Saytın qonağı | `Məscidləri bölmək lazım deyil` - Mübariz Qurbanlı (VİDEO)

Saytın qonağı | `Məscidləri bölmək lazım deyil` - Mübariz Qurbanlı (VİDEO)
  19 Dekabr 2014    Oxunub:13249
Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı AzVision.az oxucularının suallarını cavablandırır.

Allahqulu:
- Salam, Mübariz müəllim. İlahiyyat məscidinə çox insanın yığılmasının səbəbi odur ki, cümə namazı üçün başqa məscidləri tərk edib, bir məscidə yığılmaq lazım olur. Bunu bilmirsinizmi?




- Azərbaycanda `məscid qıtlığı` deyilən anlayış yoxdur. Yəni Azərbaycanda kifayət qədər məscidlər var. 2054 məscid var, təxminən. 1600 məscid gündəlik fəaliyyət göstərir. Məsələn, Cənub bölgəsində 546, Aran bölgəsində 332, Şimal -Qərb bölgəsində 274 məscid var.

Yalnız onu demək istəyirəm ki, Azərbaycana gələn insanların sayı məscidlərin tutumu arasında müqayisə aparsaq, demək olar ki, məscidlərdə kifayət qədər insanın gəlməsi üçün şərait var. Hesablamalara görə, ölkədəki məscidlərin ümumi tutumu 300 min nəfərə yaxındır. Eyni zamanda ölkə üzrə cümə namazlarında iştirak edənlərin sayı isə 150 min nəfərdir.

Məscidlərin sayı lazım olduğu qədərdir. Bakı şəhərində hansısa bir sıxlıqdan söhbət gedə bilməz. 135 məscid var. 13-14 məscid sünni məscididir. Məzhəb ayrılığına görə kimsə gedib namaz qılmaq istəyirsə problem yoxdur. Əslində məzhəb ayrılığına görə namaz qılmaq lazım deyil. Bütün məscidlər açıqdır və hər kəs gedib məsciddə namaz qıla bilər. Burada bir problem görmürəm.

Ona görə də, `məscid çatışmazlığı` söhbəti yoxdur. İlahiyyat məscidində kiminsə namaz qılmasına heç kim yasaq qoymur. Sadəcə, ora gələnlərin sayı çox olur, biz tövsiyə edirik ki, başqa məscidlərdə həmin zaman yer olduğu üçün ora getsinlər. Azərbaycanda, xüsusi ilə Bakıda məzhəblərlə bağlı problem yoxdur.


Nicat Məmmədli: - Niyə məscidlər dövlət hesabına təmir edilir? Mən verdiyim vergidən bu cür işlərin görülməsinə qarşıyam. Dövlət heç bir dinə yardım etməməlidir. Dünyəvi respublika olduğumuz halda nədən bu cür yardımlar edilir?

- Əlbəttə, biz dünyəvi respublikayıq. Bu, Konstitusiyamızda təsbit olunub. Ancaq bir məsələni yaddan çıxarmayaq ki, din-dövlət münasibətlərində dövlət daim dinə himayə göstərib. Ona görə də Azərbaycanda dövlət tərəfindən dinə himayədarlıq edilir. Bəzi məscidlər yenidən qurulub. Eyni zamanda, yeni məscidlər tikilib. Bir rəqəmi deyim ki, Sovetlər dönəmində Azərbaycanda 17 məscid var idisə, hazırda məscidlərin sayı 2050-yə qədərdir. Prezident İlham Əliyevin birbaşa himayəsi ilə Binəqədi rayonu ərazisində, Bakı şəhərində və bütövlükdə Qafqazda ən böyük məscidlərdən biri inşa olunur. Ona görə də, vətəndaşlarımızın əksəriyyətinin dini inanca bağlılığını və İslam ölkəsi olduğumuzu nəzər alaraq, biz məscidlərə də himayədarlıq etməliyik. Eyni zamanda, ölkəmizdə olan digər dinlərin də mənsub olduğu insanlar nəzərə alınır. Başqa dinlərə də bu cür yardımlar göstərilir. Bundan da narahat olmaq lazım deyil.

Gəncəli:
- Salam. Gəncədə sünni camaatının namaz qılmağa bir məscidləri yoxdur. Şah Abbas məscidindən bir kiçik otaq ayrılıb ki, hamı bir-birinin belində. Ancaq cümə namazı qılmaq icazəlidir. Başqa günlərdə icazə verilmir. Bayram namazı vaxtı məscid tam sünni camaatının ixtiyarında olur və sünni camaatının nə qədər olduğu açıq görünür. Məscid tam dolur və həyətdə qalanlar da olur. Başqa günlər icazə verilmir. İstənilən məscidə əhli-sünnə imamı təyin etməklə bu problemi həll etmək olar. Bu problemi həll etmək istəyirsinizmi?

Gəncə Yurdundan:
- Mübariz müəllimə salamlar. Gəncədə sünnilərin məscidi olmadığı halda, bəzi məscidlər ya bağlıdır, ya da kitabxanaya çevrilmişdir. Kitabxanaya çevrilmiş məscidlərin birini sünnilərin ixtiyarına vermək olmazmı?




- Multikulturalizm Mərkəzi, Bilik Fondu məscidlərin kitablarla təminatı üçün böyük işlər, layihələr həyata keçirir. Cənab Prezident həm Bilik Fondu, həm də Multukulturalizm Mərkəzi ilə əlaqədar sərəncamlar verib, burada da çox geniş proqramlar həyata keçirilir. Məsələn, Bərdədə İmamzadəni təmir ediblər, digər layihələr var. Uğurla həyata keçirilib.

Gəncəyə gəldikdə isə, demək istəyirəm ki, bizim vətəndaşlarımız məscidləri şüurlu və şüuraltı bölməsinlər. Biz o ölkələrdən deyilik ki, bir araya gəlib namazımızı qıla bilməyək. Biz buna gedib, gənclərimizi belə şeylərə sövq etməməliyik. Məscidə ifan, birlik yeri kimi baxmaq lazımdır. Gəncədə kifayət qədər çox tutumlu məscidimiz var. Biz tolerant ölkəyik, məscidləri süni bölmək lazım deyil.


Taleh İbrahimov:
-Hazırda dünyada 4000-dən çox din var. Onlardan neçəsi Azərbaycanda təmsil olunur? Neçəsini rəsmi qeydiyyata almısınız?


-Dünyada olan dinlərin sayı vətəndaşın dediyindən daha çoxdur. Azərbaycanda əsas səmavi dinlər, bütün konfessiyalar mövcuddur. Azərbaycan əhalisinin 96%-i İslam dininə sitayiş edir. Bundan başqa, Azərbaycanda xristianlıq, provaslav xətti, eyni zamanda, katolik xətti və digər radikal qrupların da mövcud olduğu haqqında məlumatlar var. Əsasən Azərbaycanda Yəhudilik, İslam, Xristianlıq və Xristianlığın hər iki xətti mövcuddur.


YAP-çı:
- Salam. Siz güclü siyasətçi kimi tanınırsınız. Ancaq yeni işinizdə sanki yerinizdə deyilsiniz. Sizin əvvəl başladığınız tempin QMİ tərəfindən yüksək manevrlə qarşısının alındığını gördük. Siyasətdə Siz manevrlər edirdiniz və qələbə Sizinlə idi. Ancaq din siyasətdən fərqli sahədir. Sizcə, bu formada nə qədər davam gətirə biləcəksiniz?




- Vətəndaşlarımız yas mərasimləri ilə bağlı bizim tövsiyələrimizi dinlədilər. Bununla bağlı fikirlərimizi dedik, yenə də deyirəm, yas mərasimlərində hansısa israfçılığa yol verilməməlidir. Zamanı uzadılmamlıdır, mərasimlərin. Çağırışlarımızdan sonra yas mərasimləri "üç" məclisi ilə başa çatır. Bir çox rayonlarda artıq ifrat israfçılığa yol verilmir. Bu məsələdə biz nə geri çəkilmişik, nə də kimsə buna təsir göstərir.

QMİ də bu məsələdə bizimlə həmrəydir. Cəmiyyət özü bunu istəyirsə, burada kənar təsir necə öz rolunu oynaya bilər. Hamımızın yaxınları rəhmətə gedə bilər, vətəndaş istəmirsə, kim ona zor edə bilər ki, sən israfçılıq et, ya etmə. Bu, insanların öz razılığı ilə tədricən baş verməlidir.

Samir Quliyev:

-Salam, Mübariz müəllim. Azərbaycandakı dindarların demək olar ki, hamısı harasa bağlıdır. Şiələr – İrana, Nurçu/hənəfilər - Türkiyəyə, Əxilər/vəhhabilər - ərəb ölkələrinə. Bu hal Sizi narahat etmirmi?


- Əvvəla qeyd edim ki, Azərbaycanda olan inanclı insanlarımızın harasa bağlı olması barədə bizim hörmətli oxucunun yönəltdiyi sual o qədər də dəqiq deyil. Azərbaycan əhalisi dövlətçidir, əksəriyyəti dövlətinə bağlıdır və bizim QMİ-miz, Şeyxülislamımız, məscidlərimiz var. Azərbaycan əhalisi öz ölkəsinə və İslama bağlıdır. Lakin ölkəmizdə ola bilər ki, kimlərsə özünü xarici dini təsirlərin altında harasa bağlı olduğunu bildirsin və ya bu xəttlə bağlı fikirlər səsləndirsin. Mən elə hesab edirəm ki, xırda cərəyanlarla bağlı deyilən fikirlər də təsadüfi deyil, bu cür adamlar da var.

Eldar:
-Salam, Mübariz müəllim, bölgələrə səfərlərinizi, məscidlərə baş çəkməyinizi, dindarlarla görüşünüzü təqdir edirik. Bilmək istərdim ki, Qarabağ bolgəsinə də səfəriniz nəzərdə tutulubmu?




- Bütün bölgələrə gediləcək. Səfərlər müəyyən proqram əsasında həyata keçirilir. Faktik olaraq bölgələrdə əsasən din xadimləri və inanclı insanlarla böyük görüşlər keçiririk və bundan sonra da keçirəcəyik. Məscidlərə gedəcəyik, insanlarımızla görüşəcəyik. Qarabağ bölgəsinə də inşallah, səfərimiz var. Əsas qayəmiz milli-mənəvi, islami dəyərlərimizi qorumaqdır. Ölkəmizdə qarşıdurma yaratmağa cəhd göstərən radikal qrupların qarşısını almaqdır.

Anar:
-Salam, Mübariz müəllim, bizim üçün maraqlıdır Sizin məzhəbiniz nədir? Şiəsiniz, yoxsa sünni?


- Açığı deyim ki, mən İslam dinində məzhəblərə bölgünün tərəfdarı deyiləm. Və hesab edirəm ki, bu cür bölgü bizim ümumi işimizə və İslamın özünə ziyan gətirən bir məsələdir. Amma tarixən belə olub ki, Peyğəmbər (s.a.s) dən sonra İslamda bəzi bölgülər meydana gəlib. Bu bölgülər İslamın yayıldığı ölkələrdə də özünü büruzə verib. Ona görə də, belə götürsək, mənim dinim İslam dinidir, müqəddəs kitabımız Qurani-Kərimdir. Peyğəmbərimiz Məhəmməddir (s.a.s). Və ona görə də, mən bu bölgünün tərəfdarı deyiləm. Özümü müsəlman hesab edirəm.


Mirəli Əlizadə:

- Mövzudan uzaqlaşdığıma görə əvvəlcədən üzr istəyirəm. Leyla Yunus və Cəmil Həsənli siyasi məhbus biznesi yaradıblar. İmkanlı məhbuslardan yüz min manatlarla pul alınaraq, onlara `siyasi məhbus` statusu qazandıracaqlarına söz verirlər. Cəmil Həsənli bu üsuldan istifadə edərək, sabiq nazir Fərhad Əliyevin də milyonlarını mənimsəmişdi. Mübarız müəllim, Siz bunları bilirdinizmi?




- Azərbaycanda siyasi məhbus yoxdur. `Siyasi məhbus` adı altında alver edilməsi məsələsi əvvəllər də mövcud olub. Bu barədə fikirlər səsləndirilib. Kimsə siyasi məhbus adından siyasi alver məqsədilə istifadə edirsə, onlar ifşa olunur və cəmiyyət də onları tanıyır.

Azərbaycanda müəyyən cinayətlər törədib həbs olunan insanları siyasi məhbus adlandırmaq cəhdi iflasa uğrayır. Bu, Avropa Şurasında da iflasa uğradı, bizim əleyhimizə tətbiq etmək istəyəndə Azərbaycanda da iflasa uğrayır. Bundan sonra kimlərsə, `siyasi məhbus` adı altında alver etmək istəyəcəksə, iflasa uğrayacaq.


Gültəkin Quliyeva:

-Mübariz müəllim, çox maraqlıdır ki, Siz millət vəkili olanda asanlıqla telefonlara cavab verirdiniz, sualları cavablandırırdınız. Elə ki, Komitəyə keçdiniz, jurnalistlər də yaddan çıxdı. İndi Siz ancaq iki mətbuat orqanına açıqlama verirsiniz? Burada qərəz görmürsünüzmü? Və bu seçiminiz nə ilə bağlıdır?


- Mən Gültəkin xanımı tanıyıram və hörmətim var. Bilirəm ki, çox qabiliyyətli jurnalistdir. Ancaq Gültəkin xanım da gərək obyektiv vəziyyəti nəzərə alsın. Mən partiyada fəaliyyət göstərdiyim zaman partiya funksioneri olaraq hər gün jurnalistlərlə təmasda olmaq imkanına malik idim. Lakin dövlət işində vaxt və zaman məsələsi var. Bunlar müəyyən mənada fəaliyyətimizi, jurnalistlərlə əlaqələrimizi vaxta görə nisbətən çətinləşdirir.

Bütün bunlara baxmayaraq, mən daim media üçün açıq olan bir şəxsəm. Media nümayəndələrinə böyük hörmətim var. Mən hansı tədbirdə oluramsa, jurnalistlər mənə yaxınlaşanda bütün məsələlər barədə imkan daxilində açıqlama verirəm. Gültəkin xanım bizimlə əlaqə saxlasaydı, onların mənsub olduğu mətbu orqana açıqlama verə bilərdik. Mənim üçün fərqi yoxdur, hansı jurnalist sual verir. Vacib odur ki, dediyimiz fikirləri ictimai rəyə kimsə çatdırır, çatdıran şəxslərə də biz hörmətlə yanaşırıq.

Cəlal Əliyev:
- QMİ bir QHT olaraq, dövlət qurumu olan və Sizin rəhbərlik etdiyiniz Komitəyə niyə tabe olmur? Dindarlar arasında QMİ-dən çox Sizin rəhbərlik etdiyiniz quruma hörmət bəslənilir. Gülməli səslənsə də, bu, belədir. Təşəkkür edirəm! Hörmətlə!




- QMİ, adından da göründüyü kimi, bütün Qafqazı əhatə edir. QMİ-nin mərkəzi Bakı şəhərində yerləşir, bütün Qafqazın şeyxi Azərbaycan vətəndaşıdır. Qafqazın şeyxi Allahşükür Paşazadə tək Azərbaycanda deyil, beynəlxalq aləmdə Qafqaz müsəlmanlarının dini idarəsinin rəhbəri kimi qəbul olunur. Bu, bizim üstünlüyümüzdür. Ona görə də, QMİ-nin tabeçilik və s. məsələləri gündəmdə deyil. O, müstəqil bir idarədir.

Biz dini qurumlarla işləyirik. Onların hər biri müstəqil fəaliyyət göstərən qurumlardır. Biz, sadəcə, din-dövlət münasibətlərini konstitusiya və qanun çərçivəsində tənzimləyirik. Biz yalnız QMİ ilə deyil, katolik, pravoslav, yəhudi və 600- ə yaxın digər icmalarla işləyirik.

Azərbaycanda, o cümlədən, Qafqazda müsəlman icmasının idarəçiliyində QMİ aparıcı rol oynayır, özünəməxsus statusu var. Ona görə də, bu məsələlər vətəndaşın düşündüyü çərçivədə deyil.


Zeyd:

- Siz niyə hər saqqal saxlayana və yaxud hər sünniyə radikal müsəlman kimi baxırsınız? Niyə bir dəfə də olsun, dövlətə və dövlətçiliyə qarşı açıq-aşkar şüarlar səsləyən şiələr barəsində heç nə danışmırsınız? Siz də məzhəbkeşsiniz?


- Əvvəla, biz hər saqqal saxlayan adama radikal yönümlü islamçı kimi baxmırıq. Və hesab edirəm, o qədər saqqal saxlayan adamlar var ki, onların dinlə əlaqəsi yoxdur. Sadəcə, söhbət İslamda radikal qruplardan gedir. O qruplar ki, onlar İslam içərisində müəyyən məqsədlər üçün yaradılıblar. Və İslam dinin özünə zərbə olan qruplardır. Bu qrupların fəaliyyəti artıq özünü büruzə verib. Suriya və İraqda baş verə hadisələr, İŞID deyilən qruplaşma, bundan əvvəlki Taliban, Əl–Qaidə, bu kimi qrupların əməlləri əslində islamın özünə ziyandır. Azərbaycan müsəlman ölkəsidir və Azərbaycanda tarixən ulularımızdan nəsillərimizdən bizə irsən ötürülən dəyərlərimiz var. Bu dəyərlər dəyişməzdir. Bunlar da islami dəyərlərdən, adət-ənənəmizdən ibarətdir.

Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi ideya bu gün bizi birləşdirən bir ideyadır. Dini baxımdan da biz islami dəyərlərimizə əməl etməliyik. Ancaq bu gün İslamda hansısa bir cərəyan yaranıbsa, bu cərəyan yarandığı ərazidən gəlib bizim ölkəyə müdaxilə etmək istəyirsə, bu, yolverilməzdir. Və bu o cərəyanlar o xəttlərdir ki, özlərini doğrultmayıb, İslama ziyan vurub, qarşıdurmaya və qan tökülməsinə gətirib çıxarıb. Ona görə də, saqqal saxladı-saxlamadı, düşüncə tərzində görə radikal çağırışlar edən, dindən siyasi məqsədlər üçün istifadəyə cəhd göstərməyə çalışan adamlar hansı xətt olmasından asılı olmayaraq, qəbuledilməzdir. Bu cür xəttlərin Azərbaycanda kökü yoxdur. Ona görə də, biz bu cür xətlərin, xırda qrupların əleyhinəyik. Və bunların aradan qaldırılması üçün siyasi, ideoloji iqtisadi yollarla fəaliyyətimizi davam etdiririk.


Cahandar:
- Mübariz müəllim, Sizin rəhbərlik etdiyiniz qurumda necə işə düzəlmək olar?

Hacı Abbas:
- Salam, Mübariz müəllim. Siz mənə İncəsənət Universitetində dərs demisiniz. Sizə müraciət etsəm, DQİDK-də işlə təmin olunmağıma kömək edə bilərsinizmi?




- Azərbaycanda dövlət qulluğu haqqında qanuna uyğun olaraq, hər bir nazirlik, komitə, dövlət qurumu vakansiyada olan yerləri elan edir. Həmin yerləri tutmaq üçün test imtahanı keçirilir. Bu imtahanları biz deyil, müvafiq qurumlar keçirir. Bizə işə qəbul da bu qaydada həyata keçirilir. Əgər onlar vakansiyalarla bağlı imtahanlardan keçsələr, biz onları işə götürə bilərik.


Zeyd:
- Millət vəkili olmaq çətindir, yoxsa belə bir sahəyə rəhbərlik etmək?


- Millət vəkilinin də üzərində böyük məsuliyyət var. Millət vəkili seçildiyi ərazilərdə olan seçicilərlə bağlı üzərində böyük öhdəlik daşıyır. Milli Məclisin deputatları öz üzərlərinə düşən işi yerinə yetirmək üçün fəaliyyət göstərirlər. Mən xeyli müddət Milli Məclisdə təmsil olunmuşam, YAP-ın üzvü olaraq burada fəaliyyət göstərmişəm, sonradan Prezidentimizin etimadı ilə indi bu vəzifəni yerinə yetirirəm. YAP-ın üzvü olaraq partiyamızın sədri, Prezident İlham Əliyevin etimadını doğrultmaq üçün əlimdən gələni edirəm və edəcəyəm də. Hansı çətindir, hansı asandır - bu müqayisəni aparmaq doğru olmazdı. Hər ikisi məsuliyyətlidir, müəyyən öhdəliklər qoyur insanın üzərinə.

Yeni Günəşli:
- Mübariz müəllim, salam! Sizdən iki xahişim var. 1) Siz Yeni Günəşlidə tikintisi yarımçıq qalmış "Fatimeyi Zəhra" məscidinin bərpasına kömək edə bilərsinizmi? Ora gəlib baxmağınızı xahiş edirik. 2) Bir də, onun önündə boş sahə kimi qalmış yerdə Heydər Əliyev parkının salınması bütün Yeni Günəşli əhalisinin arzusudur. Lakin indi orada “novostroyka” tikilməsinə başlanılır. Xahiş edirik, parkın salınması üçün bizə dəstək olasınız. Siz həmişə obyektiv fikirlərinizlə ictimaiyyətin rəğbətini qazanmısınız.




-Bu məscid inşa olunarkən müvafiq sənədlərə uyğun olmadan inşa edildiyinə görə inşası yarımçıq qalıb. Bu, bizim gündəlikdə duran məsələlərimizdən biridir. Bunun həll edilməsi üçün lazımı addımlar atılacaq.


M.Rüstəmov:
- Xahiş edirəm, balaca izah verəsiniz, kimlər şeyx ola bilər? Seçkili sistemdirmi? Neçə ildən bir seçilir?


- Şeyxülislamın seçilməsi qaydaları və s. QMİ-nin Nizamnaməsində əksini tapıb. Bu məsələ həmin qurumun öz daxili işidir. Bizim Komitənin səlahiyyətində olan məslə deyil.


Elmsiz:
-Salam. Siz Quranı Azərbaycan dilinə mənaca təfsirindən oxuyursunuz, ya ərəb dilində? Və Quranı öz oxuduğunuz kimi başa düşürsünüz, yoxsa bunun üçün hansısa təfsir alımlərinin köməyinə müraciət edirsiniz? Edirsinizsə, hansı alimdir və hansı kitabdır?





- Mənim Qurani-Kərimlə tanışlığım tələbəlik illərinə təsadüf edir. O zaman mən Bakı Dövlət Universitetinin tarix fakültəsində təhsil alırdım və biz təhsil alanda "Şərq ölkələri" adlı fənn tədris olunurdu. İslam dini, onun meydana gəlməsi, İslam dünyasında gedən proseslər və s. bizə öyrədilirdi.

Bu öyrənmə sırasında mən Quranın rus dilində Kraçkovskinin tərcüməsində olan hissələrilə tanış idim, bu da dərsə hazırlıq prosesində bizə lazım idi. Sonralar isə Azərbaycan dilində olan nüsxələrilə tanış olmuşam. Təbii, Quranı dərindən mənimsəmək, duymaq, onda olan Allah kəlamlarını daha dərindən qəbul etmək üçün daha yaxşı olar ki, ərəb dilində bilib, mənimsəyəsən. Çünki Quranı mükəmməl ərəb dilində oxumaq onu dərk etmək üçün üstünlük verir.

Quranın tərcümə variantları müxtəlif ola bilər. Təfsirlərlə tərcümələr var, birbaşa tərcümə edə bilərlər, türk dilində, rus dilində 12 cilddən ibarət təfsirlərlə olan kitablar var. Mən Komitəyə gəlməmişdən əvvəl də müsəlman, İslamla maraqlanan bir insan kimi bunları öyrənməyə çalışmışam.

Ancaq yenə də özümü ilahiyyat üzrə mütəxəssis saymıram. Siyasi məsələlərlə məşğulam. Və bu komitəyə də siyasi xətti həyata keçirən məmur kimi rəhbərlik edirəm.


Azərbaycanlı:
- Salam, Mübariz müəllim. Siz İslama aidiyyatı olmayan mağar ziyafəti ticarətini və qəbir-mərmər israfçılığını ləğv etmək istəyərkən nə qədər təzyiqlərin olduğunu artıq bilirsiniz. Bilə-bilə ki, xalqı soyurlar və Sizin işiniz haqqdır, yenə də işin çətinliyini şəxsən öz üzərinizdə duyursunuz. Hətta Sizə "vəhhabi" də dedilər. Belə çıxmırmı ki, düz danışana `vəhhabi` deyirlər? Buna görəmi yumşalmağa məcbur oldunuz? Bəs Allah, haqq, bu yazıq millət?..



- Birmənalı deyirəm ki, biz öz xəttimizdən geri çəkilməmişik. Qarşımızda qoyulan vəzifəni yerinə yetirmək üçün davamlı işimizi həyata keçiririk. Yas mərasimlərində israfçılığın baş verməməsi üçün nə lazımdırsa edilir və ediləcək.

Yeni qanun qəbul olunandan sonra qəbiristanlıqda dəbdəbəyə yol verilməyəcək. O cümlədən, qəbir yerlərinin verilməsində də qayda-qanun, böyük sistem daha təkmil formada həyata keçiriləcək. Dövlətimizin, Prezidentimizin müəyyən etdiyi xətt ardıcıl olaraq həyata keçirilir. Hansısa bir təzyiqdən söhbət gedə bilməz.


Elçin EL1:
- Salam, Mübariz müəllim, hər vaxtınız xeyirli olsun. Mən 24 dekabrda Prezidentin şərəfinə beynəlxalq qran-pri adlı idman yarışması təşkil edirəm. Sizi fəxri qonaq qismində dəvət etsəm, təşrif buyurub bizi şərəfləndirə bilərsinizmi? Tədbir beynəlxalq olduğuna görə, yəhudi və bir neçə icmaların da rəhbərləri iştirak edəcəklər. Razı olduğunuz təqdirdə necə əlaqə saxlaya bilərəm?




- Rəsmi dəvətnamələrini göndərsinlər, zamanımız imkan versə, möhtərəm Prezidentimizin şərəfinə təşkil edilmiş tədbirə bizim nümayəndələr də qatıla bilər.


(Ardı BURADA)

Şahanə Rəhimli
Nuron Məmmədov



Teqlər:  





Xəbər lenti