan danışan adam bunları yaddan çıxarmamalıdır. Burada deyiblər ki, «Adımı qoyaram sənə…»

Xoşqədəm Türkiyənin məşhur müğənnisi Doğuşla ailə qurdu. Və dəfələrlə onunla xoşbəxt olduğunu deyir. Bu xoşbəxtliyinə görə də o, ATV telekanalına borcludur…

Və ən qəribəsi də odur ki, ANS-ə gedən adam, ora gedə-gədə “ATV-dən məni çağırsalar qayıdaram”,- deyir.

Xoşqədəm Hidayətqızı deyir ki, “Səni axtarıram” müqəddəs layihədir. Əvvəla, müqəddəs layihə olmur. `Müqəddəs` sözü birbaşa Allahla bağlı olan sözdür. «Səni axtarıram»da hansı müqəddəslik vardı? Aparıcı müqəddəs idi, məkanı müqəddəs yer idi, yoxsa bilmədiyimiz nələrsə var?

Müqəddəslikdən söz düşmüşkən, deyirəm, adamda üz yaxşı şeydir. Xoşqədəmin ATV kanalının prezidenti Vüqar Qaradağlını dəfələrlə hamının yanında az qala saatlarla təriflədiyinin, onu “Müqəddəs insan” adlandırdığını, onun rəhbərliyi altında işlədiyi üçün qürur duyduğunu deməsinin şahidi olmuşam. Deməli, sadəcə olaraq, premyera qabağı məşqlər edirmiş...

Digər tərəfdən, bu verilişin böyük reytinq qazanması əslində Xoşqədəmin yox, məhz ATV telekanalının hesabına idi. Çünki Xoşqədəmdən əvvəl də ATV ölkədə ən reytinqli kanal idi. Üçüncüsü də, hamı bilir ki, bu veriliş “Jdi menya” verilişinin plagiatıdır.

Dördüncüsünü də deyim?


Teqlər:





Xəbər lenti