İyrənc siyasətin qurban verilən `piyada`sı

İyrənc siyasətin qurban verilən `piyada`sı
  28 Fevral 2015    Oxunub:3584
Elşən Musayev

Dünya şokdadır: Rusiya müxalifətinin əsas simalarından biri, Boris Nemtsov qətlə yetirildi... Zatən məqsəd də “şok terapiyası”idi. Ayrıca, bütün detallar və ehtimal edilən rezonanslar öncədən hesablanaraq. Fəqət kim tərəfindən? Niyə? Hansı zəmində?


Bütün gözlər və diqqətlər heç şübhəsiz, Putinə yönəlib. Çünki Nemtsov bir başqasının deyil, onun müxalifi idi. Ən sərt formada tənqid edir, bütün riskləri gözə alır, müxalifət düşərgənin yekdil lideri olmağa çalışırdı...

Fəqət, adam son TV çəkilişlərin birində inanılmaz səhv buraxdı. Və mənim fikrimcə, baş nazirin eks müavinini bitirən və “yandıran” da həmin səhv idi. O, peşəkar siyasətçiyə xas olmayan tərzdə həyatını dəyişdirəcək bir cümlə işlətdi: “Qorxuram ki, Putin məni öldürtdürə....”

Hazırda istintaqın nə işlə məşğul olduğunu ehtimal edə bilmərəm. Amma bir siyasətçi və köhnə əməliyyatçı intuisiyam mənə bunları deyir: Qətlin motivi Nemtsovun müxalifətçiliyindən daha çox, haqqında danışdığım məlum açıqlamanın kontekstində araşdırılmalıdır:

1) Nemtsovun fikrindən kim bəhrələnə və bunu anındaca reallaşdıra bilərdi?
2) Müxalifət liderinin ölümü bu məqamda ən çox kimlərə sərf edirdi?

Hər halda, Putin bütün variantlar üzrə məğlubdur. Təbii, qətldə əli olduğu üçün deyil (ən sadəlöhv adam da tapşırığın Putindən gəldiyinə inanmaz), ən böyük rəqiblərindən birinin təhlükəsizliyini təmin edə bilmədiyi üçün! Ayrıca, bayaq haqqında danışdığım açıqlamadan sonra Putinin siyasi analitikləri çox real görünən ehtimalı nəzərdən qaçırmamalı, Rusiya Prezidentinin onsuz da bərbad olan imicinə növbəti zərbənin vurulmasına zəmin yaratmamalı idilər...

İkinci məsələ qadın faktorudur. Yəni, siyasi qətllərin klassik metodu: Cəmiyyət içində müsbət xarakterizə olunan şəxs (lider) ailədən kənar, qeyri-rəsmi izdivacda olduğu (üstəgəl aralarında isti münasibətlərə kimsənin şübhə etmədiyi) bir xanımın ya evində, ya bağında, ya da eləcə yanında, yəni bir addımlığında qətlə yetirilir. Qadına isə toxunulmur. İlk baxışdan kuryoz görünən məqam da budur: Kritik qətllərin heç birində şahid saxlamayan killerlər niyə məhz bu tip cinayətlərdə şahidlə centlimencə davranıblar?

Səbəb:

Qadının əsas təyinatı cinayət törədiləndən sonra başlayır. Fikirlər və diqqətlər ona yönəlir, onun hər incə kəlməsi, pozu (model seçimi təsadüfən deyil) Nemtsovun “müxalifətçi” imicindən daha çox “baz” imicini formalaşdırır, qətlə yetirilən şəxsin öz ailəsi, xanımı qısqanclıq (ya da vəziyyətə adekvat nifrət) zəminində həmin vaxt verə biləcəkləri ən ciddi, ən kritik, ən kəskin açıqlamalardan imtina edir. (Hərçənd bu cür cinayətlərin açılmasında ən böyük “silah“ ailədir. Onların bildiyi və verə biləcəyi informasiya kimsədə olmur).

Və... beləcə planın birinci hissəsi peşəkarca sona varır. Yəni ailənin başı özünə qarışır. Oysa, qadın da sifariş əsnasında öldürülsə, fikir yayındırmaq mümkün olmaz. Çünki məzara gömülən insan bütün mübhəmləri, neqativləri, şübhələri (hətta üzərindəki qısqanclıqları belə) özü ilə bərabər həmin məzara aparır. “Fiqur” kimi sıradan çıxır...

Və nəhayət... cinayətin törədilməsində əsas faktorlardan biri - Putinin fərdi gücü!!! Bəli, bəli, elədir ki, var! Nemtsovun deyil, məhz Putinin fərdi gücü!

Siyasətlə kəşfiyyatın birləşmiş obrazını öz simasında cəmləyən Putin həqiqətən qeyri-adi dirənişə, dözümə, səbrə, hiyləgərliyə sahib siyasətçidir. Ona görə bütün dünya səfərbər olub adamın kürəyini yerə vura bilmədi, ard-arda sıralanan sanksiyalar bir işə yaramadı, gözləntilərin əksinə olaraq rubl qalxdı, (həm də qətldən bir gün əvvəl) Beynəlxalq dəstək artdı, Avropa Qərbin hiyləsini duyub geri çəkildi, (ən azından neytral qaldı) Rusiyanın Beynəlxalq aləmdən təcrid planı fiaskoya uğradı...

Nəsə eləmək lazım idi. Üstəlik, birləşmiş müxalifətin “anti-böhran” mitinqinə 1 gün qalmış...

P.S Yadıma bir lətifə düşdü. (Hər nə qədər mövzu kontekstində qeyri-həmahəng səslənsə də) Demək, bir gün kanalizasiyanın içində zir-zibillə, binaların tualetlərindən tökülən nər-nəcislə uğraşan fəhlədən gəlib soruşurlar ki, siyasi partiya yaradırıq, ora üzv olarsan? Adam qayıdır: “Sən canı məni murdar-murdar işlərə alət etməyin...”

Bax, belə...

İyrənc siyasətin peşəkar oyunbazlarının qurban verəcəyi piyadalar hər zaman vardır!



Teqlər:





Xəbər lenti