`Parlamentdə milli, dini ayrıseçkilik yoxdur`

`Parlamentdə milli, dini ayrıseçkilik yoxdur`
  28 Noyabr 2014    Oxunub:1898
Bu gün Milli Məclisin Sosial siyasət komitəsinin iclası keçirilib.
AzVision.az xəbər verir ki, iclasda komitə sədri Hadi Rəcəbli, sədr müavini Musa Quliyev, Sədaüət Vəliyeva, Yaqub Mahmudov, Sevinc Hüseynova və Türkiyə Böyük Millət Məclisinin bir qrup deputatları iştirak edib.

İclas zamanı deputatlar “Təhsil və əlillik problemi” mövzusunda müzakirələr aparıblar.

Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli türkiyəli deputatlara Azərbaycan parlamenti və təmsil etdiyi komitənin gördükləri işlərlə bağlı məlumat verib. Əvvəlcə Azərbaycan parlamentinin strukturu, fəaliyyəti və tərkibi barədə qonaqlara məlumat verib. Bildirib ki, Milli Məclisdə əhalinin bütün təbəqələrindən nümayəndələr təmsil olunur, buna görə də parlamentdə milli, dini və irqi ayrıseçkilik yoxdur.

Komitə sədri Azərbaycanda əlillərin sosial müdafiəsini əks etdirən çoxsaylı qanunların qəbul edildiyini deyib və bu qanunların hazırlanmasında komitə üzvlərinin rolunu qeyd edib.

Vurğulayıb ki, bu günlərdə komitə tərəfindən "Sağlamlıq imkanları məhdud şəxslərin təhsili haqqında" qanun layihəsi hazırlanaraq Milli Məclisə təqdim edilib.

Sənədə əsasən evdə təhsilə cəlb olunan sağlamlıq imkanları məhdud şəxslərin valideyinlərinə və ya digər qanuni nümayəndələrinə müavinətlər veriləcək. Qeyd olundu ki, hazırda komitədə "Əlilliyin qarşısının alınması, əlillərin reabilitasiyası və sosial müdafiəsi haqqında" qanun layihəsi hazırlanır.



Daha sonra Türkiyə Beyazay dərnəyinin sədri, Türkiyə parlamentinin sabiq deputatı Lokman Ayva tədbir iştirakçılarını salamlayaraq, bildirib ki, Azərbaycan-Türkiyə dedikdə iki qardaş göz önünə gəlir. O qeyd edib ki, Azərbaycan və Türkiyə çox dərin mədəniyyətə və sosial-iqtisadi inkişafa sahibdirlər. Hər zaman bir-birinə dəstək olan qardaş ölkələrin əlillərin cəmiyyətə inteqrasiyası, onların təhsil alması və işlə təmin olunması sahəsində də birgə fəaliyyət qurması vacibdir: “Əlillər üçün təhsil mütləqdir. Onların təhsili daha önəmlidir. Çünki onlara təhsil verilməzsə, onların əşyadan heç bir fərqi olmaz”,-deyə L.Ayva əlavə edib.

Çıxış edən türkiyəli deputatlar da əlillərin sosial müdafiəsi sahəsində birgə əməkdaşlığın vacibliyini qeyd ediblər. Bildiriblər ki, xüsusən də əlil insanların yüksək təhsil alması çox önəmlidir. Onlar Azərbaycan hökumətinin bu sahəyə olan diqqətini də yüksək qiymətləndiriblər.

Görüşdə mövzu ilə bağlı qarşılıqlı müzakirələr aprılıb.

Sevinc İltifatqızı
AzVision.az



Teqlər:  





Xəbər lenti