Türkiyədə Xocalı Parkı açıldı

Türkiyədə Xocalı Parkı açıldı
  28 Fevral 2015    Oxunub:1374
Türkiyənin Manisa şəhərində Xocalı Şəhidləri Parkı açılıb.
AzVision.az xəbər verir ki, Türkiyənin Manisa şəhərinin Turqutlu Bələdiyyəsində Xocalı Şəhidləri Parkı açılıb. Parkın açılış mərasimində Türkiyə parlamentinin deputatı Sinan Oğan, Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndəsi Kənan Məmmədov, Türkiyə Azərbaycan Dərnəyinin sədri Ənvər Türkoğlu, Bələdiyyə sədrinin müavinləri Hakab Sezer, İsgəndər Tunc, Azərbaycan diaspor təşkilatlarının təmsilçiləri, çox sayda yerli sakin iştirak edib.

Türkiyə Azərbaycan Dərnəyinin yerli şöbəsini rəhbəri Ender Solhan, mərasimə toplaşanlara Xocalı soyqırımının dəhşətləri haqqında məlumat verib, 1992-ci il fevralın 26-da Ermənistan silahlı qüvvələri tərəfindən Xocalı şəhərində dinc sakinlərə qarşı törədilmiş qəddarlıqları bir daha xatırladıb. Bu dəhşətlərin sözlərlə ifadə edilməyəcək qədər acı və unudulmayacaq qədər qorxunc olduğunu deyən Ender Solhan əlavə edib ki, “biz də bu faciənin heç vaxt unudulmaması üçün bu parka Xocalı Şəhidlər Parkı adını verdik”.
Turqutla Bələdiyyəsinin sədr müavini Hakan Sezer bu qətliama dünya ictimaiyyətinin səssiz qalmasını vurğulayaraq, ədalətin bərqərar olacağına, günahsız insanların qanının yerdə qalmayacağına inandığını deyib.

Türkiyə Böyük Millət Məclisinin üzvü Sinan Oğan Turqutlu Bələdiyyəsinin sədri Turqay Şirinə təşəkkür edib. Atatürkün “Azərbaycanın kədəri kədərimiz” sözlərini xatırladan Sinan Oğan deyib ki, bu parka Xocalı Şəhidləri adının verilməsi dolayısı ilə Atatürkün mirasına sahib çıxmaqdır: “Türkiyə ilə Azərbaycan iki dövlət, bir millətdir. Xocalı isə ortaq dərdimizdir”.
Çıxışlardan sonra lent kəsilərək parkın açılışı olub. Qeyd edək ki, Turqutlu bələdiyyəsi ərazisində salınmış yeni yaşıllıq əraziyə Xocalı Şəhidləri Parkı adının verilməsi təklifi Türkiyə Azərbaycan Dərnəyi İdarə Heyətinin üzvü Ender Solhanın tərəfindən irəli sürülmüşdü.


Teqlər:





Xəbər lenti