Prezident xəbərdarlıq etdi, siqaret ucuzlaşır?

Prezident xəbərdarlıq etdi, siqaret ucuzlaşır?
  28 Fevral 2015    Oxunub:14197
Azərbaycanda siqaretin qiyməti ucuzlaşacaq.

Bu barədə AzVision.az-a paytaxt mağazalarında çalışan satıcılar məlumat veriblər. Bildirilib ki, İqtisadiyyat və Sənaye Nazirliyinin əməkdaşları mağazalarda apardıqları reydlər zamanı ərzaq məhsulları ilə yanaşı tütün məmulatlarının da əvvəlki qiymətlərlə satışa çıxarılmasını tələb ediblər.

Nazirlik rəsmiləri mağaza sahiblərinə qiymətlərin qaldırılmaması ilə bağlı ciddi şəkildə xəbərdarlıq edib.

“Bir neçə gün idi ki, siqaret əvvəlki qiymətlərlə müqayisə də 70, 80 qəpik baha satılırdı. Qiymətlər firma tərəfindən qaldırılmışdı. Bu gün isə nazirlikdən ciddi tapşırıq verildi ki, siqaret və bütün tütün məmularları əvvəlki qiymətlərlə satılmalıdır. Əks təqdirdə, ciddi cəza tədbirləri görüləcək. Sabahdan siqaretlər əvvəlki qiymətə satılacaq”-deyə mağazada çalışanlar əməkdaşımıza bildirib.

Qeyd edək ki, manatın ucuzlaşmasından sonra yerli bazarlarda ərzaq məhsulları ilə yanaşı tütün məmulatlarının da qiyməti süni şəkildə bahalaşmışdı. Fürsətdən istifadə edən işbazlar siqaretin qiymətini nə az, nə çox 80 qəpik, 1 manat civarında qaldıraraq satışa çıxarmışdılar. Bu isə alıcıların etirazına səbəb olurdu.

Ölkə başçısının süni qiymət artımının qarşısının alınması ilə bağlı ciddi xəbərdarlığından sonra İqtisadiyyat və Sənaye Nazirliyi reydlərə başlayaraq neqativ halların qarşısını almağa başladı. Dərman preparatları və ərzaq məhsullarının qiyməti nazirliyin müdaxiləsindən sonra endirildi. Hazırda nazirlik tərəfindən qiymət artımına yol verən firmalara qarşı reydlər davam etdirilir.

Anar Rüstəmov


Teqlər:  





Xəbər lenti