`People in Need` Qarabağa səfərlər edib` - Vüqar Bayramov

`People in Need` Qarabağa səfərlər edib` - Vüqar Bayramov
  24 Noyabr 2014    Oxunub:1546
"Sərgi proqramın tərkib hissəsində olmadığı üçün idarə heyətinin bu barədə məlumatı yox idi. Mən idarə heyətinin formal həmsədri və Azərbaycan nümayəndə heyətinin sədri olsam da, bu barədə məlumatlı deyildim. Biz foruma gəldikdən sonra məlum oldu ki, konfrans zalının girəcəyində ölkəmizin əleyhinə həmin o stendlər düzülüb".

Bunu Aktual.az-a Gürcüstanın Batumi şəhərində Avropa Birliyi Şərq Tərəfdaşlığı proqramının təşkilatçılığı ilə keçirilən Vətəndaş Cəmiyyəti Forumunda Azərbaycan nümayəndə heyətinin rəhbəri Vüqar Bayramov baş vermiş qalmaqala münasibət bildirərkən deyib.

- Onu da deyim ki, hətta konfransın loqosundan əvvəl də bu şəkillər var idi. Həmin şəklin üzərində də çox arzuolunmaz sözlər yazılmışdı. Biz də təbii olaraq buna etiraz edib stendin yığışdırılmasını tələb etdik,- deyən V. Bayramov bildirib ki, insident baş verməmişdən öncə forumun həmsədri, eyni zamanda Azərbaycan nümayəndə heyətinin rəhbəri kimi digər həmsədrlərlə görüşüb:

- Nümayəndə heyətinə də bildirdim ki, bu məsələ ətrafında hər hansı bir qalmaqal yaratmasınlar, çünki məsələni danışıqlar yolu ilə həll etməyə çalşacağam. Mən özüm bütün uyğun tərəflərlə - həmsədr və katibliklə, sərgini təşkil edən insanlarla danışıqlar apardım. Mənə cavab olaraq həmsədr də bildirdi ki, stendin, xüsusən də sərginin yığışdırılması onların səlahiyyəti çərçivəsində deyil. Onlar belə əsas gətirdilər ki, informasiya azadlığı olduğuna görə hər hansı bir müdaxilə mümkünsüzdür. "People İn Need"in rəhbəri də qəti şəkildə bildirdi ki, heç bir stendi yığışdırmayacaqlar. Bundan sonra bizim nümayəndə heyətinin üzvləri sərt mövqe nümayiş etdirdilər".

Onun sözlərinə görə, yaranmış problem sərginin yalnız Azərbaycana aid olmasında idi: "Mən dəfələrlə idarə heyətinin yığıncaqlarında da həmsədr kimi bildirmişəm ki, ümumiyyətlə hər hansı bir ölkə ilə bağlı, sərgilər, tədbirlər bir ölkəni əhatə etməsin. Bir neçə ölkəni əhatə edən sərgilər təşkil olunsun və həmin tədbirdə siyasiləşdirilmədən hər bir ölkədə baş verən mövcud problemlər göstərilsin. Amma çox təəssüf ki, bu sərgi yalnız Azərbaycanla bağlı idi və başqa heç bir ölkəni əhatə etmirdi. Həm də nəzərə alsaq ki, ölkə rəhbərliyi haqqında arzuolunmaz sözlər yazılıb və bu aspektən də nümayəndə heyətinin sərt reaksiyasını başa düşmək olar. Çünki heç bir ölkənin nümayəndə heyəti istəməzdi ki, onun rəhbəri haqqında belə arzuolunmaz plakat yerləşdirilsin".

İqtisadçı alim "People İn Need"in ermənipərəst təşkilat olması ətrafında gəzən şayiələrə də münasibət bildirib: "Bu təşkilatı idarə heyətinin üzvü olduğumdan sonra tanımışam və bununla bağlı sadəcə iki faktı demək istəyirəm. Güman edirəm ki, bundan sonra siz və oxucular bundan nəticə çıxara bilərsiniz. Əvvəla, "People İn Need" Dağlıq Qarabağ ermənilərinin forumda iştirakına nümayəndə kimi qatılmasının tərəfdarı olan bir qurumdur. İdarə heyətinin yığıncaqlarında da onlar bunu dəfələrlə vurğulayıblar. İdarə heyətinin yığıncaqları barədə məlumat əldə etmək istəyənlər bizim forumun internet səhifəsinə daxil ola bilərlər. İkinci nüans isə "People İn Need"in rəhbərinin Dağlıq Qarabağa qanunsuz səfərləridir. O, özü də bunu dəfələrlə vurğulayıb. Rəsmi Azərbaycanın razılığı olmadan işğal altında olan ərazilərimizə səfər edən bu insanın qondarma rejimə simpatiyasını isə danmaq olmaz. Yəni bu iki fakta söykənərək oxucular qərar verə bilər ki, bu təşkilat ermənipərəstdir, ya yox".



Teqlər:





Xəbər lenti