Pan Gi Mun Əli Həsənovun dəvəti ilə Bakıya gəlir

Pan Gi Mun Əli Həsənovun dəvəti ilə Bakıya gəlir
  01 Aprel 2015    Oxunub:1842
Suriya üzrə Üçüncü Beynəlxalq Humanitar Donorlar Konfransında iştirak edən Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Həsənov martın 31-də Birləşmiş Millətlər Təşkilatının baş katibi Pan Gi Mun ilə görüşüb.
AzVision.az xəbər verir ki, görüşdə qeyd olunub ki, ərazisinin 20 faizi Ermənistan tərəfindən işğala məruz qalan və 1 milyondan artıq qaçqın və məcburi köçkün problemi ilə üzləşən Azərbaycan Suriya qaçqınlarının vəziyyətini yaxşı başa düşür.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında BMT-nin baş katibinə ətraflı məlumat verən Əli Həsənov bildirib ki, münaqişəni sülh yolu ilə həll etməyə çalışan ATƏT-in Minsk qrupunun fəaliyyəti heç bir nəticə vermir. Ermənistan isə BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağın işğaldan azad edilməsi haqqında qəbul etdiyi 4 qətnaməyə məhəl qoymur.

Sonda Əli Həsənov Pan Gi Munu Azərbaycana səfərə dəvət edib.

Dəvətə görə təşəkkürünü bildirən BMT-nin baş katibi Azərbaycana gələn il səfər edə biləcəyini bildirib. Eyni zamanda, o qeyd edib ki, may ayında Bakıda keçiriləcək beynəlxalq tədbirə xüsusi nümayəndəsini göndərəcək.

Baş katib Azərbaycanın əhəmiyyətli coğrafi məkanda yerləşdiyini və onun rəhbərlik etdiyi təşkilatın rəsmi Bakı ilə əməkdaşlığını davam etdirəcəyini bildirib.

Görüşdə Azərbaycanın BMT ilə əlaqələrinin genişləndirilməsi məsələləri də müzakirə edilib.


Teqlər:  





Xəbər lenti