Əli Həsənov İranda çağırış etdi

Əli Həsənov İranda çağırış etdi
  26 Noyabr 2014    Oxunub:1258
Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Həsənov İran İslam Respublikasına səfəri çərçivəsində İran ilə Azərbaycan arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri, rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaizi ilə görüşüb.

AzVision.az-ın məlumatına görə, görüşdə qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi, ölkələrimiz arasındakı ticarət dövriyyəsinin əsaslı şəkildə artırılması, viza, gömrük sisteminin sadələşdirilməsi və digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Baş nazirin müavini bu günlərdə İranın Prezidenti Həsən Ruhaninin Azərbaycana rəsmi səfəri zamanı söylədiyi “Azərbaycan və İran xalqlarının tarixi əlaqələri böyük bir ağacın kökləri kimi dərinliklərə gedib çıxır və bunu qoparmaq mümkün deyil” fikrini xatırladaraq, diqqətə çatdırıb ki, qarşılıqlı səfərlər artdıqca ortaya çıxan problemlər də həllini tapır və əlaqələrimiz daha da yaxşılaşır.

Dövlət Komissiyasının fəaliyyətini yüksək qiymətləndirən Əli Həsənov hələ 2002-ci ildə İrana səfəri zamanı bu komissiyanın sabiq rəhbəri ilə görüşdüyünü və onunla olduqca vacib məsələlərin müzakirə edildiyini bildirib. Vurğulanıb ki, İran-İraq müharibəsi dövründə İran da qaçqınlar problemi ilə qarşılaşıb. Ona görə də İranın qaçqınlarla iş üzrə böyük təcrübəsi var və bu sahədə təcrübə mübadiləsinin aparılması faydalı olar.

Əli Həsənov müştərək komissiyada humanitar sahədə, həmçinin narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində də yaxından əməkdaşlığın zəruriliyini bildirib, bu iki məsələnin komissiyada müzakirəsini təklif edib.

Qeyd olunub ki, Ordubad-Marazad və Xudafərində “Qız Qalası” su elektrik stansiyalarının tikintisinin davam etdirilməsi də zəruridir.

Vurğulanıb ki, ölkələrimiz arasında ticarət dövriyyəsinin 500 milyon dollar həcmində olması qənaətbəxş deyil. Həm Azərbaycanın, həm də İranın iqtisadi və istehsal potensialı ölkələr arasındakı ticarət dövriyyəsinin həcminin dəfələrlə yüksəldilməsinə imkan verir. Tərəflər bu imkandan maksimum istifadə edərək dövriyyənin artırılmasına çalışmalıdırlar.

AzVision.az


Teqlər:





Xəbər lenti