Saytın qonağı | `Dini xurafat cəmiyyət üçün təhlükədir` - Mübariz Qurbanlı (DAVAMI)

Saytın qonağı | `Dini xurafat cəmiyyət üçün təhlükədir` - Mübariz Qurbanlı (DAVAMI)
  05 Yanvar 2015    Oxunub:8604
Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı AzVision.az oxucularının suallarını cavablandırır.

Əvvəli BURADA

Azərbaycanlı:
-Ulu Öndər Heydər Əliyev (Allah ona rəhmət etsin) o zaman demişdi ki, Azərbaycanda vəhhabi yoxdur. Siz necə fikirləşirsiniz, Azərbaycanda vəhhabi varmı, yoxmu?

Azərbaycan zabiti:
- Hörmətli Mübariz müəllim, Siz hiss edirsinizmi ki, bu gün Azərbaycanda dövlətimizə erməni qədər təhlükəli qüvvə yetişir – vəhhabilik. Niyə dövlətin təhlükəsizliyi naminə, bu gün olmasa belə, gələcək nəsillərə mütləq yaranacaq bu təhlükənin qadağan olunması barəsində prezident və Milli Məclis qarşısında vəsatət qaldırmırsınız, referendum yoluyla Konstitusiya dəyişikliyinə belə getmək barədə hərəkətə keçmirsiniz? Ola bilməz ki, siz bu təhlükəni hiss etmirsiniz...




- Bizim ölkəmizdə ənənəvi islami dəyərlərimiz var. Bundan sonra da mövcud olacaq. Ölkəmizə kənardan gətirilməyə cəhd edilən radikal dini cərəyan və təriqətlərə imkan verməyəcəyik. Bunlar bizim və İslam üçün yaddır. Tarixi kökü olmayan qrup və təriqət burada özünə yer tapa bilməyəcək. Biz onlara qarşı qəti, kəskin mübarizə aparacağıq. Kimlərsə ənənəvi islami dəyərlərimizə uyğun hərəkət edirsə, bu insanlar daima bizimlə əməkdaşlıq şəraitində mövcud olacaq.

Mikayıl:
-Azərbaycanda Evangilizmin təsiri varmi? Və ya icma kimi fəaliyyət göstərirlərmi?




- Azərbaycanda xristian dinin ayrı-ayrı xırda cərəyanlarının təsiri o qədər də böyük deyil. Bu cür cərəyanların da olması bizim üçün böyük narahatlıq yaratmır. Biz onlar müraciət etdikdə baxırıq, hansılar ki, xristian dünyasında qəbul olunub, onları biz qeydiyyata alırıq, hansıları ki, provaslav, katolik kilsəsi rədd edib, biz də onu qeydiyyata almırıq. Azərbaycanda hansısa cərəyanların, qrupların yayılması narahatlıq doğura bilməz. Çünki xristian cərəyanlarının Azərbaycanda yayılması üçün münbit şərait də yoxdur. Ona görə də bunun ətrafında bəzən hay –küy qaldırırlar. Biz də deyirik ki, buyurun görək kimdir. Baxırsan ki, o icmanı qurmaq qədər sayı olmayan adamlar çıxıb deyirlər ki, biz bunu yaratmaq istəyirik.

Ramazan :
-Din haqqında qanunun 5-ci maddəsində deyilir ki, dini təbliğat, moizə və xütbələri yalnız ən azı orta ixtisas və ya ali təhsilli şəxslər aparmalıdır. İslam Universitetinin məzunları qalıb bir kənarda, QMİ bir çox bölgə məscidlərinə axund, imam və səlahiyyətli nümayəndə dini savadı olmayan ölü mollalarını təyin edir. Qanun hamı üçün deyilmi, yoxsa şeyx müstəsnadır?




- Dini etiqad haqqında qanuna görə, bəli, dini ayin və moizələri Azərbaycanda dini təhsil almış adamlar aparmalıdırlar. Əminəm ki, QMİ də yerlərdə nümayəndələrini təsdiq edərkən bu nüansı tam nəzərə alır. Çünki bu cür təyinatlar eyni zamanda bizim Komitə tərəfindən də baxılır. Biz bir yerdə buna baxırıq. Mən inanmıram ki, təhsil olmayan şəxs məscidə və ya hansısa dini icmaya başçılıq etmiş olsun.

Sevinc İltifatqızı:

- Mübariz müəllim, bilmək istəyirəm ki, məscidlərə verilən ianə və nəzir qutularına yığılan pullarla hansı işlər görülür? Hara sərf olunur? 2014-cü ilin ilk 9 ayı ərzində deyə bilərsinizmi, nə qədər ianə və nəzir pul yığılıb?




- Bilirsiniz, ziyarətgahlarımıza insanlar könüllü şəkildə gəlib ianələr verirlər. Onlar da həmin ziyarətgahların icmaları tərəfindən müəyyən olunmuş qaydalarda insanlar arşında xeyirxah işlərə sərf olunur. Bizə verilən məlumatlara görə, həmin ianələr ziyarətgahların ətraflarında olan insanlara, həmin kateqoriyadan ehtiyacı olan şəxslər sərf olunur. Bəzən isə ziyarətgahların saxlanılmasına, təmirinə sərf olunur. Bu bizim səlahiyyətimizdə deyil, ancaq bunlarla bağlı məlumatları almaq hüququna malikik.

Kənan:
- Sumqayıtda nə vaxt əhli-sunnə məscidi olacaq. Halbuki Sumqayıtda 1-i Katejdə, 1-i Coratda 1-i də şəhərin mərkəzində olmaqla 3 şiə məscidi var. Əgər Ceyranbatan məscidini desəniz bu şəhərdən 10 km aralıdadır. Ora bütün namazlara gedib gəlməyə nə maddi, nə də adamin vaxtı olmur

Dadaş:
- Sumqayıtda həbs olunan dindar Zöhraba qarşı münasibətiniz?




- Ölkəmizdə kifayət qədər məscidlər var, onları hansısa qruplara təriqətlərə bölməyin tərəfdarları deyiləm. Müsəlman istənilən məscidə gedib öz dini ayinini həyata keçirə bilər. Hüquq mühafizə orqanlarının əməliyyatı nəticəsində radikallığa görə və başqa əməllərinə görə saxlanılan şəxslərlə bağlı fərdi fikir söyləyə bilmərəm.

Xatirə Quliyeva:

- Sizin email poçtunuza "Nurçuluq, cinayət, ticarət, xəyanət deyilsə..." adlı bir yazı yollamışam, cavab verilməyib rəsmi məktubuma.Yəni çatmayıb Sizə? Ya verilməyib?




-Mən onunla maraqlanaram. Araşdırarıq ki, məktub daxil olub ya olmayıb. E-mail poçtum hər gün yoxlanılır, özüm baxıram. Lakin hələlik bu məktubu görməmişəm. Baxıb dəqiqləşdirərik.

Firudin A-verdi:
-Yazar Seymur Baycan təklif etmişdi ki, pirlər yerləşdiyi kəndlərin infrasktruktur layihələrində iştirak etsin və o kənddən ali məktəbə yuxarı ballarla daxil olanlara təqaüd versin. Bu? mümkündürmüʔ




-Mənim bildiyimə görə, tanınmış pirlər və ziyarətgahlar həmin ərazilərdəki abadlıq işlərinə müəyyən qədər köməklik göstərirlər. Dəstək vermək məsələsinə gəlincə isə, məncə bu cür faktlar da var. Mirmövsüm Ağa ziyarətgahında mən olarkən oranın rəhbərliyi bildirdi ki, onlar 600-ə qədər gözdən şikəst olan vətəndaşımıza gündəlik yardım edirlər. Əlbəttə, ziyarətgahların icmaları bunları özləri qərarlaşdıra bilərlər. Təhsil alan insanlarımıza köməklik göstərmək heç kimə qadağan olunmayıb. O cümlədən, ziyarətgahlar da bunu edə bilərlər.

Əzəmət:
- Siz bundan əvvəlki Prezident seçkilərində namizəd olmuş İlham Əliyevin vəkili qismində televiziyada seçki debatlarında adı çəkilən şəxsin adından danışırdınız. Amma 2013 Prezident seçkilərində bu missiyanı Siyavuş Novruzov, Əli Əhmədov yerinə yetirdi. 2018-ci il Prezident seçkilərində İlham Əliyevin vəkili kimi debatlara göndəriləcəksinizmi?




-Biz, cənab Prezidentimizin həmişə vəkiliyik. Prezidentimizin siyasətini müdafiə edən vətəndaşlarımız Azərbaycanda mütləq əksəriyyətdədir. Əminəm ki, 2018-ci ildə xalq tərəfindən onun namizədliyi yenidən irəli sürüləcək, bu aksiomadır, birmənalıdır. Çünki Prezidentimizin həyata keçirdiyi böyük proqram, böyük siyasət xalq tərəfindən birmənalı olaraq dövlət başçısı kimi görməsini zəruri edir. İnşallah bu proses gedərkən, Prezidentimizin özü şəxsən bu məsələni kimin üzərinə həvalə edəcəksə, onlar da bununla məşğul olacaq.

Rüstəm Hümbətov:
- Salam, Mübariz müəllim, ermənilər tərəfindən işğal olunmuş Azərbaycan torpaqlarında qədim mədəniyyət abidələrinin məhv edildiyini, məscidlərin dağıdıldığını, məzarlıqların təhqir olunduğunu, dünya sivilizasiyasının nadir incilərinin yer üzündən silindiyini hər birimiz çox yaxşı bilirik. Dövlət Komitəsi olaraq bu məsələlərin dünya ictimaiyyətinə çatdırılmasında hər hansısa bir işlər görülürmü?




- Qeyd edim ki, Azərbaycanın işğal olunmuş torpaqlarındakı mədəniyyət abidələrimizin dağıdılması, eyni zamanda burada olan mədəniyyət abidələrimizə qarşı törədilmiş vandal hərəkətlər barədə dünya ictimaiyyətinə indiyə qədər kifayət qədər məlumatlar çatdırılıb. Bu yöndə Heydər Əliyev Fondunun gördüyü işlər əvəzsizdir. Heydər Əliyev Fondunun rəhbəri Mehriban Əliyevanın keçirdiyi bütün tədbirlərdə, xarici ölkələrdə təşkil olunan bütün mərasimlərdə, konfranslarda bu məsələyə diqqət yetirilib. Prezident İlham Əliyevin BMT-də, Avropa Şurasında, İslam Əməkdaşlıq Təşkilatında çıxışlarında bu məsələlərə ətraflı yer verilib.

Eyni zamanda Dövlət Komitə də bu yöndə çoxsaylı tədbirlər keçirib. Kitablar nəşr edib, bukletlər buraxıb, ingilis, rusdilli, fransız dilli saytlar vasitəsi ilə məlumatlar yayılır. İşğal olunmuş ərazilərimizdəki dağıdılmış məscidlərimizin əldə olunmuş şəkilləri, bizim məbəd və tarixi yerlərimizə qarşı edilən bu və ya digər vandal hərəkətlər barədə, məlumatları dünya ictimai rəyinə çatdırmaq üçün xeyli tədbirlər görülüb. YUNESKO, BMT, Avropa Şurası xətti ilə keçirilən tədbirlərdə bu məsələlərə diqqət yetirilib. Xocalı, 20 Yanvar faciəsinin dünyaya çatdırılması baxımından işlər görülür.

Dini baxımdan keçirilən görüşlərdə, konfranslarda, ikitərəfli və çox tərəfli bu məsələlər bir mənalı olaraq gündəmə gətirilir. Yəni bu işlər bu gün də davam etməkdədir. Ermənilərin işğal etdikləri ərazilərdəki törətdikləri vəhşiliklər İslam dininə və digər dinlərə qarşı törətdikləri əməllər demək olar ki, dünya ictimai rəyinə kifayət qədər çatdırılır. Bu barədə müvafiq sənədlərin qəbul edilməsinə nail olunub.

Elvin Sadıqov:
- Söhbət gəzir ki, İlahiyyat məscidi qanunsuzdur və bağlanacaq, bu, dogrudurmu?


- Bu məscid barəsində biz fikirlərimizi demişik. Bizim ölkəmizdə hansısa bir formada məscidin bağlanmasından söhbət getmir. Ölkəmiz azad ölkədir. Dini baxımdan da sabit ölkədir. Ona görə də İlahiyyat məscidinin bağlanılması söhbəti gündəlikdə dayanmır. Sadəcə İlahiyyat məscidi ətrafında orada müəyyən radikal qrupların yığışaraq qarışıqlıq yaratmaq cəhdləri olub, biz bunlara xəbərdarlıq etmişik və bu gün də bir daha bildiririk ki, məscidlərdən kimsə hansısa məqsədlər üçün istifadə etmək istəyirsə bunun qarşısı qətiyyətlə alınacaq.

Dini əba altında gizlənərək siyasi niyyətlərini reallaşdırmaq, hansısa maraqlarını reallaşdırmaq istəyənlər varsa, bunlar səhv yoldadır, biz buna imkan verməyəcəyik. Azərbaycanda dövləti kifayət qədər güclüdür. Bizim bununla bağlı xalqa arxalanaraq addımlar atmaq imkanımız da kifayət qədər böyükdür. Ona görə də həmin məscidə gəlib namaza oturan insanlarımız bunu bilirlər, hər kəs də sərbəst şəkildə gəlib namazını qılır.

Zeyd:
- Siz niyə hər saqqal saxlayana və yaxud hər sünniyə radikal müsəlman kimi baxırsınız? Niyə bir dəfə də olsun, dövlətə və dövlətçiliyə qarşı açıq-aşkar şüarlar səsləyən şiələr barəsində heç nə danışmırsınız? Siz də məzhəbkeşsiniz?


- Əvvəla, biz hər saqqal saxlayan adama radikal yönümlü islamçı kimi baxmırıq. Və hesab edirəm, o qədər saqqal saxlayan adamlar var ki, onların dinlə əlaqəsi yoxdur. Sadəcə, söhbət İslamda radikal qruplardan gedir. O qruplar ki, onlar İslam içərisində müəyyən məqsədlər üçün yaradılıblar. Və İslam dinin özünə zərbə olan qruplardır. Bu qrupların fəaliyyəti artıq özünü büruzə verib. Suriya və İraqda baş verə hadisələr, İŞID deyilən qruplaşma, bundan əvvəlki Taliban, Əl–Qaidə, bu kimi qrupların əməlləri əslində islamın özünə ziyandır. Azərbaycan müsəlman ölkəsidir və Azərbaycanda tarixən ulularımızdan nəsillərimizdən bizə irsən ötürülən dəyərlərimiz var. Bu dəyərlər dəyişməzdir. Bunlar da islami dəyərlərdən, adət-ənənəmizdən ibarətdir.

Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi ideya bu gün bizi birləşdirən bir ideyadır. Dini baxımdan da biz islami dəyərlərimizə əməl etməliyik. Ancaq bu gün İslamda hansısa bir cərəyan yaranıbsa, bu cərəyan yarandığı ərazidən gəlib bizim ölkəyə müdaxilə etmək istəyirsə, bu, yolverilməzdir. Və bu o cərəyanlar o xəttlərdir ki, özlərini doğrultmayıb, İslama ziyan vurub, qarşıdurmaya və qan tökülməsinə gətirib çıxarıb. Ona görə də, saqqal saxladı-saxlamadı, düşüncə tərzində görə radikal çağırışlar edən, dindən siyasi məqsədlər üçün istifadəyə cəhd göstərməyə çalışan adamlar hansı xətt olmasından asılı olmayaraq, qəbuledilməzdir. Bu cür xəttlərin Azərbaycanda kökü yoxdur. Ona görə də, biz bu cür xətlərin, xırda qrupların əleyhinəyik. Və bunların aradan qaldırılması üçün siyasi, ideoloji iqtisadi yollarla fəaliyyətimizi davam etdiririk.

Məcid:
- Salam, Mübariz müəllim. İran açıq-aşkar ölkəmizin şiə əhalisini idarə etmək istəyir. Buna qarşı dövlət səviyyəsində hansı işlər görülür?


- Azərbayacan və İran dost, qonşu ölkədir. Bizim ikitərəfli əlaqələrimiz inkişaf edir. Və hesab edirəm ki, İranda bəzi qruplar İranın söykəndiyi ideyanı ətraf ölkələrə yaymağa cəhd göstərir. Bu dövlət dövlət səviyyəsində olan bir məsələ deyil. Ancaq bütövlükdə götürəndə biz bütün sahələrdə biz öz təhlükəsizliyimizi təmin etmişik. Bu təhlükəsizlik içərisində eyni zamanda ideoloji təhlükəsizlik də önəmli yerlərdən birini tutur. Bunu təmin etmək üçün biz ətrafdan bizim ölkəmizə müdaxilə etmək istəyən yad düşüncələri kənarlaşdırmalıyıq, qarşısını almalıyıq.

Bizim mədəniyyətimizə də həm Qərb tərəfdən müdaxilələr edilir, bu cür cəhdlər var, kimlərsə Qərb mədəniyyətini, Qərb dünyagörüşünü, Qərbdə mövcud olan qaydaları ixrac etmək istəyir. Kimlərsə Şərqdə özünün mənsub olduğu özünün dini düşüncəni, eyni zamanda dövlət idarə modelini ixrac etmək istəyir. Bu ancaq bizə qarşı deyil, dünyada bu cür mübarizə gedir. Əlbəttə hər bir xalq, dövlət öz ideoloji təhlükəsizliyini, milli-mənəvi dəyərlərini qorumaq üçün öz fəaliyyətini göstərir. Bunun qarşısını almaq üçün, kənar ünsür və dairələrin qarşısını almaq üçün qabaqlayıcı tədbirlər görülür. Ona görə biz istər İran tərəfdən olsun, istər Qərb tərəfdən olsun, bizim milli adət ənənəmizə, dünyagörüşümüzə, islami dəyərlərimizə müdaxilə varsa, onun qarşısındayıq. Bu cür təhlükə hesab edirəm ki, Azərbaycan üçün yoxdur.

Xəyyam Məmmədov:
- Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri olaraq dini radikalizmlə mübarizədə gənclərimizin rolunu necə dəyərləndirərdiniz? Təşəkkürlər öncədən!

Bəhruz Müslümov:
- Salam Mübariz müəllim. Sizə və rəhbərlik etdiyiniz Komitəyə uğurlar arzu edirəm. Sizə sualım ondan ibarətdir ki, yeni nəsil Azərbaycan gəncliyini necə görmək istərdiniz və tovsiyyələriniz?..


- Dini radikalizmə qarşı mübarizədə əlbəttə, gənclərin çox böyük yeri və rolu vardır. Bu gün Azərbaycan gəncliyi elmə təhsilə, mədəniyyətimizə çox böyük diqqət yetirir, sosial şəbəkələrdə aparılan araşdırmalar göstərir ki, Azərbaycan gəncliyinin böyük əksəriyyəti dünyəvi dövlətimizə, konstutsiyon sitemimizə, Prezidentimizə dəstək verir, bu yöndə fəaliyyət göstərir. Azərbaycan gəncliyi xarici ölkələrdə təhsil alır, yüzlərlə Azərbaycan gənci ölkə daxilində, müxtəlif formalarda həyata keçirilən siyasətimizdə fəal rol oynayır. Gənclər təşkilatlarımız, QHT-miz var, ki orada gənclərimiz təmsil olunur. Bu gün dövlət idarəçiliyində xeyli sayda gənclər irəli çəkilib.

Bütün bunlar onu göstərir ki, Azərbaycan gəncliyi sağlam ideya və prinsiplər üzərində fəaliyyət göstərməkdədir. Dini radikalizmə qarşı gəncliyin yeri və rolu ondan ibarətdir ki, onlar bu cür çağırışlara qarşı dayanmalı və ideoloji mübarizədə fəallıqlarını nümayiş etdirməlidirlər. Biz gənclərlə dəfələrlə görüşlər keçirmişik və bu görüşlərimiz davam edir. Media vasitəsi ilə fikirlərimizi çatdırırıq, dialoqlar və dəyirmi masalar təşkil edirik. Azərbaycan gəncliyi hər hansısa bir formada radikalizmə meylli deyil. Onlar Azərbaycanlılıq ideyasına söykənən gənclikdir. Və bu gün dini radikalizmin təsirindən uzaqlaşmaq və ya təsir altına düşməmək üçün gənclər özləri gənclər arasında çox geniş və şaxəli işlər görməlidirlər.

Yaşar Qarayev:
-Salam, Mübariz müəllim, hazırda ölkəmizdə dini maarifləndirmə işinin aparılması bir Komitə sədri olaraq Sizi qane edirmi?

- Dini maarifləndirmə işi silsilə xarakter daşıyır. Yəni davamlıdır, bir yerdə dayanmayıb. Əsasən əhalinin o təbəqəsi içərisində aparılır ki, bu təbəqənin o məsələyə marağı var. Dini maarifləndirmə islami dəyərlərimizin əsas prinsiplərinin olduğu kimi insanlara çatdırılmasıdır. Dini maarifləndirmə eyni zamanda dialoq şəklində müzakirələrin aparılmasıdır. Biz bu sahədə geniş proqram tərtib etmişik. Və bu proqramımızı həyata keçirməkdəyik. Bölgələrdə konfranslar keçiririk. Mütəxəssislərin iştirakı ilə keçirilən bu konfranslarda ayrı-ayrı istiqamətlər üzrə bizim nümayəndələr iştirak edir. İnsanları maraqlandıran suallara cavab verirlər.

Dini maarifləndirmə eyni zamanda din xadimlərimizin və məscidlərdə çalışan imamlarımızın, axundlarımızın əhali arasında apardığı işlə bağlıdır. Bu eyni zamanda onların məscidlərdə söylədikləri xütbələrdə də özünü əks etdirməlidir. Dini maarifləndirmə sahəsində mediada, KİV-lərin digər sahələrində geniş və çoxşaxəli işlər aparılmalıdır. Dini maarifləndirmə bizi dini radikalizmdən, xurafatdan qorumaq üçün vacibdir. Çünki dini xurafat, dini radikalizmi bütövlükdə dinin özünə qarşıdır. Eyni zamanda cəmiyyət üçün də qarşıdurmaya apara biləcək təhlükədir.

Bu dini maarifləndirmə yalnız İslam dünyası üçün deyil, dini maarifləndirmə dedikdə Azərbaycanda mövcud olan digər konfessiyaların nümayəndələri ilə də keçirilən görüşlər və onların da arasında söhbətlərin aparılması ilə müşayiət olunmaqdadır. Yəni bu istiqamətdə bizim işlərimiz gedir. Və dini maarifləndirmə işi bizi qane edir, etmir sualına cavab versək, mən hesab edirəm ki, burada görüləsi işlər hələ kifayət qədər çoxdur.

- Sizin dini təhsiliniz yoxdur. İşləri necə idarə edirsiniz?

- Bu cür sualları mən facebook və digər sosial şəbəkələrdə də görürdüm. Bu cür düşünən insanlar görünür dövlət idarəçiliyi ilə bağlı məsələlərdə bəzi məqamları unudurlar. Dövlət idarəçiliyində istər nazirlik, istər Komitə olsun, orada rəhbərlikdə olan şəxs dövlət siyasətini həyata keçirir. Dövlətin bu sahədəki siyasətini reallaşdırılması ilə məşğul olur. Ona görə də Dövlət Komitəsinin rəhbərliyində duran şəxsin dini təhsilli olması məsələsi gündəmdə deyil.

Bütün dünya ölkələrində bir gün müdafiə naziri olan adam, sabah daxili işlər naziri olur. Və yaxud da hökumətin tərkibi dəyişəndə iqtisadi məsələlər baxılır. İxtisas məsələsi siyasi idarəçilikdə əsas məsələ deyil. Bunu gərək vətəndaşlarımız birdəfəlik qəbul etsinlər. Bizdə dini sahəyə rəhbərlik edən QMİ, hörmətli şeyximiz Hacı Allahşükür Paşazadədir. Onun kifayət qədər dini təhsili var. Onun çalışdığı insanların da yüksək dini təhsili var, o cümlədən bizdə dini təhsillə məşğul olan ali təhsil ocaqlarımız var. Təbii ki, onlar sırf mütəxəssislərdir, o sahəyə bir başa cavabdeh adamlardı. Amma Dövlət Komitəsinin sədri olaraq dini təhsilin sədri olmasını zəruri etmir. Burada din və dövlət münasibətləri ilə bağlı siyasət tənzimlənir. Və bu siyasəti müəyyənləşdirən dövlətin başçısı Prezidentdir.

Prezidentin bu siyasətinin din sahəsində və ya digər sahələrdə həyata keçirən şəxslər bütövlükdə Prezidentin konseptual siyasətinin icraçılarıdır. Ona görə də burada təhsilin hansı təhsil olması məsələsi deyil, bura humanitar sahənin də adamı, texniki sahə də başçılıq edə bilərdi. Mənim təhsilim tarix üzrədir. Tarixi bilgim dini sahədəki müəyyən məsələləri bilməyimi zəruri edib. Mən sırf özümü dini təhsil almış mütəxəssis hesab etmirəm. Mən siyasi məsələləri, prosesləri dövlətin bu sahədəki siyasətini bilərək bunu həyata keçirmək vəzifəsini yerinə yetirməliyəm. Bunu nə dərəcədə yerinə-yetirib yetirməyəcəyim isə əlbəttə dövlət başçısı müəyyən edir. Biz bütövlükdə dövlət siyasətinin ayrı-ayrı sahələrini həyata keçiririk. Və bu bir bütöv siyasətdir. Onun içərisində iqtisadiyyat, din , daxili, xarici, humanitar siyasət və digər sahələrdir. Ona görə də burada ixtisas məsələsi önəmli deyil.

Dədə Qorqud:
- Qədimdə qəbiristanlıqda yalnız baş daşı qoyulardı və bir daha təmir edilməzdi. İndi isə qəbirlər hasarla mühasirəyə alınır və məzarın ölçüsü zəruridən 5-10 dəfə çox ərazini zəbt edir. Ciddi şəkildə addım atılmalıdır. Qanun qəbul olunmalı, mənəviyyatımıza və dinimizin tələbinə uyğun qəbirlərimiz olmalı, bütün çəpərlər sökülməli, ölülər üzərindən ağır daşlar ləğv edilməlidir. İmkan verilməlidir ki, ölən heç olmasa məzarda adam kimi (daha doğrusu adam ölüsü kimi) azad şəkildə yaşamış olsun. Birinin əlinə bir az pul və ya səlahiyyət keçən kimi, məzarı daha da dəbdəbəli vəziyyətə salması qadağan edilsin, həm qanun, həm də fitva ilə. Elə olsa hamımıza yer çatacaq, öləndə kef eləyəcəyik, çünki bizi dəfn edənlər və məzarımıza görə məsrəf edənlərin söyüşündən (gorumuzu söyməyindən) qurtulacağıq. Vallahi, billah mən düz deyirəm və əminəm ki, bu çoxluğun fikridir. Sadəcə olaraq qəti və yetərli ağsaqqal və qaydalar olmadığı üçün bu gündəyik. Siz Dədə Qorqudun təklifini nəzərə alacaqsınızmı?


- Məzarlıqlarla bağlı qanun layihəsi üzərində iş gedir. Faktiki olaraq bu qanun layihəsi hazırlanıb. Nazirlər Kabineti bununla əlaqədar qərar qəbul edəcək. Bu məsələ tam hüquqi qüvvəsini aldıqdan sonra yeni salınan məzarlıqlarda dəbdəbə məsələsi öz həllini tapacaq. Hansısa dəbdəbəyə yol verilməyəcək. O cümlədən, məzarlıqlarda bir sistem şəklinə salınıb həll olunacaq. Məzarlıqların salındığı yerlər, onların ölçüləri və s. dinimizə uyğun şəkildə tətbiq olunacaq. Bundan sonra bir məzar digərindən fərqlənməyəcək. Bütün məzarlar eyni olacaq. Lakin indiyə qədər salınmış məzarlıqlar öz yerində qalır. Çünki qanunun geriyə tətbiqi yoxdur.

Mehman:
- Salam. Mübariz müəllim, yas mərasimlərində verilən ehsanların yığısdırılması ilə bağlı gördüyünüz işləri yarımçıq qoydunuz. Söz gəzir ki, bəzi qüvvələrin təzyiqinə rast gəldiniz. Bu məsələdən müsbət həll gözləməyə dəyər?


- Bu barədə heç bir təzyiqdən söhbət gedə bilməz. Yas mərasimlərində ifrat israfçılıq əleyhinə QMİ –nin də fətvası olub. Dövlət tərəfindən də biz fikirlərimizi ictimai rəyə çatdırmışıq. Burada hansısa zorakılıqdan gedə bilməz, bu çağırışlar yas mərasimlərini qadağan demək deyildir. Bu çağırışlarda yas mərasimlərində israfçılığa yol verilməməsi gündəlikdə dayanır.

Bizim tövsiyəmiz ondan ibarətdir ki, yas mərasimləri zamanı süfrələrdə hansısa təamlar qoyulursa, baxmaq lazımdır ki, bunlar nə qədərdir və bunların hansı çeşiddə qoyulması həyata keçirilir. Ona görə də, biz yas mərasimlərilə bağlı dediyimiz fikirlərin üzərindəyik və hesab edirəm ki, geri çəkilmə də yoxdur, işlər davam edir, işlərin də müəyyən nəticələri var.

Şahanə Rəhimli
Nuron Məmmədov



Teqlər:  





Xəbər lenti