`Daha heç nəyi gizlədə bilməyəcəksiniz!` - Prezident məmurları tənqid etdi

`Daha heç nəyi gizlədə bilməyəcəksiniz!` - Prezident məmurları tənqid etdi
  28 Yanvar 2015    Oxunub:5845
`Biz bilməliyik ki, harada, nə qədər, hansı keyfiyyətə və münbitliyə malik olan torpaq sahələrimiz var. Bütün bu məsələlər dünyanın inkişaf etmiş ölkələrində çoxdan həll olunub. Bizim indi belə gözəl imkanımız var. “Azersky” ikinci peykimizdir. Bu peykin üstünlüyü ondadır ki, o, Yer səthini böyük dəqiqliklə müşahidə edir. Yəni, Kənd Təsərrüfatı Nazirliyi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi bu imkanlardan istifadə etməlidir`.

Bu sözləri Prezident İlham Əliyev “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda deyib.

Dövlət başçısının sözlərinə görə, peykdən bütün sahələri müşahidə etmək mümkündür ki, harada hansı torpaq var, bu torpaq kimə məxsusdur, bu torpağın ölçüləri nədir, orada nə əkilir və nə əkilməlidir: `Elektron uçot sistemi budur. Yoxsa, biz indi kortəbii, belə arayışda, kağızda, xəritə ilə işləyirik. İş belə getməyəcək. Bu işdə müasir yanaşma olmalıdır. Özü də bir daha demək istəyirəm ki, bütün şəraiti yaradırıq, vəsait ayırırıq. Dəfələrlə torpaqların elektron uçotu haqqında demişəm. Yaxşı, mən nəticə gözləyirəm. Ona görə nəticə çıxarın. Gələn müşavirədə torpaqların elektron uçotu ilə bağlı mənə məruzə edilməlidir`.

“Elektron kənd təsərrüfatı” layihəsindən narazılıq edən Prezident bildirib ki, işlər lazımi səviyyədə getmir. Ona görə ciddi tədbir görülməlidir:

- Yerlərdə icra başçıları, şöbələr bütün məlumatları dəqiqliklə verməlidirlər. Bu təhlil bir yerdə aparılmalıdır. “Azersky”dan müşahidə aparılarkən bu məlumatlar təsdiq edilməlidir. Ondan sonra biz düyməni basıb biləcəyik ki, harada nəyimiz var, nə əkilməlidir və haradan istifadə olunmur. Çünki mən bilirəm ki, istifadəsiz torpaqlar çoxdur. Amma dəqiqliklə kim mənə deyə bilər ki, haradan istifadə olunur, haradan yox. İndi yerlərdən istənilən arayış da verilə bilər. Amma nəzarət mexanizmi olmalıdır. İnsanlar o yerlərə ezam edilməlidir, müşahidə aparılmalıdır, müşahidə də yuxarıdan təsdiqlənməlidir. İndi peykimizin olduğu bir vaxtda nəyisə gizlətmək, yaxud da ki, əksinə nəyisə artırmaq, rəqəmləri şişirtmək çətin olacaq. Buna da son qoyulmalıdır və son qoyulur.

Dövlət başçısı vurğulayıb ki, kənd təsərrüfatı məhsullarının bəzilərinin istehsalının aşağı düşməsi təkcə quraqlıqla bağlı deyil: “İndi kənd təsərrüfatı naziri bəlkə də demək istəmirdi. Dedi ki, quraqlıqla bağlıdır. Təkcə quraqlıqla bağlı deyil. Çünki əvvəllər qiymətlər şişirdilirdi. Nəyə görə? Subsidiyalara görə. Məgər burada oturanlar bilmir subsidiyalarda hansı pozuntular baş verirdi? Yaxşı bilir və bəziləri bu pozuntuların iştirakçılarıdır. Ona görə buna son qoyulmalıdır. Dövlət bu pulu fermerlərə verir, məmurlara yox. Ona görə indi statistik göstəricilər daha da realdır. Nəticə çıxarın. Bir daha demək istəyirəm ki, bütün işlərdə şəffaflıq olmalıdır. Bütün sahələrdə səmərəli iş aparılmalıdır. Ancaq o təqdirdə Azərbaycanın uğurlu inkişafı təmin oluna bilər.

AzVision.az


Teqlər:  





Xəbər lenti