Olimpiadanı kimlər və niyə `qaralayır`? - TƏHLİL

Olimpiadanı kimlər və niyə `qaralayır`? - TƏHLİL
  07 Mart 2015    Oxunub:9236
Olimpiada yaxınlaşdıqca, bəzi çevrələrin Azərbaycana qarşı təşkil etdiyi `Qara PR` kampaniyası da sıxlaşır. Ayrı-ayrı media orqanları və `hüquq müdafiəsi` adı ilə fəaliyyət göstərən qurumlar heç bir mənası olmayan köhnə söhbətləri yenidən məqsədli şəkildə dövriyyəyə qaytarır, ya da barmaqlarından təzələrini sorub çıxarmağa çalışırlar.

Sən demə, Avropanın ilk Olimpiadası kimi tarixi hadisəyə hazırlaşan Azərbaycanda müsibət hadisələr baş verir - bəzi adamların hüququ pozulub; avtobuslarda basa-basdır; hansısa fəhlənin sözlərinə görə, guya stadion çökür; və ən dəhşətlisi - küçə itlərini öldürürlər. Buna görə də, nə eləmək lazımdır? Olimpiadanı boykot etmək!

Yox, əksinə olsaydı - məsələn, küçə itlərinin şəhərdə sərbəst dolaşmasına icazə verilsəydi, onda da Qərbin uşaqları deyəcəkdilər ki, Bakıya getməyin, orda küçə itləri adamları qapır.

Əlbəttə, bu fikirləri ortaya atanlar özləri də anlayırlar ki, bir neçə küçə iti öldürülüb deyə, Olimpiada kimi nəhəng tarixi tədbiri boykota çağırmaq absurddur. Sadəcə olaraq, qlobal tədbirlər qabağı belə çirkin kampaniyaların təşkili beynəlxalq siyasətdə köhnə metodlardandır. Ötən il Soçidə keçirilən qış olimpiadası ərəfəsində bütün Avropa mediasında və sosial şəbəkələrdə çox aktiv şəkildə Soçinin hansısa tualetində olan problemin müzakirəsi gedirdi. Halbuki, sağlam məntiq və azca vicdanla yanaşanda, o boyda tikintinin, təşklatçılığın fonunda bir tualetdə problemin olması nədir ki?

2014-cü ildə Braziliyada keçirilən futbol üzrə Dünya Çempionatı ərəfəsində də Avropa mediası həmin ölkəyə qara yaxmaqla məşğul idi. Halbuki, ekspertlərin fikrincə, braziliyalılar son 25 ilin ən yaxşı dünya çempionatını təşkil etmişdilər.

Eyni hadisə 2008-ci ilin Pekin olimpiadası vaxtı olmuşdu: Avropada bir sıra mərkəzlər Çində insan hüquqlarından tutmuş, koalaların sayının azalmasına qədər nəyisə bəhanə edib, boykot çağırışı səsləndirirdilər. Amma bu, ən möhtəşəm olimpiadalardan biri oldu.

Misalları kifayət qədər artırmaq olarfəqət belə də aydındır ki, bu cür böyük tədbirləri qaralamaq cəhdi dünyada artıq standart praktikadır. Sual budur: Niyə?

Əvvəla,
istəinlən qlobal tədbiri keçirmək üçün iddialı dövlətlər çox olur. Onlardan bəziləri ev sahibi olmaq yarışında uduzmaqlarını bağışlaya bilmirlər. Çünki söhbət həm dünyada nüfuz, həm də yüz milyonlarla pul qazanmaqdan gedir. Və bu itkinin qisasını almaq üçün ev sahibi olan ölkəyə qarşı qara PR kampaniyası başladırlar ki, həm onu, həm də üstünlüyü ona verənləri gözdən salsınlar.

İkincisi, böyük tədbirlərə ev sahibliyi edən dövlətlər dünyada çox böyük bir diqqətin mərkəzində olurlar, onlarla bağlı istənilən informasiya adi halda olduğundan qat-qat artıq rezonans doğurur. Məsələn, adi vaxtda Azərbaycanda küçə itlərinin öldürülməsi heç vaxt dünyada belə əks-səda yaratmazdı, amma indiki ərəfədə yaradır. Bu fürsətdən istifadə edən anti-Azərbaycan qüvvələri, o cümlədən, erməni diasporu Azərbaycanla bağlı neqativləri daha çox yaymağa çalışırlar. Çünki bilirlər ki, indiki informasiya həssaslığı şəraitində səyləri daha tez nəzərə çarpacaq.

Yəni bir qədər sadə dildə desək, bu cür tədbirlərin bir mənfi yan effekti də var: onlar keçirildikləri ölkənin vurulması üçün əla imkan yaradır. Və o ölkəni gözü götürməyənlər mütləq bu imkandan faydalanırlar.

Nəhayət, üçüncüsü, bir sıra avrosentrist qüvvələr bu cür tədbirlərin Avropadan kənarda keçirilməsilə barışa bilmir, hesab edirlər ki, avropalılardan qeyri xalqlar sadəcə olaraq, Olimpiada, ya Çempionat keçirməyə qadir və layiq deyillər. Onlar da imkan daxilində ev sahiblərinə qara yaxmağa çalışırlar.

Beləcə, üç istiqamətdən formalaşan `Qara PR` kampaniyası hazırda Azərbaycanın üzərinə yönəlib. Təəssüf ki, kənardan olan bu informasiya hücumlarına daxildən dəstək verənlər də az deyil. Bəziləri bunu məqsədli şəkildə edərək, informasiya virusları buraxır, qalanları isə məqsədsiz şəkildə o virusa yoluxur və yayırlar.

Amma yenə də heç bir qorxusu yoxdur: çünki artıq 2012-ci ilin Avroviziya təcrübəmiz var. O zaman da həm xaricdən, həm daxildən xeyli qarayaxma cəhdləri olmuşdu. Tədbir boykota çağırılmış, “demokratiya üçün oxu” kimi yersiz təşəbbüslər irəli sürülmüşdü. Müxalif “Yeni Müsavat” qəzeti hətta yazmışdı ki, Qərb bizə nə dedisə, hamısını elədik. Bəli, elədilər, amma xeyri olmadı.

Vüsal Məmmədov
AzVision.az



Teqlər:  





Xəbər lenti