`Torpaqlarımız tezliklə azad olunacaq` - Zakir Həsənov

`Torpaqlarımız tezliklə azad olunacaq` - Zakir Həsənov
  31 Mart 2015    Oxunub:3012
Müdafiə naziri general-polkovnik Zakir Həsənov 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar hərbçilərə müraciət edib.

AzVision.az xəbər verir ki, nazirin müraciətində deyilir:

-31 mart 1918-ci il, 26 fevral 1992-ci il Azərbaycan xalqının tarixinin qanlı səhifələrindəndir. Analoqu olmayan bu faciələr əzəli və əbədi torpaqlarımızın zəbti ilə müşayiət olunaraq, ermənilərin azərbaycanlılara qarşı düşünülmüş, planlı surətdə həyata keçirdiyi soyqırım siyasətidir.

Xalqımızın Ümummilli lideri Heydər Əliyevin imzaladığı 1998-ci il 26 mart tarixli Fərmanın ermənilərin, həmçinin, onların havadarlarının Azərbaycan xalqının başına gətirdikləri müsibətlərin həm ölkə, həm də beynəlxalq ictimaiyyətin mühakiməsinə çıxarılmasında çox böyük və əhəmiyyətli rolu vardır.

Həmin Fərmanda qeyd edilir ki, Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra xalqımızın tarixi keçmişinin obyektiv mənzərəsini yaratmaq imkanı əldə edilmişdir. Uzun illər gizli saxlanılan, üzərinə qadağa qoyulmuş həqiqətlər açılır, təhrif edilmiş hadisələr özünün əsl qiymətini alır.

Tariximizin açılmamış və uzun illərdən bəri öz siyasi-hüquqi qiymətini almamış səhifələrindən biri - xalqımıza qarşı törədilən soyqırım məhz Ulu Öndərimizin sayəsində beynəlxalq aləmdə geniş təbliğ olunmağa başlamışdır.
Artıq 17 ildir ki, 31 mart - Azərbaycanlıların Soyqırımı günü kimi qeyd edilir.

Mən bu gün soyqırım qurbanlarının, ağır zamanlarda xilaskarlıq missiyası ilə köməyə gəlmiş türk qardaşlarımızın, eləcə də Azərbaycanın suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsini hörmətlə, ehtiramla yad edir və əmin olduğumu bildirirəm ki, siz qan yaddaşımızın kəsərli silah olduğunu heç vaxt unutmayacaq, tarixin ibrət dərslərindən nəticə çıxaracaq şəhidlərimizin qisasını alacaqsınız.

Müstəqil dövlətimizin iqtisadiyyatı durmadan dinamik sürətlə inkişaf edir. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin apardığı həm daxili, həm də xarici siyasət nəticəsində ölkəmizin nüfuzu dünyada günü-gündən yüksəlir, müdafiə qüdrəti daha da möhkəmlənir. Silahlı Qüvvələrimizin şəxsi heyəti döyüş və mənəvi-psixoloji hazırlıqda yeni-yeni uğurlu nailiyyətlər əldə edir.

İşğal altında olan torpaqlarımızın tezliklə azad olunacağı heç kimdə şübhə doğurmamalıdır.

Xalqına, dövlətinə və Prezidentinə güvənən Silahlı Qüvvələrimiz qarşısında duran bütün vəzifələri yerinə yetirməyə hər an hazır və qadirdir.


Teqlər:  





Xəbər lenti