Rəsul Quliyevin ən gülməli müsahibəsi

Rəsul Quliyevin ən gülməli müsahibəsi
  26 Fevral 2015    Oxunub:9182
“Azərbaycan hərbə xərclənən 3,5 milyardı 1,5 yarıma endirməlidir”. Sizcə, bunu kim deyib? Üç dəfədən tapın. Ermənilər? Xeyr. Ruslar? Yenə də xeyr. Bunu Milli Məclisin sabiq spikeri, indi isə mediaya müxalifətçi kimi türkün sözü, poz verən Rəsul Quliyev `Meydan TV`-yə müsahibəsində deyib.

Deməli, keçmiş zavod direktoru manatın kursu və iqtisadi vəziyyətlə bağlı bəzi məsləhətlər verib. Onlardan birilə artıq tanış oldunuz. Digərinə baxın: “Dövlət idarələrində və hüquq-mühafizə orqanlarında çalışanların sayı 2 dəfə aşağı salınmalıdr”. Görünür, işsizlik problemi mister Quliyevin vecinə deyil. Niyə də olsun ki? Onu buradakı insanlardan bir qitə və bir okean ayırır... Yeri gəlmişkən, Quliyev tikintiləri də dayandırmağı təklif edir.

Qarabağ münaqişəsilə bağlı isə Quliyev belə bir resept verib: “Onsuz da 3,5 milyardlıq hərbi xərclə Rusiyanın qarşısında dayana bilməyəcəklər, necə ki, Ukrayna dura bilmir. Baxmayaraq ki, ukraynlılar azərbaycanlılardan 50 dəfə çox döyüşkəndirlər”.
Birinci sual: “Ukraynalıların azərbaycanlılardan 50 dəfə çox döyüşkən olduğunu” Quliyev necə ölçüb? Və hansı ölçü vahidi ilə?
İkinci sual: Əgər “Rusiyanın qabağında dayana bilməyəcəyiksə”, nə edək, Qarabağdan əl çəkək? Eks-spiker bunumu təklif edir?

Başqa bir dahiyanə fikri isə Rəsul Quliyev Olimpiada ilə bağlı səsləndirib: “Olimpiyada bizə lazım deyildi” . Bunu Rəsul Quliyev hansı ağılla deyir? İndi özünüz görəcəksiniz. Müsahibədən bir parçanı olduğu kimi veririk:

“- ...Bunları həyata keçirmək üçün gərək Azərbaycan Dünya Ticarət Təşkilatından çıxsın...
- Azərbaycan həmin təşkilata hələ üzv də deyil...
- Mən elə bilirdim üzvdür”.

Yəni adam nədən danışdığını özü də bilmir, amma ağıllı görkəm alaraq, iqtisadi məsləhətlər verir. Sözün başını buraxıb, nə gəldi ötürür bayıra...

Ləzzətlisi budur ki, müsahibənin yarısını keçəndən sonra `Meydan TV`-nin əməkdaşı ilə sözləri çəp gəlməyə başlayır. Və Rəsul Quliyev müsahibəni götürənə sübut eləməyə çalışır ki, xalq etiraza qalxmayacaq: “Hökumətin və müxalifətin paralel apardığı siyasət elə bir şərait yaradıb ki, ölkədə mütləq sabitlikdir. Yaxın gələcəkdə də hansısa qüvvənin çıxa biləcəyi görünmür, defolt olsa belə. Mən hökumətə qarşı çıxa biləcək qüvvə görmürəm”,- bunu Rəsul Quliyev deyir. Bir abzas sonra isə belə ərz edir: “…Sabitliyin davam edəcəyinə ümid etmək olmaz”. Yəni özü-özünü təkzib edir. Sonra isə təkzibini də təkzib edir: “Ümumiyyətlə, azərbaycanlılar təşkil olunmuş şəkildə mübarizə aparmağı bacaran millət deyil”. Belə görünür ki, Rəsul Quliyev nə danışdığını, nəyi demək istədiyini heç özü də düz-əməlli anlamır.

Amma ən ləzzətlisi müsahibənin axırındadır. “Mən gözümü açandan rüşvət və korrupsiyadan zəhləsi gedən olmuşam, heç vaxt bununla barışmamışam” ,- bu sözləri “korrupsiya kralı”, illərlə “Azərneftyağ”da neftlənib-yağlandığı hər kəsə bəlli olan Rəsul Quliyev deyir. Riyaziyyat həvəskarları üçün kiçik bir məsələ: Zavod direktoru olanda bir gündə nə qədər rüşvət almaq lazımdır ki, Amerikaya köçəndən sonra illərlə xərcləyəsən, qurtarmasın?

Tariyel Həsənov


Teqlər:  





Xəbər lenti