“Böyük Oyun”a görə cəzalar açıqlandı

“Böyük Oyun”a görə cəzalar açıqlandı
  25 Noyabr 2014    Oxunub:1815
AFFA İntizam Komitəsi futbol üzrə Topaz Premyer Liqasının XIII turunun “Xəzər Lənkəran” - “Neftçi” matçında baş verənlərlə bağlı qərarlarını açıqlayıb.
AzVision.az-ın məlumatına görə, meydan sahibi qismində çıxış edən Lənkəran klubu 6000 manat, paytaxt komandası 6400 manat cərimələnib. Oyunun 45+2-ci dəqiqəsində “Xəzər Lənkəran” klubunun futbolçusu Sadio Tounkara aqressiv hərəkəti üzündən birbaşa qırmızı vərəqə alaraq meydanda kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb, klub 2000 manat cərimə olunub. 74-cü dəqiqədə “Xəzər Lənkəran”ın daha bir futbolçusu Əfran İsmayılov eyni səbəbdən meydanı tərk etməli olub. İsmayılov 2 oyun cəzalanıb, klub 2000 manat cərimələnib. Hər iki futbolçulara verilmiş cəzanın bir oyunu şərti cəza kimi tətbiq olunub və onlara 6 aylıq sınaq müddəti verilib. Sınaq dövründə futbolçu yenidən cəzalanacağı təqdirdə, sanksiyanın dayandırılmış hissəsi avtomatik bərpa olunacaq. 90+4-cü dəqiqədə “Xəzər Lənkəran” azarkeşləri tərəfindən meydana kənar əşya atıldığından, cənub klubu 2000 manat cərimələnib. Oyun ərzində 4-dən çox, daha dəqiqi, 5 futbolçusunun sarı vərəqə alması səbəbindən “Neftçi” 1000 manat cərimə olunub. 16-cı dəqiqədə qonaq komandanın qapıçısı Emil Balayev sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimələnib. 50-ci dəqiqədə “Neftçi”nin futbolçusu Elnur Allahverdiyev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırılıb. Oyun bitdikdən sonra isə o, AFFA, PFL və hakimi təhqir edib. Bu səbəbdən, Allahverdiyev 6 oyunluq cəzalanıb, klub 5200 manat cərimələnib.

Qeyd edək ki, "Xəzər Lənkəran" - "Neftçi" matçında qalib müəyyənləşməyib - 2:2.

AzVision.az



Teqlər:  





Xəbər lenti