Bu Maydan, bu şeytan: `Avromaydan`ın 1 ili – TƏHLİL

Bu Maydan, bu şeytan: `Avromaydan`ın 1 ili – TƏHLİL
  22 Noyabr 2014    Oxunub:3472
Düz bir il əvvəl – noyabrın 21-də Kiyevdə “Avromaydan” adlanan hadisələr başladı. Kiyevin “Azadlıq” meydanına toplaşanların əsas tələbi, yaxud daha dəqiq desək, bəhanəsi Ukraynanın Avropa Birliyi ilə Assosiasiya sazişi imzalaması idi. İndi bir il keçib, həmin saziş də imzalanıb, amma bu dövrdə Ukraynanın verdiyi dəhşətli itkilərə baxanda istər-istəməz ağla bu sual gəlir: dəyərdimi?

Gəlin, “bu meydan, bu şeytan” deyib, Ukraynanın 1 ildə nə qazanıb, nə itirdiyinə nəzər salaq.

Düzdür, başabəla Assosiasiya sazişi imzalandı, Ukrayna Qərbdən haradasa 8 milyard dollar kredit aldı, öz mallarını gömrük haqqı ödəmədən Avropa bazarına çıxarmaq imkanı qazandı. Amma əvəzində Rusiyadan artıq almağa başladı 15 milyard dollarlıq krediti itirdi. Ümumiyyətlə, indiyə qədər Ukrayna Rusiyadan müxtəlif formalarda 50 milyard dollar yardım almışdı. Üstəlik, `Avromaydan`dan sonra yeni Ukrayna hökumətinin götürdüyü xarici borcların miqdarı buna qədərki 20 ildə götürülən borclardan daha çoxdur.

Qazın min kubmetrinin qiyməti 268 dollardan 378 dollara qalxdı, yəni 110 dollar bahalaşdı. Halbuki, bütün Ukrayna iqtisadiyyatı Rusiyadan alınan ucuz qazın hesabına fəaliyyət göstərir və Avropa bazarına rəqabətə davamlı mallar çıxara bilirdi. Ucuz qaz olmayandan sonra Avropa bazarının qapıları Ukraynaya lap taybatay açılsa belə, bunun heç bir mənası olmayacaq.

Ölkənin iqtisadi-sosial həyatının bütün mexanizmləri dağılıb və dağılmaqdadır. Qrivnanın kursu düz iki dəfə düşdü: bir dollar 8 qrivnadan 16 qrivnaya qalxdı. Əhaliyə satılan qaz 73%, işıq 30%, istilik 98% bahalaşıb. Banklardan 45%-dən aşağı kredit götürmək mümkün deyil. Pensiya və sosial müavinətlərin artımı dondurulub, dövlət qulluqçularının əməkhaqları isə hətta azaldılıb.

Ən dəhşətli itkilər isə, əlbəttə, Krım və Donbassdır. Donbassda həm də çox böyük kömür ehtiyatları və sənaye potensialı cəmlənmışdi. Ona görə də, indiyə qədər xaricə kömür satan Ukrayna indi onu idxal etməyə məcburdur.

Məhv olan insan talelərini isə heç nə ilə müqayisə etmək olmaz. Kiyevdə `Avromaydan` hadisələri zamanı mart ayına qədər 115 nəfər, Odessada 2 may iğtişaşında 48 nəfər həlak olmuşdu. Ölkənin şərqində başlayan vətəndaş müharibəsi, BMT-nin məlumatlarına görə, 4132 insanın həyatına son qoyub. Müxtəlif rəqəmlərə görə, 1 milyondan 5 milyona qədər insan ev-eşiyindən qaçqın düşüb. Təkcə ölkə yox, həm də cəmiyyət faktik olaraq parçalanıb: prezident və parlament seçkilərinin hər ikisində səs hüququ olan 35 milyon insandan cəmi 17-18 milyonu, yəni yarısı iştirak etmişdi.

Bu bir ildə Ukraynada inkişaf edən yeganə sahə hərbi sənayedir. Hərbi məhsullar istehsal edən zavodlara dövlət sifarişləri artıb, dağılmış vəziyyətdə olan Ukrayna ordusu toparlanıb və səfərbər olub. Amma... öz vətəndaşlarını qırmaq üçün. Dəhşətlidir!

1 il əvvəl `Avromaydan`a toplaşanların ABŞ Dövlət Departamentinin ora baş çəkən rəsmi təmsilçisi Viktoriya Nulandın əlindən peçenye alıb yemələri çox simvolik idi. Açıq görünürdü ki, onları kim yemləyir. Yəqin, o zaman bu şirniyyatın necə acı dadacağının bilmirdilər. Amma “acı” yumşaq sözdür. İndi hər kəsə məlumdur ki, Meydan nədir, Şeytan kimdir. Nulandın peçenyesi isə Ukrayna xalqı üçün zəhərə çevrildi.

Tariyel Həsənov
AzVision.az




Teqlər:  





Xəbər lenti