Tibbi sığortanın tətbiqi yenə gecikir

Tibbi sığortanın tətbiqi yenə gecikir
  28 Yanvar 2015    Oxunub:2220
“2015-ci ildə “İcbari tibbi sığorta haqqında” qanunun tam tətbiq olunması gözlənilmir”.
Bu barədə AzVision.az-a Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev bildirib. Deputatın sözlərinə görə, bununla bağlı yaradılan işçi qrupu hazırda sənədlər hazırlayır:

“Bu il “İcbari tibbi sığortanın” tətbiqi tam şəkildə nəzərdə tutulmur. Hər hansı bir rayonda təcrübə kimi bu işə başlanılacaq. Birdən-birə bunu tam ölkə üzrə tətbiq etmək çox çətin olar. Bu pilot layihə kimi təyin ediləcək, rayonda uğurla nəticələnsə, növbəti ildən tam şəkildə tətbiq etmək olar. Bu il pilot layihə kimi tətbq olunması nəzərdə tutulur”.

Millət vəkili bildirib ki, pilot layihənin hansı rayonda tətbiq olunacağını isə yaradılan işçi qrupu özü müəyyən edəcək.

Qeyd edək ki, 1999-cu ildə qəbul edilmiş “İcbari tibbi sığorta haqqında” qanuna görə, tibbi sığorta icbari və könüllü formada həyata keçirilir. İcbari tibbi sığorta dövlət sosial sığortasının tərkib hissəsi olmaqla, icbari tibbi sığorta proqramına müvafiq həcmdə əhalinin tibbi və dərman yardımı almasını təmin edir.

Qanuna görə, icbari tibbi sığorta sistemində işləməyən vətəndaşların icbari tibbi sığortalanmasını müvafiq icra hakimiyyəti orqanları və müvafiq sosial proqramlar çərçivəsində yerli özünüidarə orqanları, işləyən vətəndaşları isə çalışdığı şirkət (hüquqi və fiziki şəxslər) təmin etməlidir.

Anar Kəlbiyev


Teqlər:  





Xəbər lenti