`Bizim balerinalar küçədə qalırlar` - MÜSAHİBƏ (VİDEO)

`Bizim balerinalar küçədə qalırlar` - MÜSAHİBƏ (VİDEO)
  08 Yanvar 2015    Oxunub:17569
Çox doğru deyimdir: `Balet hüdudları bilinməyən bir ümmandır`. Özü də bu ümman əynində ağ “paçka”, çəhrayı triko olan, hava kimi yüngül bir balerina qızın ağır əməyinin nəticəsidir.

Xoreoqrafiya texnikasına əsaslanan balet 16-cı əsrdə intibah dövründə İtaliyada musiqili tamaşaların – operaların tərkib hissəsi kimi kiçik rəqs epizodları qismində meydana çıxıb. İlk balet əsəri isə Fransada 15 oktyabr 1581-ci ildə tamaşaya qoyulub. Bu, italiyalı Baltazarini tərəfindən quruluş verilmiş «Kraliçanın komediyalı baleti» (və ya «Tserseya») tamaşası olub.

Azərbaycanda baletin yaranması dörd əsr sonraya təsadüf edir. 20-ci əsrin 20-ci illərinədək ölkəmizdə əksəriyyət xoreoqrafiya sənəti barədə heç bir təsəvvürə malik deyildi. O dövrdə Bakıya nadir hallarda qastrol səfərlərinə gələn kiçik truppaların və ayrı-ayrı solistlərin çıxışlarına baxan tamaşaçıların sayı çox az idi. Ancaq daxili istək və Bakıya qastrol səfərlərinə gələn sənətkarların ifası istedadlı insanların özlərini tamaşaçılar qarşısında sınamaq arzusunu gücləndirir.

Rəqslər təkcə ailə-məişət çərçivəsində qalmır, zaman keçdikcə, tədricən heyranlıqla qarşılanan rəqs o dövrdə sürətlə yayılan klubların, mədəniyyət saraylarının və konsert salonlarının, daha sonralar isə teatrların səhnələrinə yol tapa bilir.



Ü.Hacıbəyovun, H.Ərəblinskinin, M.Maqomayevin birgə səyləri və fədakar əməyi nəticəsində Bakıda bir neçə milli dramatik truppa, eləcə də opera və balet kollektivlərinin də daxil olduğu teatr orqanizmi inkişaf edir. 1925-ci ildə bu “birlik” iki kollektivə - dram və opera kollektivlərinə bölünür. Bunlardan sonuncusu Opera və Balet Teatrının əsasını təşkil edir. O zaman çox kiçik heyətə malik olan balet truppası xoreoqrafiya sənətinə ürəkdən bağlanmış adamlardan ibarət idi.

O dövrlər Moskva və Sankt-Peterburq balet ustalarının Bakıya qastrol səfərləri azərbaycanlı tamaşaçıların klassik xoreoqrafiyaya olan marağının artmasına çox kömək edir.

Bakıda balet studiyasının mövcud olması barədə ilk məlumatlar 1922-ci ilə aiddir. Azərbaycan SSR Xalq Maarif Komissarlığının Kollegiyasının 29 aprel 1922-ci il tarixli iclasının qərarı ilə Əli Bayramov adına Mərkəzi klubun nəzdində Balet studiyası açılır.



1923-cü ilə aid “Bütün Bakı” adlı ilk məlumat kitabçasında Bakıdakı bədii təhsil müəssisələri sırasında “Balet Studiyası”nın da adı çəkilir. 1929-cu ildən isə studiya Bakı Xoreoqrafiya məktəbinə çevrilir. 1933-cü ildə isə Balet Studiyası Xalq Maarif Komissarlığının tabeliyinə keçir və Balet məktəbinə çevrilir.

1933-cü ildə məktəbin öz müəllimləri tərəfindən tərtib edilmiş tədris planına 3 fənn : Klassik rəqs, səciyyəvi xalq rəqsləri və ritmika daxil olur. Məktəbdə pedaqoji və yaradıcı işə aparıcı balerina və rəqqaslarla yanaşı, dram teatrının tanınmış aktyorları, sənətşünaslar, rəssam, bəstəkar və dirijorlar da cəlb edilir. Artıq 1934-cü ildə məktəb şagirdləri tərəfindən hazırlanmış ilk əsər “Koppeliya” baleti tamaşaçılara təqdim edilir.



1934-35-ci illərdə balet məktəbinin yetirmələri Ç. Puninin “Qozbel at” baletindən bir kompozisiya hazırlayır, bir il sonra isə “Meşə pərisi” baletini tamaşaya qoyurlar. Beləliklə, məktəbin uğurları danılmaz olur. 1935-ci ildə isə Dövlət Opera və Balet Teatrının Balet məktəbi yenidən Xoreoqrafiya məktəbinə çevrilir. Bu, onun cəmiyyətdə nüfuzunun artması demək idi.

1936-37 ci illərdə Əfrasiyab Bədəlbəyli məktəbin gənc truppası üçün “Tərlan” balet-nağılının partiturasını yazır. Azərbaycanın ilk balerinası Qəmər Almaszadə isə məhz bu partituranın səhnə təcəssümü üzərində işləyərək, ilk dəfə xoreoqraf kimi çıxış edir. O, klassik xoreoqrafiya ilə Azərbaycan xalq rəqsinin elementlərini əlaqələndirməklə, sonradan Azərbaycanın çoxsaylı milli baletinin əsasını qoymuş olur.



Qeyd edək ki, məktəbin fəaliyyətinin ilk illəri barədə arxiv sənədlərinin sayı çox cüzidir. Bu səbəbdən məktəbin sonrakı illərdə fəaliyyəti barədə məlumatlar yalnız əldə edilən nadir sənədlər əsasında təqdim edilir.

1948-ci ildə artıq məktəbdə 12 müəllim, 6 konsertmeyster –müşayiətçi işləyir, onlardan yalnız iki nəfəri azərbaycanlı olur, məktəbin direktoru Aliyə Tahirova və bədii rəhbər, sonradan SSSİ xalq artisti adına layiq görülmüş ilk azərbaycanlı balerina Qəmər xanım Almaszadə.
Bu məktəbdə oxumaq heç də asan olmur, ancaq çətin sınaqlara sinə gərə bilənlər öz talelərini balet artisti peşəsi ilə həmişəlik bağlayır, əsl Azərbaycan Baletinin yaranmasında xüsusi rolu olan Opera və Balet teatrının özəyini təşkil edirlər....



Vaxtilə bu məktəbin məzunu olan, Bakı Xoreoqrafiya Məktəbində artıq 26 ildir ritmik, tarixi-məişət, xalq-səhnə rəqslərini, klassik rəqsləri tədris edən Ella Hacıyeva deyir ki, Bakı Xoreoqrafiya Məktəbi onun üçün ikinci bir evdir:



- Balerinalar haqqında danışanda mən deyərdim ki, biz başqa insanlardan bir az fərqlənirik. Çünki balaca vaxtımızdan musiqilə hərəkət edirik, başqa aləmdə yaşayırıq. Siz özünüz də görürsünüz ki, balerinalar yeriyəndə də, duranda da başqalarından fərqlənirlər. Həmişə musiqi aləmində oluruq, duyğularımız başqadır. Düşünürük ki, biz bu hərəkəti necə edək? Bunları düşünəndə vücudumuz tam başqa olur.

Balerinalar sərt insan ola bilməz, çünki bizim davranışımız yumşaqdır. Sərtlik olsa, uşaqlar bu sənəti sevməyəcəklər. Əgər müəllimə bu uşaqlara dərs deyəndə sənətə sevgi olmasa, heç nə edə bilməz. Balet çox çətin sənətdir və çox çalışmaq lazımdır. Balerin və ya balerina olmaq istəyənlərin fiziki quruluşu çox yüksək səviyyədə olmalı, hər gün çalışmalıdırlar. Uşaq bir gün çalışmayanda, itirir.



Biz daha çox rus baletindən götürür, faydalanırıq. Onu da deyim ki, indi müxtəlif ölkələrdə balet inkişaf edib. Hoppanırlar, fırlanırlar, çox çətin hərəkətləri edirlər. Bizdə onlara baxır, çalışırıq ki, özümüz də göstərək. Baletdə elə hərəkətlər var ki, anadangəlmə istedadla bağlıdır. Bu istedad olmayanda çox çətin olur. Hazırda uşaqları əvvəlki illərdən fərqli olaraq, 11 yaşından deyil, 7 yaşından qəbul edirik.

Ella xanım balerinaların qidalanmasında da müəyyən baryerlərin olduğunu bildirir: “Əlbəttə, baryerlər olur, ancaq demək olmaz ki, sən çörək yeməməlisən. Ona görə ki, bunlar bütün gün ərzində burada çalışırlar. Çox çətindir, uşaqlara güc lazımdır. Bir az çörək yeyə bilərlər. Ancaq bütün günü bulkalar, dönərlər olmaz. Həmişə arıq olmalıdırlar. Artıq kilonun olması dizlər üçün çox çətindir. Yıxılırlar, travma alırlar”.

Adətən dünyada belədir ki, qanunla balerinlər 20 il çalışmalıdırlar. 17 yaşında onlar məktəbi qurtarırlar, teatra gedirlər, çalışırlar. 38 yaşında isə onlara təqaüd verilir. Balerinlər olur ki, 38-yaşında getmir, 2-3 il daha davam edir. Ancaq sağlamlıq üçün getməlisən. Ona görə ki, bel, dizlər çox ağrıyır. Müalicə də ola bilər, əməliyyat edə bilərlər.



- Bu qədər çətin sənətdir. Olur ki, 38 yaşında adam lap `tökülür`. Hərəkət edə, hoppana bilmir,- deyir Ella xanım - Rusiyada solist 15 il çalışır, sonra təqaüdə çıxır. Ancaq bizimkilərə təqaüd vermirlər. 20 il işləyəndən sonra mən deyərdim ki, onlar küçədə qalırlar. Çünki hər kəs müəllim kimi çalışa bilməz, bu da bir istedaddır. Biri müəllim işlədi, bəs qalanları necə olsun? Beli, ayaqları pis vəziyyətdədirsə, hara gedəcək, necə işləyəcək? 40 yaşından sonra yeni peşə, iş tapmaq mümkün deyil axı. Onlar 20 il işləyib səhnəyə çıxıblar, sənət göstəriblər, respublikamızı təmsil ediblər...

PS: Çəkilişdə yaratdığı şəraitə görə Bakı Xoreoqrafiya məktəbinin direktoru Neylüfər Kərimovaya təşəkkür edirik.

Şahanə RƏHİMLİ
Foto - Video :Nuron MƏMMƏDOV


Qalereya




Teqlər:  





Xəbər lenti