`Məscidlərdə polis postları qurulmalıdır` - Deputat

`Məscidlərdə polis postları qurulmalıdır` - Deputat
  28 Noyabr 2014    Oxunub:1485
“Məcsidlərdə təhlükəsizlik kameraları quraşdırılsın, kamera yoxdursa polis postları qoyulsun”.
AzVision.az xəbər verir ki, bu sözləri Milli Məclisin bu gün keçirilən iclasında millət vəkili Fazil Mustafa deyib.

Deputat bildirib ki, son vaxtlar Azərbaycanda multikultiralizm, dini maarifçilik istiqamətində prezident İlham Əliyev tərəfindən xeyli işlər görülüb:

“Amma bu gün ölkəmizdə çox qəribə hadisələr baş verir. Elə hadisələr olur ki, heç vaxt ölkəmizdə bunlar olmayıb. Ola bilsin ki, hansısa dini icmanın təmsilçiləri bir-biri ilə yola getməyiblər, bir-birini qəbul etməyiblər. Amma ümumiyyətlə Azərbaycanda məscidi yandırmaq deyə bir ənənə olmayıb. Hətta Sovet dövründə belə bir şey olmayıb. Son günlər Qaraçuxur məscidində baş verən hadisə nəyi göstərir? Azərbnaycanla bağlı görünür ki, kimlərsə planlar hazırlayır.Gərək elə addımlar ataq ki, onların ölkədə qarşıdurma yaratmaq niyyətləri baş tutmasın”.

F.Mustafa qeyd edib ki, prezident Dini Qurumlarla İş üzrə Dövlət komitəsinə vəsait ayırıb, bununla ölkədə dini maarifçilik daha da artırıla bilər:

“Biz təxribatlara qarşı addımlar atmalıyıq. Məscidlərə kameralar quraşdırılsın, kamera yoxdursa, polis postları qoyulsun. Çünki bu kütlənin toplaşdıqları yerlərdir və sonra qarşısı alınmaz bir şeyə gətirib çıxara bilər. Bu məsələyə diqqət ayırmaq lazımdır”.

Eyni zamanda millət vəkili Avropa Parlamentinin prezidenti Martin Şultsun Azərbaycanda bağlı səsləndirdiyi fikirlərə də münasibət bildirib:

“Avropa Parlamentinin Azərbaycanla bağlı bəzi məsələlərdə səsləndirdikləri fikirlərində obyektivlik bir qədər məhduddur. Biz helikopter məsələsində də bunun şahidi olduq. Qarakənd hadisəsində bizim vertolyot vuruldu, bu bizim xatirəmizdən çıxmayıb. Amma onlar Azərbaycan ərazisində bir helikopterin vurulmasına bu cür münasibət bildirdilər, hadisəni bu qədər şişirtdilər”,-deyə F.Mustafa əlavə edib.

Sevinc İltifatqızı


Teqlər:





Xəbər lenti