Metroda yeni açılan mağaza bağlandı - FOTO

Metroda yeni açılan mağaza bağlandı - FOTO
  28 Yanvar 2015    Oxunub:3746
Metro stansiyalarında ticarət köşkləri ilə bağlı müəmmalı vəziyyət yaranıb. Yeni açılan mağaza bağlanıb.
Yanvarın 22-də metro stansiyalarında ticarət köşklərinin bərpa olunması ilə bağlı xəbər verilmişdi. Xəbərdə “Koroğlu” metrosunda yeni ticarət obyektinin açıldığı və onun gül salonu kimi fəaliyyət göstərəcəyi bildirilirdi.

AzVision.az virtualaz.org-a istinadən xəbər verir ki, bu məlumatı “Bakı Metropoliteni” QSC mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev də təsdiqləmişdi.

Lakin cəmi bircə gün fəaliyyət göstərən mağaza bu barədə xəbərlər mətbuatda yer alandan sonra bağlanıb. Artıq 4 gündür ki, mağaza işləmir. Amma mağazada satış üçün mallar var.

Xatırladaq ki, prezident İlham Əliyevin 27 fevral, 2014-cü il tarixli, 289 saylı sərəncamına əsasən Bakı Metropoliteninin və “Azərtunelmetrotikinti” Səhmdar Cəmiyyətinin yenidən təşkili yolu ilə səhmləri dövlətə məxsus “Bakı Metropoliteni” QSC yaradılıb və Zaur Hüseynov onun sədri təyin edilib. Bundan sonra bütün metro keçidlərində Bakı Metropoliteninə məxsus hissələrdə ticarət obyektləri ləğv edilib.

Lakin sonradan ticarət obyektləri yenidən yaradılmağa başlandı. Metropoliten rəsmisi N.Paşayev ilk olaraq “Koroğlu” metrosunda ticarət obyektinin açılmasını izah edərkən qeyd etmişdi ki, həmin obyekt divarın içinə yerləşdirildiyindən qapısı keçidin divarı ilə eyni səviyyədədir və sərnişinlərin gediş-gəlişinə maneə yaratmır.

Mertopoliten rəsmisi qeyd etmişdi ki, digər stansiyalarda da bir neçə ticarət obyektinin fəliyyətinə icazə verilməsi istisna olunmur.

N.Paşayev həmin obyektərin gül dükanı, kitab mağazası və icazə veriləcəyi halda aptek kimi fəaliyyət göstərəcəyini bildirmişdi. Əlavə etmişdi ki, ticarət obyektlərinin fəaliyyətinə icazə veriləcəyi təqdirdə müvafiq müqavilələr “Bakı Metropoliteni” QSC ilə yox, Əmlak Məsələləri Dövlət Komitəsi ilə bağlanacaq. Qiymətləri də komitə müəyyən edəcək.

Yeni açılan və bir gün fəaliyyət göstərən ticarət obyektinin indi hansı səbəblə bağlanması bir az müəmmalıdır.

Bunun səbəbini N.Paşayevdən dəqiqləşdirməyə çalışdıq. O, virtualaz.org-a açıqlamasında mağazanın hazırda işləməməsinin səbəbini lazımi hüquqi sənədlərin qaydasında ola bilməyəcəyi ilə izah etdi. Dedi ki, əgər bu mağaza fəaliyyət göstərmək istəyirsə, Əmlak Məsələləri Dövlət Komitəsi ilə müqavilə bağlamalı, lazımi digər sənədləri və icazəni əldə etməlidir.

Mağazanın fəaliyyəti ilə bağlı müəmmalı məqam budur: əgər mağaza Əmlak Məsələləri Dövlət Komitəsi ilə müqavilə bağlamamışdısa, necə açıldı və bir gün işlədi? Niyə mətbuatda “Metroda ticarət obyektləri bərpa edilir” başlıqlı yazılar dərc ediləndən sonra mağazanın fəaliyyəti dayandırıldı?!


Teqlər:





Xəbər lenti