Özəl klinikalar qiymətləri artıracaqmı?

Özəl klinikalar qiymətləri artıracaqmı?
  03 Mart 2015    Oxunub:19182
Manatın dollara nisbətən dəyərini itirməsindən sonra istehlak bazarında süni qiymət artımı və bu vəziyyətdən sui-istifadə halları müşahidə edildi.
Doğrudur, İqtisadiyyat və Sənaye Nazirliyi süni qiymət artımına yol verən təsərrüfat subyektləri, özəl müəssisə rəhbərləri və sahibkarlara xəbərdarlıq edib. Artıq bir həftədir mağaza və ya obyektlərdə aparılan yoxlamalar zamanı süni qiymət artımının qarşısının alınması xəbərləri gəlməkdədir.

Ötən həftə, daha dəqiq desək, Mərkəzi Bankın qərarından dərhal sonra digər satış obyektləri kimi apteklərdə də dərmanların qiyməti artırılmışdı. Nazirliyin müdaxiləsindən sonra süni qiymət artımının qarşısı alındı, dərmanların qiyməti əvvəlki səviyyəyə düşdü. Hətta apteklərdə “Dərmanlar əvvəlki qiyməti ilə satılır” elanlarına da rast gəlinir.

Bəs manatın dəyərdən düşməsi özəl klinikalarda müayinə və müalicənin qiymətinə necə təsir göstərib?

Virtualaz.org saytı bu suala cavab tapmaq üçün klinikalarda həkim müayinəsi və xəstələrin daha çox istifadə etdiyi ultrasəs (UZM) müayinəsinin qiymətlərini araşdırıb.

“Modern hospital” klinikasından sayta bildirdilər ki, həkim qəbulu 25-30 manat arasında dəyişir. Yalnız tanınmış ginekoloqun müayinəsi üçün 50 manat ödəmək lazımdır. Qarın boşluğunun UZM müayinəsi 25 manatdır: “Hələlik qiymətlər dəyişməyib. Lakin yaxın bir-iki ayda qiymətlərin artırılıb-artırılmayacağını bilmirik”.

“Turan” klinikasında isə həkim müayinəsi 30 manatdan başlayır. Qarın boşluğunun UZM müayinəsi 20 manatdır. Müayinəyə böyrəklərin yoxlanılması da daxil olarsa, qiymət 25 manata yüksəlir. Ginekoloji UZM müayinəsi isə 25 manatdır.

Mərkəzi Klinik Xəstəxanada həkim müayinəsi fərqli qiymətədir. Yəni təcrübəli həkim, professor və ya kənardan dəvət olmuş həkimlərin qiyməti 45 manatdan 100 manatadək dəyişir. Digər həkimlərin müayinəsi isə 39 manatdır. UZM müayinəsinin qiymətləri də fərqlidir, yəni qiymətlər təyinata uyğun dəyişir. Amma UZM müayinəsinin ümumi qiyməti 40 manatdan aşağı deyil.

“City hospital”da həkim müayinəsi üçün 35 manat 40 qəpik ödəmək lazımdır. Həkim qarın boşluğunun UZM müayinəsini təyin edərsə, yenidən 35 manat 40 qəpik ödəmək lazımdır.

“Medilux” klinikasında isə qiymətlər fərqlidir. Həkimin qəbulu 20-30 manat arasında dəyişir. UZM müayinəsi isə 50 manatdan başlayır. Yəni əgər ginekoloqun müayinəsi üçün 30 manat ödəmisinizsə və UZM təyin olunubsa, o zaman 50 manat da əlavə ödəməlisiniz.

“Medical hospital” klinikasında isə həkimin qəbulu 20-30 manat arasında müəyyənləşdirilib. Qarın boşluğunun UZM müayinəsi üçün 30 manat ödəmək tələb olunur. Bu qiymətlərə böyrəklər daxil deyil.

“Ömür” klinikasında həkim müayinəsi həkimin ixtisasından və titullarından asılı olaraq dəyişir. Ümumi həkim müayinəsi isə 20-30 manat arasındadır. Qarın boşluğunun UZM müayinəsi də 30 manatdan başlayır.

“Vital” cərrahiyyə mərkəzində həkim qəbulu 30 manatdır. Qarın boşluğunun UZM 25 manatdır. Amma bu qiymətə böyrəklərin müayinəsi daxil deyil. Böyrəklərin müayinəsi üçün 30 manat ödəmək gərəkdir.

“HB Güvən” klinikasında isə fərqli qiymətlərdir. Məsələn, terapevtin, ginekoloqun qəbulu 50 manatdır. Amma bəzi həkimlərin müayinəsi 30 manata başa gəlir. UZM müayinəsi isə 50 manat müəyyənləşdirilib.

Qeyd edək ki, hələlik özəl klinikalar qiymətləri manata uyğunlaşdırmayıb. Amma qan analizləri, rentgen və digər müayinələri də nəzərə alsaq, elə manat dəyərdən düşməmişdən əvvəlki qiymətlər də əlçatan deyil.


Teqlər:





Xəbər lenti