`Əli Kərimli Rusiya agentidir` - Qüdrət Həsənquliyev

`Əli Kərimli Rusiya agentidir` - Qüdrət Həsənquliyev
  28 Fevral 2015    Oxunub:13366
BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev “Gündəlik Teleqraf” qəzetinə müsahibə verib. AzVision.az həmin müsahibəni ixtisarla edir.

- Xankəndində əsir götürülən Dilqəm Əgərov və Şahbaz Quliyevin məhkəmə prosesi gedir. Sizcə, nədən müxalifət bu məsələyə xüsusi diqqət ayırmır?


- Milli Şuranın adı milli xəyanət şurası qoyulsaydı, bu daha mahiyyətəuyğun olardı. Vaxtilə mən Milli Şura haqda danışanda çoxları düşünürdü ki, orada təmsil olunan bəzi şəxslərlə münasibətlərimin pis olması bu açıqlamalarıma səbəb olur. Ancaq bu, belə deyil. Mən qeyd etmişdim ki, İbrahimbəyov seçkidən 2 il əvvəl Azərbaycana göndərilmişdi ki, ziyalıları öz ətrafında səfərbər etsin. Bununla da Rusiya siyasi hakimiyyətə təzyiq rıçaqı əldə etsin. Həmin dövrdə də İbrahimbəyova ilk dəstək verən Əli Kərimli oldu. Əli Kərimlinin Rusiyanın agenti olmasına dair ciddi əsaslarım var. Mən bunu söyləsəm də, təəssüf ki, jurnalistlər bu haqda onun özünə sual vermir.

- Dediklərinizi necə əsaslandıra bilərsiniz?

- Tələbə olduğum zaman Rəhim Qazıyev, Nemət Pənahlı və Əli Kərimli “Şmit” zavodunda yaradılan Müdafiə Komitəsinin üzvü idilər. Onlar 20 yanvarda SSRİ ordusunun Bakıya daxil olmasını qorumalı, şəhərin giriş-çıxışında qurulan barrikadalara bir növ nəzarət etməli idilər. 20 yanvarın səhəri gün biz tələbə yoldaşlarımızla maraqlanırdıq. Baxdıq ki, Əli Kərimli yoxdur. Yanvarın 21-də Əli Kərimli meydana çıxdı. Ona yataqxanada sual etdim ki, 20 yanvarda harada idin. Çünki həmin vaxt Kərimlinin Müdafiə Komitəsinin üzvü olduğuna dair vəsiqəsi “Krasnaya Zvezda” qəzetində çap olunmuşdu. Qəzetin Moskvada çap olunduğunu nəzərə alsaq, bu vəsiqənin surətinin sürətlə Moskvaya kim tərəfindən göndərilməsi maraqlı idi. Çünki qəzetdə əsaslandırılırdı ki, Bakıda orduya müqavimət olub, Müdafiə Komitəsi yaradılıb, Əli Kərimli də onun üzvlərindən biri olub.

Həmin vaxt Əli Kərimlinin yaxını və qohumu olan Rahim Hacıyev avtomobillə köşkləri gəzib “Krasnaya Zvezda” qəzetini yığırdı ki, qəzet əhali arasında yayılmasın. Biz də Əli Kərimliyə sual etdik ki, sən axşam harada idin, necə oldu ki, vəsiqən sovet ordusunun mətbuat orqanında çap edilib. O da dedi ki, gecə onu rus əsgərləri tutub, indiki Nəqliyyat Nazirliyinin yanında bir yerdə saxlayıblar. Əli Kərimli də düşünüb ki, üzərini axtarsalar, Müdafiə Komitəsinin vəsiqəsi çıxa bilər. Bu səbəbdən ayaq yoluna getmək istədiyini deyib və orada vəsiqəni cibindən çıxararaq corabına qoyub. Dedi ki, əsgərlərin göstərişi ilə əllərini göyə qaldırıb dururlarmış, bu zaman düşünüb ki, üzərini axtarsalar, corabına baxa, vəsiqəni əldə edə bilərlər. Ona görə də əllərini yorulduğunu hiss etdirmək üçün aşağı salır, taqətsiz olduğunu göstərir. Əsgərin diqqəti yayınandan sonra vəsiqəsini corabından çıxararaq divardan küçəyə tullayır. Vəsiqəni isə rus əsgərləri taparaq komendaturaya verir. Bu, absurd əsaslandırma idi. Yaxşı, əgər onun dediyi kimi idisə, nədən sonra onu axtarmadılar, barəsində cinayət işi qaldırılmadı və həbs edilmədi?

İkincisi, BDU-nun 90 illiyi ilə bağlı kitab buraxılıb və siz orada fotoları görə bilərsiniz. Əli Kərimli universitet üzrə komsomolun büro katibi idi. KQB-nin də universitetdə şöbəsi var idi. Əli Kərimli Mirabbas Qasımovun adamı idi. Mirabbas müəllim rektor idi və Mütəllibova yaxın idi. Universitetdə komsomolun katibinin xalq hərəkatına qoşulması təsadüfi deyildi. Biz bunu sonradan təhlil edəndə belə nəticəyə gəldik.

Sizə daha bir fakt deyə bilərəm. Bunu Qəzənfər Əhmədov da təsdiq edib. 1990-cı ildə Bakıda komendant saatı tətbiq edildi və 1 il davam etdi. 1991-ci il aprelin 27-də biz BDU-nun AXC təşkilatının idarə heyəti olaraq qərara aldıq ki, Azərbaycanın işğalı günü kimi aprelin 27-ni qeyd edək. Universitet rəhbərliyi buna qəti etiraz etdi. Orada Mirabbas Qasımovun iki yaxın adamı- Əli Kərimli və Cəmil Həsənli idi. Hamı bilirdi ki, Kərimli onun kabinetində olur. Həmin qərarımıza görə Əli Kərimli bizə dedi ki, siz təxribatla məşğulsunuz, ölkədə sabitliyi pozmaq istəyirsiniz. Biz də buna məəttəl qaldıq. Normalda komendant saatını pozmaq lazım idi. Həmin iclasda 9 nəfər məni müdafiə etdi, Cəmil Həsənli daxil olmaqla 6 nəfər Əli Kərimlini müdafiə etdi. İdarə heyətinin üzvlərindən Paşa bəy, Rauf Qarayev, Sevil xanım var idi. Tapıb soruşa bilərsiniz. Biz aprelin 27-də aksiya təşkil etdik, polis zorakılıq etdi.


Bir gün Qəzənfər Əhmədov mənə dedi ki, Əli Kərimli AXC sıralarından istefa edir və ərizəsini mənə verib. Mən də soruşdum ki, o, növbəti iclasa gələcək, ya yox? Qəzənfər bəy də dedi ki, bilmirəm. Aprelin 27-də tədbirdən sonra, mən yüz faiz əminəm ki, ona tapşırıq verilmişdi ki, AXC-yə qayıt. Əli Kərimli heç nə olmamış kimi gəlib idarə heyətinin iclasında oturdu. Mən gördüm ki, iclasda əyləşib, onu hərəkətinə görə danladım. Hətta İbrahim Vəliyev ona dedi ki, sizin bu hərəkətinizin bir adı var - fərarilik. Hamının gözü qarşısında mən onun AXC-dən istefa ərizəsini cırdım, dedim ki, belə qəbul edək ki, sən bunu yazmamısan, biz də görməmişik. Beləcə, Əli Kərimli fəaliyyətini davam etdirdi.

Mən indi bu prosesləri təhlil edəndə görürəm ki, o, istefa ərizəsi yazandan sonra iclasa elə-belə gəlməyib. Onu universitet rəhbərliyi təkrar təşkilata göndərmişdi. Hansı ki, 27 aprel tədbiri ilə bağlı bizi şəxsən rəhbərlik qəbul etdi, hədə-qorxu gəldi ki, tədbir olsa, sizi universitetdən qovacağıq. Sözüm ondadır ki, sonradan Əli Kərimli Milli Şurada rol oynadı, Cəmil Həsənli də onunla oldu. Hətta Putinə məktub yazıb onu demokrat kimi təqdim etdilər. Putinə hazırladıqları məktub mətbuatda dərc edildi. Əli Kərimli bu gün maliyyəni Qərbdən alsa da, onun Rusiyaya işləməsini düşünməyə ciddi əsaslar var. Məsələn, Əli Kərimlinin Qənimət Zahidi pul üçün Rusiyaya göndərməsi. Və ya Qənimət Zahid Cənubi Azərbaycandan yazırdı, Əbülfəz Elçibəyin yanında idi. Onun İrana göndərilməsi anlaşılan deyildi. Bildiyiniz kimi, Qənimət Zahid Azərbaycana qayıdan kimi dedi ki, onu İranda saxlayıblar, əməkdaşlığa cəlb etmək istəyiblər. Adətən, ikili agentlər bu metoddan istifadə edirlər.

Ona görə deyirəm ki, Əli Kərimlinin sovet vaxtından KQB-yə işləməsi ilə bağlı ciddi əsaslar var. Bu günə qədər mətbuatda dəfələrlə məsələ qaldırılıb ki, onun vəsiqəsinin “Krasno Zvezda” qəzetində çap olunması necə baş verə bilərdi, ancaq Əli Kərimli bu məsələyə aydınlıq gətirmir. Çünki bilir ki, mətbuat bunu araşdıracaq.


- Razi Nurullayev deyir ki, istefasına səbəb kimi Əli Kərimli onun satqın olması haqqında ABŞ və Britaniya səfirliyindən informasiya aldığını göstərib...

- Mən bunu oxuyanda dərhal düşündüm ki, Əli Kərimli ABŞ və Britaniya səfirliyinin adını çəkirsə və özü də bilir ki, partiyadan çıxardığı adam bu haqda mətbuata danışacaq, deməli, böyük ehtimalla ona məlumatı Rusiya kəşfiyyatı verib. Razi Nurullayevlə bağlı deyiblər ki, bu, milli düşüncəli şəxsdir, ondan ehtiyatlı ol. İstisna etmirəm ki, Əli Kərimli müavinlikdən çıxardığı şəxsin mətbuatda bu haqda danışacağını bilməmiş deyildi. Nə vaxt ki, Rusiya ilə indiki iqtidarın münasibətləri yaxşıdır, Əli Kərimlidən Rusiya kəşfiyyatı öz xeyrinə istifadə edəcək.

Baxın, 2005-ci ildə müxalifət mitinqlər keçirirdi. Hansı ki, bu aksiya hökumətə lazım deyildi. Həmin vaxt Əli Kərimli oturaq aksiya qərarı verdi, başına bir dubinka vurulan kimi də meydandan götürüldü və bununla da aksiyalar dayandırıldı. Deyim ki, onun radikallığı da icazə verilən radikallıqdır, sadəcə o, hakimiyyətə sərf edir deyə oturub orada. Əslində, indiki durumdan narazı olan bir qrup insan onun radikal bəyanatlarına inanaraq ətrafında ola bilərlər. Bəzi insanlar bir şey düşünür: bu iqtidar getsin. Bunun Rusiya, Amerika və ya İranın əli ilə edilməsinin fərqi yoxdur. Əsas odur ki, özləri hakimiyyətə gəlsin. Bu hakimiyyətin də xaricdən kim tərəfindən idarə olunacağının da onlar üçün əhəmiyyəti yoxdur. Amma milli qüvvə olub, Əli Kərimlini tanıyandan sonra onunla bir yerdə olmaq mümkün deyil.

Mən öncədən də demişdim ki, milli düşüncəyə malik olan, demokratik xarakterli insan Əli Kərimli ilə birgə ola bilməz. Əli Kərimli ilə birgə olanlar ya onu tanımırlar, ya da xarakter oxşarlıqları var. Əbülfəz Elçibəyin vaxtında AXC İdarə Heyətinin 19 üzvü olub. Ancaq onlardan biri də Əli Kərimlinin yanında qalmayıb. İndi baxın görün onun yanında olanlarla bir “JEK”i idarə etmək olarmı? Kim ondan aralanmaq istəyirsə, şantaj edirlər. Deyirlər ki, ya hökumət satın alıb, ya da qorxaqdır. Ancaq düşünmürlər ki, bu insanlar Əli Kərimlini tanıyandan və onunla indiki hökumət arasında seçim edəndə üstünlüyü iqtidara verir. Sən niyə bu barədə düşünmürsən? Necə oldu AXC İdarə Heyətinin 19 nəfər üzvü satqın oldu, ancaq sən prinsipial oldun? Biz zaman-zaman sənin necə prinsipial olduğunu görmüşük. İndi onun qalması hakimiyyətə də sərf edir, çünki onun zaman-zaman müxalifətdə ləkələmədiyi siyasətçi yoxdur. Ən yaxın müttəfiqlərinə qarşı qeyri-səmimi olub, arxasından iş aparıb. Müsavata qarşı apardığı kampaniya gözünüzün qarşısındadır.



Teqlər:  





Xəbər lenti