Nazirlikdən “çürüyən zabit”lə bağlı şok AÇIQLAMA

Nazirlikdən “çürüyən zabit”lə bağlı şok AÇIQLAMA
  27 Noyabr 2014    Oxunub:7762
Kütləvi informasiya vasitələrində özünü guya “baş leytenant” və “Silahlı Qüvvələrin Xüsusi Təyinatlı Ordusunun (XTO) kəşfiyyatçısı” kimi təqdim edən Quliyev İlkin Hüseyn oğlu haqqında dərc edilən məlumatlara aydınlıq gətirmək məqsədilə bildiririk ki, bu şəxs 13.01.2007-ci il tarixində Füzuli Rayonu Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılıb və N saylı hərbi hissədə minaatan batareyasında əsgər kimi xidmət edib.
AzVision.az xəbər verir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat veriblər.

Sorğuya cavab olaraq qeyd edilib ki, İlkin Quliyev 10.04.2007-ci il tarixdən 27.06.2007-ci il tarixədək müxtəlif hərbi tibb müəssisələrinin psixiatriya bölmələrində “Şəxsi keyfiyyətlərinin aksentuasiyası. Sol saidin ön səthinin dərin çapıqları” diaqnozu ilə müalicə alıb.

O, Silahlı Qüvvələrin Baş Klinik Hospitalının psixiatriya bölməsində müalicə olunduğu zaman 26.05.2007-ci il tarixdə “Kəskin appendisit”ə görə cərrahi əməliyyat olunub və 27.06.2007-ci il tarixdə hospitaldan çıxarılaraq hərbi hissəsinə göndərilib.

İ.Quliyev 02.07.2007-ci il tarixdə təkrar Silahlı Qüvvələrin Baş Klinik Hospitalının psixiatriya bölməsinə qəbul olunub və 10.08.2007-ci il tarixdə Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasında şəhadətləndirilərək “Şəxsiyyətin orta dərəcəli oyanıq tip pozuntusu, özünü kəsmələrlə. Sol said nahiyəsində çox saylı kəsiklər. Sol bazunun kobud, bərkimiş dəri çapıqları” diaqnozu ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş “Hərbi həkim ekspertizası haqqında əsasnamə”nin 18“b” maddəsinin II qrafasına əsasən “sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı” hesab edilib və cəmi 8 ay xidmət etdikdən sonra ordu sıralarından ehtiyata buraxılıb:

“Hərbi hissədə cəmi dörd ay xidmət edən əsgər İlkin Quliyev heç bir xüsusi əməliyyata cəlb olunmayıb və güllə yarası almayıb.

2010-cu ildə Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun nəşinin düşmən tərəfindən geri alınması ilə bağlı tapşırığı icra edən hərbiçilərdən biri olması ilə bağlı yalan iddiasına gəlincə isə, onun xidmət etdiyi dövrlə M.İbrahimovun şəhid olması hadisəsi arasında 3 il zaman fərqini görməmək də mümkün deyil”.

Mətbuat xidməti KİV-in diqqətinə bir daha çatdırıb ki, bu kimi məlumatları ictimailəşdirməzdən əvvəl onların Müdafiə Nazirliyi ilə dəqiqləşdirilməsi zəruridir.

AzVision.az


Teqlər:  





Xəbər lenti