Neft bahalaşmağa davam edəcəkmi? – TƏHLİL

Neft bahalaşmağa davam edəcəkmi? – TƏHLİL
  19 Fevral 2015    Oxunub:5688
Dünya bazarlarında xam neftin qiymətlərinin ötən ilin iyun ayından başlanan ucuzlaşması prosesi artıq dayanıb. Belə ki, son həftələr ərzində müxtəlif markalı xam neft qiymətlərinin 50-60 ABŞ dolları arasında rəqs etməsi ucuzlaşmanın artıq arxada qaldığını deməyə əsas verir.

Eyni zamanda, ötən 8 ay ərzindəki tendensiya nə qədər “basqı yapıldısa” da qiyməti 40 dollardan aşağı salmaq mümkün olmadığını göstərdi. Başqa sözlə desək, qlobal iqtisadiyyatın bu günki tələbləri nöqteyi-nəzərdən xam neftin qiymətinin “dib nöqtəsi” əyani göründü. Bəs, ucuzlaşmanın dayanmasına səbəb nə odu? 8 aydır davam edən tendensiya nədən “tormozlandı”?

Məlumdur ki, ötən müddət ərzində ucuzlaşmanın qarşısını almaq məqsədilə istər ayrıca olaraq Səudiyyə Ərəbistanına, istərsə də OPEK-ə nə qədər güclü təzyiqlər göstərilsə də, hasilat azaldılmadı. OPEK-in keçən ilin noyabrın 27-də keçirilən iclasını xatırlamaq kifayətdir. Həmin iclasda üzv ölkələrdə hasilatı nisbətən azaltmaq qərarına gəlinsəydi qiymətlər indi deyil, iki ay öncə sabitləşəcəkdi. Ancaq görünür, ucuzlaşmada marağı olan, onun elə bahalaşmasında da əsas səbəbkar olmalı idi. Söhbət, ABŞ-dan gedir.

Belə ki, dünyanın bir nömrəli iqtisadi gücünə malik olan bu ölkə “qara qızılın” ucuzlaşmasından nə qədər xeyir götürsə də, mənfi təsirlərindən yaxa qutara bilməzdi. Çünki Birləşmiş Ştatlar nə qədər güclü iqtisadi gücə sahib olsa da hər halda qlobal iqtisadiyyatın bir üzvü sayılır.

Ümumiyyətlə, əvvəl də bəlli idi ki, dünya bazarlarında adi neftin qiyməti şistdən çox da aşağı düşə bilməzdi. Hətta düşsə belə, qısa zaman ərzində qayıdaraq yenə azı eyni səviyyədə olacaq. Buna hətta, Səudiyyə Ərəbistanında bir quyudan ABŞ-da şist nefti çıxarılan əsas yer olan Şimali Dakotadakı quyu ilə müqayisədə 26-27 dəfə çox neft çıxarılması faktı da mane ola bilməzdi.

Çünki ABŞ-da şist neft sənayesi süqutu uğruya bilər. Biz hələ, neft sənayesinin digər sahələrini demirik. Sonuncu məlumata əsasən, neftin qiymətinin axırıncı 6 il ərzində minimuma enməsi nəticəsində müvafiq şirkətlərin xərcləri azaltması səbəbindən qazma qurğuları 70 faiz ixtisara düşüb.

İş ondadır ki, ABŞ iqtisadiyyatının böhrandan çıxdıqdan sonra bərpası prosesi də zəifləyib. Halbuki, Prezident Barak Obama ölkənin mövcud sosial-iqtisadi və siyasi vəziyyətinə dair illik hesabatla Konqresdə etdiyi çıxışda böhranın başa çatdığını və iqtsadiyyatın dirçəldiyi, işsizliyin 5,6 faizədək azaldığını demişdi. Neftin ucuzlaşması isə dolları möhkəmləndirməsinə baxmayaraq, sözügedən ölkənin xeyrinə işləyirdi.

Ancaq son iqtisadi hesabatlar bir sıra gözləntiləri doğrultmayıb. Belə ki, inflyasiya 0,8 faizə enib, istehlak xərcləri ilə istehsal sifarişləri azalmış və uzunmüddətli istifadəyə yararlı mallara tələbat isə daralıb.

Təkcə bir faktı qeyd etmək kifayətdir ki, 2009-cu ildən sonra 0,8 faizə qədər aşağı inflyasiya qeydə alınmamışdı. Halbuki hökumət 2 faiz proqnoz etmişdi. Istehsal sifarişlərinə gəldikdə isə beşinci aydır ki, azalır. Bu cür tendensiya sonuncu dəfə 2008-ci ildə qeydə alınmışdı. Məhz bu göstəriciyə görə Federal Rezerv Sistemi 2012-ci ildə sayca üçüncü kəmiyyət yumşaldılması proqramının icrasına başladı. Və 2009-cu ilin ikinci rübündə sözügedən ölkənin iqtisadiyyatında geriləmənin yavaşığı müşahidə olunmağa başlandı ki, federal hökumət iqtisadiyyatın növbəti böyük depresiyadan qurtulduğunu elan etdi.

2014-cü ilin oktyabrdan isə iqtisadi aktivliyə nail olmaq məqsədilə 7 il idi səhm alışı üçün bazara nəğd pul buraxılması prosesi ilə xarakterizə olunan stimullaşdırma əhəmiyyətli kəmiyyət yumşaldılması proqramı rəsmən qapadıldı.

Ancaq məsələ bundadır ki, həmin proqramın icrası nəticəsində işsizlik azalıb. Və təkcə, yanvarda 257 min yeni iş yeri açılmışdır ki, bu da olduqca yaxşı göstəricidir. Bir az əvvəl qeyd etdiyimiz kimi Prezident B. Obama da işsizliyin 5,6 faizə qədər azaldığını önə çəkmişdi. Amma yanvarda yeni iş yerləri açılmasına rəğmən, enerji sektorunda xeyli sayda işçi ixtisar da edilib. Nəticədə işsizlik səviyyəsi 5,6-dan 5,7 faizə qalxıb. Yəni, 257 sayda yeni iş yerlərinin açılması fonunda işsizlik artıb.

Sual olunur ki, ABŞ bundan sonra da neftin ucuzlaşmasında maraqlı ola bilərmi?! Şübhəsiz ki, yox... Amerika hökuməti hətta kredit faizlərini artırsa belə, yenə risk mövcuddur. Çünki bir yandan Avropa Birliyi üçün Yunanıstanda yeni hökumətin meydana gəlməsi ilə adı çəkilən ölkənin avro zonasından çıxmaq təhlükəsi yaranmış, digər tərəfdən əsas neft hasilatçısı olan Səudiyyə Ərəbistanı qapılarını xarici investorlara açıq elan edib. Odur ki, neftin qiyməti ancaq qalxmaqda olacaq.

Yeri gəlmişkən, ötən il 2015-ci ilin dövlət büdcəsi Milli Məclisdə müzakirə edilən zaman maliyyə naziri Samir Şərifov dünya bazarlarında neftin 1 barelinin qiyməti hətta 60 ABŞ dollarına düşsə belə, Azərbaycanın dövlət büdcəsinin icrası üçün heç bir problem yaratmayacağını demişdi. Neftin qiyməti isə ilin ikinci yarısından çox güman ki, 90-100 dollar arasında olacaq.


Pərviz Heydərov
AzVision.az üçün



Teqlər:





Xəbər lenti