Avtobus sürücüsündən insanlıq dərsi

Avtobus sürücüsündən insanlıq dərsi
  09 Aprel 2015    Oxunub:4949
Sevda Babayeva-Birer

Yaxşı və pis sürücü necə olur? Məsələn, sürücü-sərnişin arasında ünsiyyətin etik davranış çərçivəsində olması, yeri gələndə “zəhmət olmasa”, “lütfən” kimi bəsit, amma hörmət aşılayan kəlmələrdən istifadə etməsi, sükan arxasında telefonla danışmağın həm özü, həm də cavabdeh olduğu sərnişinlərin həyatı üçün nə qədər təhlükəli olduğunu dərk etməsi, bir çüval kartof daşıyırmış kimi insan dolu avtobusun sükanında avtoşluq etməsi, dayanacaqdan kənar saxlamaması, xüsusi qayğı tələb edən sərnişinlərə, məsələn fiziki məhdudiyyətli insanların rahatlığı üçün müvafiq tədbirlərin görməsi çətin deyil axı.


Bəs niyə etmirik? Nə mane olur? Tərbiyə? Ədəb? Sosial rifahın aşağı olması? Özəl həyatdakı mutsuzluq? Bütün bunlar ətrafımızdakı insanlarla aqressiya, kobud davranış üçün yetərli səbəbdirmi? Məncə, yox.

Neqativ hadisələr həyatımızı elə sarıb ki, bunların arasında bir vətəndaş kimi boğulmamaq mümkün deyil. Haqlı-haqsız arayışlarında kələfin ucu tamam itib, A-dan Z-yə hər şeyə iqtidar-müxalifət donu geydirmək, hər şeyə münasibətdə iki cəbhəyə ayrılmamaq mümkünsüzləşib.

Qısa zaman öncə ölkənin sosial gündəmini zəbt edən bir məsələyə qayıtmaq istəyirəm. Sürücü-sərnişin arasında yaşanmış o məşhur neqativ olayı yəqin xatırlayırsınız - avtobusa minmək istəyən fiziki məhdudiyyətli bir gəncin və ona yardım etməyən, daha doğrusu xüsusi sərnişinlər üçün təyin olunmuş qaldırıcı qurğunu işə salmaq istəməyən sürücünün əhvalatı.

Bu məsələni xatırlamaqda məqsəd “nə olursa-olsun, mən də müxalif bir fikir bildirim” düşüncəsi deyil. Sadəcə, həmin olaya alternativ bir başqa avtobus əhvalatının mənzərəsini cızmaq, hər şeyi qara rəngdə görənlərə ürəkaçan başqa rənglərin, çalarların da var olduğunu real nümunədə göstərmək istəyirəm - o məlum hadisədən bir gün öncə baş vermiş bir başqa avtobus əhvalatını sizinlə bölüşməklə.

Etiraf edim ki, bu barədə yazmaq fikrim yox idi. Amma ucdantutma bütün sürücülərə xalq düşməni, fiziki məhdudiyyəti olan və olmayan sərnişinlərə isə qurban donu geydirilməsinə, siyasi arenadakı iqtidar-müxalifət bölgüsünün sərnişin-sürücü münasibətində də təzahürünə biganə qala bilmədim. Haqq tərəzisi həqiqətən də varsa, beş dəfə pisi görüb deyəndə, bircə dəfə də yaxşıların da haqqını vermək lazım...

Deməli, əhvalat vaqe olub yenə də avtobusda. Axşam saatları idi. Təxmini desək, saat 19-20 radələri. Hər kəsin işdən evinə getməyə tələsdiyi, nəqliyyat vasitələrinin tıxaclarla yol “mübarizə”sindən sürücü qarışıq, sərnişinlərin də əsəblərinin tarıma çəkildiyi ən gərgin an. Füzuli meydanından hərəkət edən 25 saylı avtobusla Bakıxanov qəsəbəsinə qət edilən yol o qədər uzundur ki, bu müddətdə bir romanı oxuyub bitirmək mümkündür. Necə ki, mən də iş-güc, məişət qayğıları arasında kitab oxumağa vaxt tapıramsa, bunu paytaxtımızın tıxaclarına borcluyam.

Jostein Gaarderin “Sofinin dünyası” romanında olub-bitənlərə əməllicə aludə olmuşdum ki, arxa sıralardan “Su verin”, “Pəncərəni açın, nəfəs alsın”, “kimdə ürək dərmanı var”... kimi həyəcan dolu səslər eşitdim. Avtobusdakı sıxlıqdan nəyin baş verdiyini ancaq ehtimal edə bilirdim - kiminsə vəziyyəti pisləşmişdi. Yanılmadım da. Bir neçə dəqiqə sonra seyrəlmiş avtobusda insanların, təxminən 55-60 yaşlarında bir qadına yardım etmək çabalarını gördüm.

Sürücüdən su alıb verildi, pəncərələr də açıldı, dərman da içdirildi. Dildən düşməyən dualar da ki, öz yerində. Amma qadının vəziyyəti düzəlmirdi ki, düzəlmirdi. Ara-sıra dilində anlaşılmaz bir şeylər deyib, ucadan ah-zar edirdi. Kimsə bir şey anlamasa da, bağrını yaran hansısa dərddən bu hala düşdüyünü anlamaq çətin deyildi. Yardımların faydasızlığı sərnişinləri çaş-baş qoymuşdu. Sonda tək çarəni təcili yardıma zəng vurmaqda gördülər. Bu fikir ortaya atılan kimi hərə öz telefonuna sarıldı.

Avtobus da yenə səs-səsə qarışdı, hərə bir ünvan dedi. Xəttin o biri başında çağrını qəbul edən operator ambulansı hara göndərəcəyini bilmirdi. Hadisələrin avtobusun içində olduğunu nəzərə alsaq, təcili yardımın hansı ünvana gələcəyi sual doğururdu. Sürücünün işi isə lap çətin idi. Bilmirdi, xətt üzrə hərəkətinə davam edərək, sərnişinləri ünvana çatdırsın, hər günün sonunda verəcəyi planı düşünsün, yoxsa insan həyatını xilas etsin.

Qadını avtobusdan düşürüb yolun ortasına atmaq və hərəkətə davam etmək vicdansızlığın son həddi olardı. Təbii ki, bunu etmədi. Əlqərəz, belə qərara alındı ki, təcili yardımı Bakıxanov qəsəbəsində hər kəsin tanıdığı, bildiyi İcra Hakimiyyətinin yanına çağırsınlar. Amma tıxaclar, üstəlik dayanacaqda saxlamaq məcburiyyəti vəziyyəti qəlizləşdirirdi - deyilən məkana çatmaq üçün ən azı yarım saat lazım idi.

Vəziyyəti daha da kiritkləşən qadının həyatı isə bir ana bağlı idi. O ana ki, sonuc ya faciə ilə bitəcəkdi, ya da “happy end”lə.

Nəhayət, sürücü və sərnişinlərin razılığı ilə qərara alındı ki, avtobusu heç bir dayanacaqda saxlamasın, maksimum sürətlə birbaş İcra Hakimiyyətinin qarşısına sürsün. Düşmək istəyənlər bəri başdan düşüb başqa avtobusa minsinlər. Sərnişinlərdən kimsə etiraz etmədi, kimsə yorğunluqdan, evə tez çatmaq istəyindən, neçə saat ayaq üstə yol gəlməsindən, iki dəfə yol haqqı vermək məcburiyyətindən şikayət etmədi, hətta sürücü belə o an plan doldurmaq haqda düşünmədi.

Bəlkə də narazı qalanlar oldu, amma kimsə bu narazılığı dilinə gətirmədi. Anlayışla qarşılandı. Çünki, hər kəsin o dəqiqələrdə tək amacı, tək istəyi bir insan həyatı qurtarmaq idi. Hər kəs bir-birinə insanlıq aşıladı o gün.

Avtobus sürücüsü o gün bütün yol hərəkəti qaydalarını pozaraq xəstə sərnişini həmin məkana yetişdirdi, hətta təcili yardımdan 10 dəqiqə tez gəlib, gözlədi də. Buna da kimsənin etirazı olmadı. Halbuki, qadını orda düşürüb yoluna davam edə bilərdi. Lakin xəstəni təcili yardıma təslim etmədən getmədi. Vicdanı yol vermədi, yoxsa ictimai qınaqdan qorxdu, deyə bilmərəm. Tək bildiyim o gün hər kəsin bir nəfər üçün insanlıq adına cəmləşməsi oldu.

Etiraf edim ki, o gün insanımızla qürur duydum və bir anlıq ağlımdan məşhur bir deyim keçdi: “Xeyirxahlıq, yaxşılıq paylaşıldıqca gözəl olur, çoxalır”. Bəlkə bu deyimi həyata keçirək? Ən azından “əzik millət” kompleksindən qurtulmaq üçün səbəbimiz olsun.


Teqlər:  





Xəbər lenti