İlham Əliyev səfirlərlə görüşdü

İlham Əliyev səfirlərlə görüşdü
  24 Yanvar 2015    Oxunub:2007
Azərbaycan prezidenti İlham Əliyev Qətər Dövlətinin ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Səyyar bin Əbdürrəhman Cəsim əl-Muavidənin etimadnaməsini qəbul edib.
Səfir fəxri qarovul dəstəsinin qarşısından keçdi.

Səyyar bin Əbdürrəhman Cəsim əl-Muavidə etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.

Diplomat Qətər Dövlətinin Əmiri Əlahəzrət şeyx Təmim bin Həməd Al Taninin salamlarını dövlətimizin başçısına çatdırdı. Azərbaycanda diplomatik fəaliyyətə başlamasından qürur hissi keçirdiyini deyən səfir ölkələrimiz arasında ikitərəfli əlaqələrin daha da inkişaf etdirilməsi işində səylərini əsirgəməyəcəyini vurğuladı.

Dövlətimizin başçısı Azərbaycan ilə Qətər arasında ikitərəfli əlaqələrin daha da genişləndirilməsinin önəmini qeyd etdi. Qətər Dövlətinin Əmiri Əlahəzrət şeyx Təmim bin Həməd Al Tani ilə ötənilki görüşünü və ikitərəfli əməkdaşlıq məsələlərinə dair aparılan səmərəli müzakirələri məmnunluqla xatırlayan Prezident İlham Əliyev münasibətlərimizin möhkəmləndirilməsində yüksək səviyyəli görüşlərin əhəmiyyətini vurğuladı. Ölkələrimiz arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğunu deyən dövlətimizin başçısı əməkdaşlığımızın iqtisadi, turizm, birgə investisiya qoyuluşu və digər sahələrdə genişləndirilməsi üçün də yaxşı imkanların mövcudluğunu bildirdi.

Prezident İlham Əliyev Əlahəzrət şeyx Təmim bin Həməd Al Taninin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Qətər Dövlətinin başçısına çatdırmağı xahiş etdi.

Eyni zamanda, prezident İlham Əliyev Hindistanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Vinod Kumarı diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.

Görüşdə Azərbaycan ilə Hindistan arasında ikitərəfli əlaqələrin ötən dövr ərzində uğurla inkişaf etdiyi vurğulandı, əməkdaşlığımızın iqtisadi, biznes və digər sahələrdə genişləndirilməsi üçün qarşılıqlı marağın olduğu bildirildi, ölkələrimiz arasında münasibətlərin müxtəlif sahələrdə bundan sonra da möhkəmləndiriləcəyinə əminlik ifadə edildi.


Teqlər:  





Xəbər lenti