Qənirə Paşayeva AŞPA-da erməniləri ifşa etdi

Qənirə Paşayeva AŞPA-da erməniləri ifşa etdi
  30 Yanvar 2015    Oxunub:1657
Millət vəkili Qənirə Paşayeva AŞPA-da Ermənistanın azərbaycanlılara məxsus dini, tarixi abidələri dağıtması məsələsini qaldıraraq, Ermənistan heyətini Assambleyaya yalan məlumatlar verməkdə ittiham edib.

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü millət vəkili Qənirə Paşayeva AŞPA-nın toplantısında Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında azərbaycanlılara məxsus dini, tarixi, mədəni abidələri, qəbirstanlıqları dağıtması məsələsini qaldıraraq Assambleyanı bu cinayətləri durdurmaq üçün addımlar atmağa çağırıb.

O, həmçinin Ermənistanda, tarixi Azərbaycan torpaqlarında rəsmi İrəvanın etnik təmizləmə siyasəti yürüdərək bütün azərbaycanlıları öz evlərindən qovmasından sonra bu ölkədə azərbaycanlılara məxsus dini, tarixi, mədəni abidələrlə yanaşı, qəbirstanlıqların da dağıdıldığını deyib və təşkilatı bu məsələyə sərt münasibətə səsləyib: “Azərbaycanda erməni kilsəsinə toxunulmayıb, amma Ermənistanda azərbaycanlılara məxsus bütün məscidlər, dini, tarixi, mədəni abidələr, hətta qəbristanlıqlar belə dağıdılıb. Bizim əlimizdə sizə göstərə bilmək üçün kifayət qədər foto və video materiallar var”.

Millət vəkili Ermənistan nümayəndə heyətinin Assambleyaya yalan, yanlış məlumatlar verdiyini və göstərmək üçün Assambleyaya müraciətlə deyib: “Əgər siz Azərbaycana gəlsəniz, ölkəmizdə yaşayan Azərbaycan vətəndaşı olan erməniləri görə bilərsiniz. Amma Ermənistanda bir nəfər də olsun, azərbaycanlı qalmayıb, onların hamısı zorla öz evlərindən qovulub. Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərində də azərbaycanlı qalmayıb, çünki Ermənistan Silahlı Qüvvələri onların hamısını zorla öz evindən qovub. 20 mindən çox azərbaycanlı qətlə yetiriblər. Xocalıda dəhşətli soyqırım həyata keçiriblər”.


Teqlər:





Xəbər lenti