Dollar Bakının telefon bazarını `vurdu` - FOTOLAR

Dollar Bakının telefon bazarını `vurdu` - FOTOLAR
  02 Mart 2015    Oxunub:21727
Azərbaycanda manatın dollara nisbətdə ucuzlaşmasından sonra elektrik mallarının qiyməti bahalaşıb. Qiymət artımı daha çox mobil telefon bazarına təsir edib. Belə ki, manatın devalvasiyasından əvvəllə müqayisədə hazırda telefon, planşet və digər elektron məhsulların qiymətində 30, 40 faiz bahalaşma hiss olunur.

Bahalaşmadan alıcılar kimi, satıcılar da narazıdırlar. Odur ki, qiymətlərin bahalaşmasından sonra mağazalar alıcı qıtlığı ilə üzləşib.

Bakıda telefon bazarındakı vəziyyəti öyrənmək üçün bir neçə mağazaya baş çəkdik. Nizami küçəsində yerləşən mağazalarda alıcı azlığı açıq-aşkar hiss olunurdu. Mağazaya daxil olan müştərilər yeni qiymətləri görəndə mobil telefon almaq fikrindən vaz keçirlər.

“Qiymətlər qalxdığından istədiyimiz telefonu ala bilmirik. Əvvəl yaxşı idi, telefonların qiymətləri münasib idi. İndi telefonlar çox bahadır. İmkanımız da yoxdur yaxşı telefon alaq”-deyə alıcılar şikayətləniblər.



5 ildən çoxdur telefon satışı ilə məşğul olan Roman Salayev bildirib ki, bir neçə gün öncə manatın ucuzlaşması ilə qiymətlər xeyli artıb. Belə ki, manatın devalvasiyasından əvvəl 599 manata satılan “iPhone6” markalı telefon hazırda alıcılara 839 manata təklif olunur.
“28 may” metrosunun yaxınlığında mobil telefon satışı ilə məşğul olan Ayxan Abdullayev də qiymətlərin bahalaşdığını təsdiqləyib. Onun sözlərinə görə, dolların qalxması ilə bütün telefonların qiyməti 32 faiz artıb.



Satıcı bildirib ki, “Nokia”, “Samsung”, “iPhone”, “LG” markalı bütün telefonların qiymətində artım var.

“Belə ki, “iPhone 6”nı dollar qalxmayana kimi 599 manata satırdıq. Dolların yüksəlməsi ilə onun qiyməti 850 manata kimi qalxdı. Hazırda isə onun qiyməti 840 manatdır. Topdansatış qiymətləri artdığı üçün biz də qiyməti artırmağa məcbur olmuşuq”-deyə satıcı bildirib.



Digər bir satıcı Süleyman Veyisov da bizimlə söhbətində qeyd etdi ki, bütün telefonların qiyməti qalxıb. Onun sözlərinə görə, “iPhone 6”-ya tələbat çox olduğundan qiymətini daha çox qaldırıblar:

“Alıcılıq qabiliyyəti isə əvvəlki kimi yüksək deyil. Telefon alanların sayı demək olar ki, azalıb. Hazırda “iPhone 5S” 639 manata təklif olunur. “iPhone 6”-nın qiyməti dolların yüksəlməməsindən əvvəl aşağı olduğu üçün yaxşı satılırdı. İndi isə alıcılar ara-sıra gəlir”.
Ümumiyyətlə bir neçə mağazada olduğumuz zaman alıcıya rast gəlmədik. Həmçinin mağazalarda telefonların elə də bolluğu müşahidə olunmurdu. Göründüyü kimi manatın ucuzlaşması Bakının telefon bazarından da yan keçməyib.





Anar Kəlbiyev


Teqlər:  





Xəbər lenti