TQDK sədri 263 nəfəri işdən çıxarıb

TQDK sədri 263 nəfəri işdən çıxarıb
  29 Yanvar 2015    Oxunub:2270
Müxtəlif qayda pozuntularına, o cümlədən köçürmə hallarına yol verən 263 nəzarətçi bazadan xaric edilib.
2014-cü ildə keçirilmiş test imtahanlarına nəzarətçi qismində cəlb edilmiş 14392 müəllimdən 9061 nəfəri buraxılış imtahanlarında, 6558 nəfəri isə ali və orta ixtisas təhsili müəssisələrinə keçirilən qəbul imtahanlarında iştirak edib. Qəbul və buraxılış imtahanlarında nəzarətçi-müəllimlərin fəaliyyətlərinin qiymətləndirilməsinə dair araşdırmanın nəticələrinə əsasən nümunəvi fəaliyyətinə görə 771 nəzarətçi-müəllimə təşəkkür elan edilib, o cümlədən 26 nəzarətçi-müəllimin fəxri fərmanla təltif edilməsi barədə qərar qəbul olunub. AzVision.az xəbər verir ki, bunu TQDK sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında deyib.

O, bildirib ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən keçirilən müxtəlif təyinatlı imtahanlara orta ümumtəhsil müəssisələrindən nəzarətçi kimi cəlb edilmiş müəllimlərin imtahan prosesində öz səlahiyyətləri çərçivəsində fəaliyyətləri hər il qəbul kampaniyasının sonunda ənənəvi olaraq təhlil olunur.

TQDK sədrinin sözlərinə görə, bu zaman çoxsaylı parametrlər nəzarətçinin imtahan texnologiyasını mənimsəmə səviyyəsi, auditoriyanı idarəetmə qabiliyyəti əsasdır:

"Həmçinin, imtahan sənədləri ilə işləmə bacarığı qiymətləndirilir, köçürmə hallarına şərait yaratmaması, imtahan rəhbərinin nəzarətçinin fəaliyyətinə verdiyi qiymət və 600-dən yuxarı bal toplamış abituriyentlərin sorğu anketlərində nəzarətçi haqqında rəyləri, imtahanlarda fəal iştirakı və s. əsas götürülür. Aparılan araşdırmalar və təhlillər nəticəsində imtahan prosesində öz vəzifələrini obyektiv, peşəkar səviyyədə və qaydalar çərçivəsində yerinə yetirən nəzarətçi-müəllimlər müəyyən olunur və Komissiya tərəfindən müxtəlif diplom və hədiyyələrlə mükafatlandırılır".

M.Abbaszadə imtahanların obyektiv və şəffaf keçirilməsində zal nəzarətçilərinin rolundan, üzərilərinə düşən vəzifələrin məsuliyyətindən, təhsilin müxtəlif pillələrinə və səviyyələrinə layiqli gənclərin seçilməsində onların xidmətlərindən bəhs edib.

Komissiya sədri qeyd edib ki, ölkəmizdə digər sahələrdə olduğu kimi, təhsil sahəsi də yüksələn xətlə inkişaf edir. Bu gün Azərbaycan gəncləri ölkəmizin və dünyanın müxtəlif nüfuzlu ali təhsil müəssisələrində təhsil alır, regional və beynəlxalq olimpiadalarda uğurlu nəticələr əldə edir. Bu və digər nailiyyətlərin əldə olunmasında müəllimlərimizin əməyi danılmazdır.

Fatimə Kərimli



Teqlər:





Xəbər lenti