İlham Əliyev müraciət etdi

İlham Əliyev müraciət etdi
  26 Noyabr 2014    Oxunub:1343
“Hazırkı dövrdə sənaye siyasəti rəqabətqabiliyyətlilik, səmərəlilik və ekoloji təhlükəsizlik meyarlarına uyğun yüksək texnologiyaların tətbiqinə yönəlməli, elmi araşdırmalarla üzvi surətdə bağlı olmalı, müasir çağırışlara cavab verməli və yeni yanaşmalara əsaslanmalıdır”.

Bunu prezident İlham Əliyev “XXI əsrdə sənayeləşmə: Sənaye siyasətində əsas trendlər, müasir yanaşma və təcrübələr” mövzusunda Bakıda keçirilən Beynəlxalq Sənaye Konfransının iştirakçılarına müraciətində deyib.

Müraciəti iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev oxuyub.

İlham Əliyev bildirib: “Hörmətli konfrans iştirakçıları, sizi salamlayır və XXI əsrdə sənayeləşmə, sənaye siyasətində əsas trendlər, müasir yanaşma və təcrübə mövzusunda beynəlxalq konfransın öz işinə başlaması münasibətilə təbrik edirəm. Konfransınızın zəngin sənaye ənənələri ilə seçilən, böyük iqtisadi potensiala malik Azərbaycanda keçirilməsi təsadüfi deyil. Sürətlə modernləşən ölkəmizdə sənayenin inkişafına xüsusi diqqət yetirilir və 2014-cü il respublikamızda `Sənaye ili` elan edilmişdir.

Zamanın tələblərinə uyğun olaraq aparılan islahatlar, uğurla həyata keçirilən dövlət proqramları, genişmiqyaslı infrastruktur layihələri, biznes və investisiya mühitinin davamlı surətdə yaxşılaşdırılması, özəl sektora dövlət dəstəyi və siyasi, makroiqtisadi sabitlik ölkədə güclü sənayenin formalaşdırılması üçün əlverişli şərait yaradır”.

Dövlət başçısı vurğulayıb ki, iqtisadiyyatın şaxələndirilməsi indiki mərhələdə iqtisadi siyasətimizin prioritet istiqamətlərindəndir: “Bu vəzifənin reallaşdırılması sənayenin inkişaf etdirilməsini, bu sahədə qabaqcıl təcrübənin öyrənilməsi və tətbiqini tələb edir. Əminəm ki, konfransınız sənaye siyasətində əsas meyillərlə bağlı səmərəli fikir mübadiləsinin aparılmasına və yeni əməkdaşlıq əlaqələrinin qurulmasına təkan verəcəkdir”.

***
Noyabrın 26-da Bakıda “XXI əsrdə sənayeləşmə: Sənaye siyasətində əsas trendlər, müasir yanaşma və təcrübələr” mövzusunda Beynəlxalq sənaye konfransı işə başlayıb.

Açılış mərasimində çıxış edən Azərbaycan Respublikasının iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev 20 ölkədən 300-dən çox iştirakçının qatıldığı beynəlxalq konfransda müasir dövrdə sənaye siyasətinin yeni yanaşmalarının müzakirə olunacağını bildirdi. Nazir sənayenin Azərbaycan iqtisadiyyatının əsas prioritetlərindən biri olduğunu vurğulayaraq, Prezident İlham Əliyev tərəfindən 2014-cü ilin ölkəmizdə “Sənaye ili” elan olunduğunu xatırlatdı, iştirakçılara uğurlar arzuladı.

Konfrans işini digər çıxışlarla davam etdirir.

AzVision.az


Teqlər:  





Xəbər lenti