`Etimadı doğrultmayan məmurlar cəzalandırılacaqlar` - İlham Əliyev

`Etimadı doğrultmayan məmurlar cəzalandırılacaqlar` - İlham Əliyev
  28 Yanvar 2015    Oxunub:1824
Ölkəmizin uğurlu inkişafı üçün vətəndaş-məmur münasibətləri mühüm əhəmiyyət kəsb edir. Azərbaycan bu sahədə də nümunəvi ölkə olmalıdır.

Bu sözləri Prezident İlham Əliyev “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda deyib.

- Məmurlar yaddan çıxarmamalıdırlar ki, onlar xalq üçün işləyirlər, onlar xalqın xidmətçiləridir.- deyə Prezident vurğulayıb.- Dəfələrlə demişəm ki, mən birinci xidmətçiyəm. Xalqın birinci xidmətçisi Prezident olmalıdır, çünki xalq bizə inanır, bizə bu missiyanı aparmağı həvalə edib, tapşırıb. Biz bütün məmurlar da bu yüksək etimadı doğrultmalıyıq. Məmurlar, dövlət qurumlarının nümayəndələri xalqla bir yerdə olmalıdırlar, onların qayğıları ilə yaşamalıdırlar, kobudluğa, yekəxanalığa yol verilməməlidir. Bəzi hallarda yekəxanalıq müşahidə olunur, bəzi hallarda məmurlar özlərini çox təkəbbürlü aparırlar. Buna yol vermək olmaz.


Prezidentin sözlərinə görə, siyasi mədəniyyət olmalıdır və insanlara hörmətlə yanaşmaq lazımdır: “Deyə bilərəm ki, əksər hallarda biz müsbət mənzərə görürük. Ancaq mənfi mənzərə ilə üzləşəndə tədbir də görülür, məmurlar cəzalandırılır. Etimadı doğrultmayan məmurlar bundan sonra da cəzalandırılacaqlar. Hər dəfə icra başçılarını işə təyin edərkən mən onlara öz sözlərimi deyirəm: Gedin təmiz işləyin, xalqla bir yerdə olun, rüşvətxorluqla məşğul olmayın, dövlətə, müstəqilliyə sadiq olun. Budur mənim tələblərim, əsas tələblərim. Hər yerdə belə olmalıdır”.

Dövlət başçısı vurğulayıb ki, bu gün dünyada nadir Azərbaycan inkişaf modeli var. Artıq biz bu barədə də danışa bilərik, çünki bu model, doğrudan da, bir nümunə kimi hər bir ölkə üçün maraqlı olmalıdır: “Siyasi, iqtisadi islahatlar, müstəqil siyasət, dinlərarası dialoq, yüksək səviyyəli milli dini tolerantlıq, dözümlülük, sosial siyasət və görülən işlər göz qabağındadır. Bunu dost görür sevinir, düşmən gəlib görəndə kefi pozulur. Biz bundan sonra da elə işləməliyik ki, xalqımız, dostlarımız sevinsin, düşmənin pis niyyəti gözündə qalsın”.

AzVision.az


Teqlər:





Xəbər lenti