`Onlar şərləmə ilə məşğuldurlar`- Avropa Parlamentinə etiraz

`Onlar şərləmə ilə məşğuldurlar`- Avropa Parlamentinə etiraz
  28 Noyabr 2014    Oxunub:1860
“Deməli Avropada bir neçə müsəlman ölkələri var ki, Avropa diqqətini onlara qarşı yönəldib və onları şərləmə işləri ilə məşğuldurlar”.

AzVision.az xəbər verir ki, bu sözləri Milli Məclis sədri Oqtay Əsədov Avropa Parlamentinin prezidenti Martin Şultsun Avroparlamentin 26 noyabrda Strasburqda keçirilmiş plenar iclasında Azərbaycan ilə əlaqədar səsləndirdiyi fikirləri şərh edərkən deyib.

Spiker Sultsa cavab məktubu göndərdiyini bildirib.

“Parlament sədri kimi ona cavab yazdım, lakin ondan cavab gəlmədi. Onların heç aparatları yaxşı işləmir. Siyasi mədəniyyətləri yoxdur”.

O.Əsədovun sözlərinə görə, Avropa Parlamenti Azərbaycanda baş verən hadisələrə dərhal münasibət bildirməyin əvəzinə əvvəl öz daxilərində baş verənlərə baxsınlar:

“Mandatları çərçivəsində Avropa Ittifaqının daxilindəki dövlətlərə baxsınlar. Orda olan antispitizmə, diskriminasiyaya, miqrantlara olan münasibətə baxsınlar. Eyni zamanda başqa ölkələrdə polislərin apardığı qəddarlığa baxsınlar. Onların başqa işləri-gücləri yoxdur? Deməli Avropa ölkələrində bir neçə müsəlman ölkələri var ki, bütün diqqətlərini onlara qarşı yönəldib şərləmə işləri ilə məşğuldurlar. Onlar siyasi mədəniyyətdən başqa açıq yalan danışmaqla məşğuldurlar. Şults müraciət edib ki, parlament nümayəndə heyəti Leyla Yunus məsələsi ilə bağlı Azərbaycana gəlsin. Bu tam yalandır. Çünki nə Milli Məclisə, nə də Azərbaycan hökumətinə heç bir müraciət ünvanlamayıb. Bildiyimizə görə, hətta heç bir qrup tərtib edə bilməyiblər. Mötəbər tədbirdə belə bir ağ yalan demək heç bir siyasi xadimə nə hörmət gətirir. Ona görə də diqqətə çatdırmalıyam ki, necə münasibət görürüksə, elə də münasibət qaytarmalıyıq, soyuq münasibətə elə də cavab verməliyik. Biz hər dəfə çalışırıq ki, Avropa Parlamenti ilə əlaqələri yüksək səviyyədə quraq. Bizim ikitərəfli əməkdaşlıq təşkilatımız var. Deputatlarımız da tam sayda Avropaya gedirlər. Onlardan isə 2-3 nəfər toplantılara qatılırlar. Barmaqarası münasibətə elə barmaqarası münasibət bəsləməliyik”,-deyə spiker qeyd edib.

Sevinc İltifatqızı
AzVision.az



Teqlər:  





Xəbər lenti